Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digər sənədlərlə kifayətlənir. Lakin son nəticədə onun əldə etmək istədiyi əsas sənəd dövlət reyestrindən çıxarışdır. Çünki çıxarış əmlak üzərində hüququn dövlət tərəfindən tanındığını və qeydiyyata alındığını təsdiq edən əsas sənədlərdən biridir:
"Burada ilk növbədə binanın özünün hüquqi statusunun qaydasında olması vacibdir. Məsələn, binanın tikintisi üçün hüquqi əsaslar, torpaq sahəsinə dair hüquqlar, tikintinin qanuniliyini təsdiq edən sənədlər, binanın istismara qəbul edilməsi və digər hüquqi-texniki məsələlər həllini tapmalıdır.
Əgər binanın sənədlərində problem varsa, vətəndaş öz mənzilinin pulunu tam ödəsə belə, çıxarışın alınması mərhələsində çətinliklərlə üzləşə bilər.
Ən ciddi problemlərdən biri də budur ki, vətəndaş mənzil alarkən binanın hüquqi vəziyyətinin bütün detallarını yoxlamaq imkanına hər zaman malik olmur. O, müqaviləni imzalayır, pulunu ödəyir və sənədləşmənin sonradan həll olunacağını düşünür.
Lakin sonradan məlum olur ki, məsələ yalnız mənzilin sənədləri ilə deyil, bütün binanın hüquqi və texniki statusu ilə bağlıdır.
Əmlak alarkən vətəndaş üçün ən vacib məsələ hüquqi təhlükəsizlik olmalıdır. İnsan mənzil alarkən yalnız onun sahəsi və qiyməti barədə düşünməməlidir. O, eyni zamanda aşağıdakı məsələləri də bilməlidir:
torpaq sahəsinin hüquqi statusu nədir;
tikintinin hüquqi əsası varmı;
bina istismara qəbul edilibmi;
MTK-nın mənzil üzərində hüququ hansı sənədlərlə təsdiqlənir;
alıcıya hansı sənəd təqdim olunacaq;
çıxarışın alınması üçün hansı mərhələlərdən keçmək lazımdır.
Bu məlumatlar vətəndaşa mənzili almamışdan əvvəl aydın və şəffaf şəkildə təqdim edilmirsə, risk faktiki olaraq alıcının üzərinə keçir.
Mənzil bazarında burada üç əsas problem xüsusilə diqqət çəkir.
Birincisi - sənədlərin çoxluğu və prosesin mürəkkəbliyidir.
Vətəndaş mənzilin sənədləşdirilməsi üçün hansı sənədin kimdən alınacağını, hansı quruma müraciət edilməli olduğunu və sənədlərin bir-biri ilə necə əlaqəli olduğunu bəzən müəyyənləşdirməkdə çətinlik çəkir.
İkincisi - tikilinin hüquqi statusu ilə mənzilin hüquqi statusunun bir-birindən asılı olmasıdır.
Vətəndaş mənzilin pulunu tam ödəsə də, binanın ümumi hüquqi statusunda problem varsa, bu problem onun mənzilinin dövlət qeydiyyatına alınmasına da təsir göstərə bilər.
Üçüncüsü - məsuliyyətin vətəndaş üçün kifayət qədər aydın olmamasıdır.
Əgər vətəndaş mənzil alıb, lakin illər sonra belə çıxarış əldə edə bilmirsə, qarşısında haqlı olaraq sadə bir sual yaranır: "Mən pulumu ödəmişəmsə, niyə mülkiyyət hüququmu tam rəsmiləşdirə bilmirəm?"
Bu sualın cavabı vətəndaşa mənzil satılarkən, yəni prosesin ən əvvəlində aydın şəkildə verilməlidir.
Problemin həlli üçün əsas prinsip belə olmalıdır: vətəndaş mənzili almamışdan əvvəl həmin əmlakın hüquqi vəziyyəti barədə mümkün qədər tam və anlaşılan məlumat əldə edə bilməlidir.
Bunun üçün elektron məlumat bazalarının şəffaflığının artırılması, tikinti obyektlərinin hüquqi statusunun daha əlçatan formada yoxlanılması və alıcıya təqdim olunan sənədlərin standartlaşdırılması mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, vətəndaşın mənzil üçün ödədiyi vəsaitlə həmin mənzil üzərində hüququnun rəsmiləşdirilməsi arasında illərlə davam edən qeyri-müəyyənlik olmamalıdır.
Çünki daşınmaz əmlak bazarında əsas məsələ yalnız ev tikmək və onu satmaq deyil. Əsas məsələ vətəndaşa hüquqi baxımdan təhlükəsiz əmlak təqdim etməkdir.
İnsan mənzil alarkən təkcə divar və kvadratmetr almır. O, həmin əmlak üzərində hüquqi təminat da almalıdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










