Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib.
Bu barədə "Bloomberg" agentliyi yazıb.
Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyində islahatlar apardı və biznes üçün vergiləri azaltdı, bundan sonra iqtisadiyyat 2 %-dən çox artdı, işsizlik və büdcə kəsiri isə azaldı.
Qeyd olunub ki, 2018-ci ildə yanacaq vergilərini artırmaq planları "sarı jiletlilər"in kütləvi etirazlarına səbəb olub. Sosial gərginliyi azaltmaq üçün hökumət vergi güzəştlərinə və əlavə ödənişlərə 10 milyard avrodan çox vəsait yönəldib.
COVID-19 pandemiyası və enerji böhranı zamanı dövlətin xərcləri kəskin şəkildə artıb. Fransanın Hesablama Palatasının qiymətləndirməsinə görə, 2020-2022-ci illərdə böhrana qarşı tədbirlər və iqtisadi stimullaşdırma təxminən 190 milyard avroya başa gəlib, enerji böhranının nəticələrinin aradan qaldırılması üçün isə əlavə olaraq təxminən 72 milyard avro tələb olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Fransa tarixində Emmanuel Makron bütün siyasi və geostrateji məsələlərə operativ münasibət bildirən, müdaxilə edən aktiv bir prezident kimi tanınacaq:
"Ancaq bütün sahələr üzrə - Fransa iqtisadiyyatı, daxili siyasəti, cəmiyyətdəki konsolidasiya və geosiyaəti tamamilə uğursuzluğa düçar olub. Xüsusilə də ard-arda iki parlament seçkilərindən sonra Makronun rəhbərlik etdiyi siyasi partiyanın parlamentdə çoxluğu itirməsi, əlbəttə ki, onun rəhbərlik etdiyi hakimiyyətin və hökumətin müəyyən mənada parçalanmasına və zəifləməsinə gətirib çıxardı. Zaman-zaman "ziqzaqlardan" ibarət bir Makron siyasəti müşahidə olundu ki, bu ziqzaqlar da bəzən ciddi sosial təlatümlərlə üzləşdi. "Sarı jiletlilər" üsyanında dövlətlə cəmiyyət arasında çox ciddi bir qarşıdurma mövcud idi. İnsanlar küçələrdə kütləvi şəkildə döyüldü, həbs olundu, hətta öldürüldü; qolunu, qıçını, gözünü itirənlər belə oldu. O dönəm insan hüquqları adına Fransada bəlkə də en biabırçı bir dövr idi. Bu gün də dünənkindən o qədər də fərqlənmir; yenidən sosial etirazlar başlayıb. Bu dəfə gənclər, hətta məktəblilər belə küçələrə çıxıblar. Təsəvvür edin ki, 400-dən yuxarı məktəb tamamilə fəaliyyətini dayandırıb. Kütləvi bir etiraz nümayiş olunur və bu etiraz Makron hakimiyyətinə qarşıdır".
Politoloq əlavə edib ki, Makron hakimiyyəti dövründə hökumətlərin tez-tez "əl dəyişdirməsi" rəqəm baxımından hər kəsin yadından çıxıb:
"Bir neçə dəfə parlamentdə Makron hökumətinə, yəni baş nazirinə qarşı etimadsızlıq göstərilib. Makron Fransa siyasətində elə bir vəziyyət yaratdı ki, bu gün Rusiya casusları olan Lö Pen kimi siyasetçilər alternativ olaraq Fransa siyasətində və ictimaiyyətində daha böyük nüfuza malik olublar. Bu da həm Fransanın Avropa İttifaqındakı mövqeyi, həm də gələcəyi baxımından çox ciddi potensial təhlükələr vəd edir. Bütün bunların əsas günahkarı Makrondur. Bunlar Fransanın daxili məsələləridir. Bir də Fransanın ölkə xaricindəki geosiyasəti var. Fransanın Liviyadan tutmuş Şərqi Aralıq dənizinə qədər, o cümlədən Cənubi Kipr və Yunanıstanla bağlı anti-Türkiyə razılaşmaları və siyasəti oldu. O cümlədən Suriyada da Fransanın anti-Türkiyə fəaliyyətini müşahidə etdik. Ancak nəticə etibarilə bütün bu geosiyasət fiyasko ilə nəticələndi. Afrikada ard-arda bir neçə ölkədən Fransa qovularaq çıxarıldı. Bu boş yerləri tədricən digər güclər, o cümlədən Rusiya tutmağa başladı. Bütün bunlar Makron siyasətinin ciddi məğlubiyyəti və Fransanın gücsüzlüyünü ortaya qoyan məsələlərdir. Ona görə də Fransanı Makrondan sonra toparlamaq çox çətin olacaq".
Müsahibimiz vurğulayıb ki, əvvəlki Avropa İttifaqında iqtisadi cəhətdən iki güclü dominant ölkədən biri olan Fransa bu gün çox sürətlə iqtisadi qüdrətini itirməkdədir:
"Büdcə kəsiri azalmaq əvəzinə getdikcə artır, dövlət borcu dəfələrlə böyüyür. Bu da Makronun ardıcıl və davamlı bir siyasətçi olmadığını göstərir. Çünki siyasət ardıcıllıq və davamlılıq tələb edir ki, bu da Makronda müşahidə olunmur".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










