Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI
Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası"nda dövrün sonunadək 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi əsas hədəf kimi müyyən edilib.
"Bununla yanaşı, "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2026-cı il tarixli Fərmanına (bundan sonra - Fərman) əsasən, dövlət ümumi təhsil müəssisələrinin (bundan sonra - məktəb) maliyyələşdirilməsi 2026-2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Yeni yanaşmanın əsas məqsədi ayrılan dövlət vəsaiti ilə məktəbdə yaradılan təhsil imkanları arasında məqsədyönlü əlaqə qurmaq və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu yanaşmada maliyyələşmənin mərkəzində şagird və onun təhsil ehtiyacları dayanır. Bu məqsədlə cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində mexanizmin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb",- deyə bildirilib.
Xatırladaq ki, Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq. Bununla bağlı Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, adambaşına maliyyələşmə sisteminə keçiddən sonra növbəti dövrdə hər bir təhsil müəssisəsinə dövlət büdcəsindən konkret olaraq şagird sayına uyğun maliyyə vəsaiti ayrılacaq:
"Əvvəlki dövrdə məktəbdə 20 şagirdin, yoxsa 500-1000 şagirdin təhsil almasından asılı olmayaraq maliyyələşmə eyni qaydada aparılırdı. İndi isə maliyyələşmə adambaşına - birbaşa şagird sayına əsasən həyata keçiriləcək. Bu addım məktəblərin özünü inkişaf etdirməsi, rəqabətə qoşulması və sağlam rəqabət mühitinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir".
Müsahibimiz qeyd edib ki, məlum olduğu kimi, xüsusilə bölgələrdə şagird sayı ilə bağlı ciddi problemlər mövcuddur:
"Elə siniflər var ki, orada cəmi 1, 2 və ya 3 şagird təhsil alır. Həmin azsaylı şagirdin maliyyələşməsinə ayrılan vəsait paytaxt və ya iri şəhər/rayon mərkəzlərindəki 20-25 şagirdin maliyyələşməsi ilə eynilik təşkil edirdi. Yəni 1-3 şagirdə ayrılan büdcə 20-25 şagirdlik bir sinfin xərclərinə bərabər olurdu.
Məhz bu səbəbdən adambaşına maliyyələşmə modeli çərçivəsində müəyyən optimallaşdırma və rasionallaşdırma tədbirləri görüləcək".
Elçin Əfəndinin sözlərinə görə, bir sinifdə 1-2 şagirdi olan azkomplektli məktəblər böyük ehtimalla distant (məsafədən) təhsilə yönləndiriləcək:
"Distant təhsil şagirdlərin konkret fənlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməsi baxımından böyük üstünlüklərə malikdir. İndiyədək azsaylı şagirdi olan kəndlərdə müəllimlərin dərslərə vaxtında gəlib-getməsində çətinliklər yaşanırdısa, bundan sonra məsafədən təhsil vasitəsilə keyfiyyətli təhsilin əlçatanlığı tam təmin olunacaq".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










