Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəyi dəyişəcək?"
Bunu BiG.AZ-a açıqamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, əslində, burada müəllimin sinifdən çıxarılıb yerinə kompüter qoyulmasından söhbət getmir. Heç kim robotu sinfə gətirib "Uşaqlar, bu gündən müəlliminiz budur" deməyə hazırlaşmır. Məsələ daha dərindir:
"Əgər süni intellekt müəllimin hazırladığı dərsi, verdiyi tapşırığı, yoxladığı işi, tərtib etdiyi testləri, fərdi yanaşmanı və hətta şagirdin hansı mövzuda çətinlik çəkdiyini müəyyənləşdirmək imkanlarını dəyişirsə, deməli, müəllimin iş üsulu da dəyişməlidir.
Bu baxımdan "süni intellekt müəllimi əvəz etməyəcək" cümləsi bir qədər yarımçıq səslənir. Daha doğru sual budur: süni intellektdən istifadə edən müəllimlə ondan istifadə etməyən müəllim arasında sabah hansı fərq olacaq?
Texnologiya heç kimi birdən-birə işsiz qoymaya bilər. Amma texnologiyadan istifadə etməyən mütəxəssisi tədricən peşəkar rəqabətdə geridə qoya bilər.
Bir vaxtlar kalkulyatorun gəlməsindən də narahat idilər. Sonra kompüter, elektron jurnal və internet məktəblərə daxil oldu. Müəllimlər buna görə yoxa çıxmadılar. Əksinə, müəllimin işi dəyişdi.
İndi isə süni intellekt müəllimin qarşısında daha ciddi bir sual qoyur: şagird əzbərləməli olduğu məlumatı süni intellektdən bir neçə saniyə ərzində əldə edə bilirsə, müəllim ona nə öyrədəcək?
Məsələn, tarix dərsində müəllim müəyyən hadisənin tarixini izah edir. Şagird isə həmin anda süni intellekt vasitəsilə hadisənin tarixini, səbəblərini, nəticələrini, hətta müxtəlif tarixçilərin mövqelərini öyrənə bilir.
Belə vəziyyətdə müəllimin əsas funksiyası məlumatı şagirdin yaddaşına yükləməkdən daha çox, ona məlumatı seçməyi, yoxlamağı, müqayisə etməyi, təhlil etməyi və nəticə çıxarmağı öyrətmək olacaq.
Məhz burada müəllimin əsl gücü ortaya çıxır. Süni intellekt şagirdə cavab verə bilər, amma onun xarakterini formalaşdırmır. Şagirdin gözünün içinə baxıb onun niyə susduğunu, niyə özünə qapandığını və ya hansı sözə görə incidiyini hər zaman anlaya bilməz. Müəllim isə bunu görə bilər - əgər diqqət yetirirsə.
Ona görə də süni intellekt müəllimi əvəz etməyə bilər. Amma müəllimin bəzi ənənəvi funksiyalarını əvəz edə bilər. Məlumat toplamaq, mətn hazırlamaq, test tərtib etmək və müəyyən tip tapşırıqları yoxlamaq kimi işlərin böyük hissəsini maşın artıq daha sürətli yerinə yetirə bilir.
Bunu görməzlikdən gəlmək isə "müəllim əvəzolunmazdır" deməklə problemi həll etmir.
Ən maraqlısı da budur ki, süni intellekt bəlkə də müəllimi deyil, köhnə müəllimlik modelini əvəz edə bilər.
Sinfə girib dərsliyi açmaq, mətni danışmaq, şagirdə əzbərlətmək və daha sonra həmin əzbəri imtahanda yoxlamaq modeli getdikcə öz əhəmiyyətini itirir. Çünki süni intellekt dövründə şagird məlumatı müəllimdən əvvəl də tapa bilir.
Deməli, gələcəyin müəllimi süni intellektlə yarışan müəllim olmayacaq. Ondan istifadə etməyi bacaran müəllim olacaq. Süni intellekt müəllimin düşməni deyil, düzgün istifadə edildikdə onun ən güclü köməkçilərindən biri ola bilər.
Amma bunun üçün bir şərt var: müəllimin özü də öyrənməyə davam etməlidir. Çünki texnologiya artıq məktəbə daxil olub. İndi növbə məktəbin texnologiyanı necə idarə etməyi öyrənməsinə çatıb.
Və burada ən vacib məsələ ortaya çıxır: süni intellekt müəllimi əvəz etməyəcək. Amma süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimin işini bir gün həqiqətən çətinləşdirə bilər.
Məsələ məhz bundan ibarətdir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










