Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi iqtisadi siyasətin ayrıca istiqaməti olmaqdan çıxaraq milli təhlükəsizlik, xarici siyasət və geosiyasi təsir imkanları ilə sıx bağlı olan strateji amilə çevrilib.

"Son illərdə dünyanın müxtəlif regionlarında hərbi-siyasi qarşıdurmaların genişlənməsi, ənənəvi təchizat zəncirlərində yaranan fasilələr, enerji marşrutlarının təhlükəsizliyi ilə bağlı risklər və iri iqtisadiyyatların alternativ mənbələr axtarışı qlobal enerji arxitekturasını əhəmiyyətli şəkildə dəyişdirir. Burada mühüm məqam yalnız enerjiyə tələbatın artması deyil. Daha mühüm tendensiya etibarlı mənbədən, proqnozlaşdırılan tərəfdaşdan və təhlükəsiz marşrutlardan enerji əldə edilməsinə olan tələbin yüksəlməsidir. Məhz bu dəyişiklik Azərbaycanın geoiqtisadi əhəmiyyətini əvvəlki dövrlərlə müqayisədə daha da artırır", - deyə deputat bildirib.

R.Muradov qeyd edib ki, Azərbaycanın üstünlüyü yalnız zəngin enerji ehtiyatlarına malik olması ilə məhdudlaşmır: əsas üstünlük hasilat, emal, ixrac, tranzit infrastrukturu və müxtəlif bazarlara çıxış imkanlarının vahid sistemdə birləşdirilməsidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edən ölkələrdən biri olduğu vurğulanıb. Geosiyasi qarşıdurmaların davam etdiyi şəraitdə Azərbaycan qazına və digər enerji məhsullarına tələbatın artacağı da qeyd olunub.

"Bu baxımdan Azərbaycanın enerji siyasətinin əsas nəticəsi yalnız ixrac həcmlərinin artması deyil. Ölkə enerji resurslarını beynəlxalq bazarlara çıxaran infrastrukturun, uzunmüddətli müqavilələrin və müxtəlif istiqamətlər üzrə enerji bağlantılarının formalaşdırılmasına nail olub. Bu isə enerji resurslarının iqtisadi əhəmiyyəti ilə yanaşı, Azərbaycanın beynəlxalq enerji sistemində rolunu da gücləndirir", - deputat vurğulayıb.

Rəqəmlər də Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini göstərir. Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 33,4 milyard kubmetr təbii qaz hasil edilib. Həmin dövrdə xaricə 16,4 milyard kubmetr qaz ixrac olunub. İxracın 5,9 milyard kubmetri Avropanın, 7,5 milyard kubmetri Türkiyənin, 1 milyard kubmetri isə Suriyanın payına düşüb.

2025-ci ildə isə Azərbaycan və SOCAR tərəfindən Avropa İttifaqına 12,5 milyard kubmetr təbii qaz tədarük edilib. Bu, 2021-ci illə müqayisədə 53,8 % çoxdur. Azərbaycan qazının Almaniya və Avstriyaya ixracına 2026-cı ilin yanvarından başlanması da Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropadakı coğrafiyasının genişləndiyini göstərir.

"Burada Cənub Qaz Dəhlizinin rolu xüsusilə böyükdür. Təxminən 3 500 kilometr uzunluğunda olan bu infrastruktur Xəzər hövzəsini Türkiyə və Avropa bazarları ilə birləşdirir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından bu dəhliz sadəcə nəqliyyat infrastrukturu deyil, ölkənin enerji siyasətinin əsas strateji dayaqlarından biridir. Avropa İttifaqı da Azərbaycan qazının enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsində rolunu açıq şəkildə qeyd edir", - R.Muradov deyib.

Deputat hesab edir ki, müasir geosiyasətdə enerji resurslarının siyasi və iqtisadi çəkisini müəyyən edən əsas amil həm ehtiyatların həcmi, həm də həmin resursların bazarlara hansı sabitliklə və hansı infrastruktur vasitəsilə çatdırılmasıdır.

"Yerin altında olan enerji ehtiyatı potensialdır. Onu geoiqtisadi kapitala çevirən isə infrastruktur, uzunmüddətli müqavilələr, investisiyalar, tərəfdaşlarla etibarlı münasibətlər və alternativ bazarlara çıxış imkanlarıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi enerji layihələri bu baxımdan ölkənin resurs üstünlüyünü daha geniş geoiqtisadi üstünlüyə çevirmək imkanlarını artırıb", - deyə o bildirib.

R.Muradovun sözlərinə görə, enerji amilinin siyasi çəkisi də məhz bu qarşılıqlı asılılıqdan formalaşır. Azərbaycan üçün əsas məsələ enerjidən təzyiq vasitəsi kimi istifadə etmək deyil, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq sistemi yaratmaqdır.

"Azərbaycanla enerji əməkdaşlığı tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin bir hissəsinə çevrildikcə qarşılıqlı iqtisadi maraqlar dərinləşir. Bu isə enerji diplomatiyasının daha dayanıqlı modelini formalaşdırır. Belə model Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir, yeni əməkdaşlıq platformaları yaradır və ölkənin regional proseslərdə rolunu artırır", - deputat qeyd edib.

O bildirib ki, enerji ixracının iqtisadi əhəmiyyəti də yalnız valyuta gəlirlərinin formalaşması ilə ölçülməməlidir. Enerji gəlirləri infrastrukturun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyalar və gələcək nəsillər üçün maliyyə ehtiyatlarının yaradılması baxımından da əhəmiyyətlidir.

"Digər tərəfdən, enerji ixracatçısı üçün əsas uzunmüddətli çağırışlar da mövcuddur. Dünya enerji qiymətlərinin dəyişkənliyi və qlobal enerji keçidi karbohidrogenlərdən əldə olunan gəlirlərin gələcəkdə iqtisadi artımın yeganə dayağı kimi nəzərdən keçirilməsini məhdudlaşdırır. Buna görə enerji üstünlüyünün dayanıqlı iqtisadi üstünlüyə çevrilməsi üçün əldə olunan gəlirlərin yeni istehsal sahələrinə, qeyri-neft sektoruna, texnologiyalara və ixrac potensialına yönəldilməsi vacibdir", - R.Muradov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yeni enerji strategiyasının digər mühüm xüsusiyyəti ənənəvi enerji ilə bərpaolunan enerjinin bir-birinə alternativ kimi deyil, vahid sistemin komponentləri kimi inkişaf etdirilməsidir.

"Azərbaycan enerji keçidinə yalnız karbohidrogen ixracatçısı kimi daxil olmur. Ölkə eyni zamanda Xəzərin külək potensialından istifadə etməyə, günəş və külək enerjisi layihələrini genişləndirməyə, elektrik şəbəkələrini modernləşdirməyə və regional yaşıl enerji dəhlizləri yaratmağa çalışır. 2032-ci ilədək təxminən 8 QVt bərpaolunan enerji gücünün yaradılması planı bu strategiyanın miqyasını göstərir", - deyə deputat vurğulayıb.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması üzərində də işləyir. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə ümumi ötürmə gücünün 4 QVt olması nəzərdə tutulur. Bundan başqa, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə də işlər davam etdirilir.

Bu proses Azərbaycanın enerji sistemində rolunun tədricən dəyişməsinə səbəb olur. Əvvəlki mərhələdə ölkənin əsas funksiyası Xəzər hövzəsində hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması idisə, yeni mərhələdə enerji istehsalı, emalı, tranziti, elektrik enerjisi ixracı və regional bağlantıların inkişafı paralel istiqamətlərə çevrilir.

"Bu gün Azərbaycanın enerji xəritəsində neft və qazla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, enerji saxlanc sistemləri, regional interkonnektorlar və yaşıl enerji dəhlizləri də mühüm yer tutur. Beləliklə, ölkənin enerji siyasəti təkcə ixrac modelindən regional enerji əlaqələndiricisi modelinə doğru transformasiya olunur", - R.Muradov bildirib.

Onun fikrincə, Azərbaycan üçün növbəti mərhələnin əsas vəzifəsi mövcud enerji üstünlüklərini daha geniş və dayanıqlı iqtisadi imkanlara çevirməkdir.

"Karbohidrogen ehtiyatları, yeni qaz layihələri, mövcud enerji infrastrukturu, bərpaolunan enerji, elektrik bağlantıları, tranzit imkanları və iqtisadi şaxələndirmə vahid strategiya çərçivəsində inkişaf etdirilərsə, Azərbaycanın enerji sahəsində əldə etdiyi üstünlük daha uzunmüddətli xarakter daşıya bilər. Bu halda enerji Azərbaycan üçün yalnız ixrac məhsulu və gəlir mənbəyi funksiyası daşımayacaq, iqtisadi inkişafı, beynəlxalq tərəfdaşlıqları və regional enerji təhlükəsizliyini dəstəkləyən strateji kapital rolunu oynayacaq", - deputat əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 322   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11.10.2026 175
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

11.10.2026 171
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11.10.2026 160
.

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş

11.10.2026 141
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11.10.2026 88
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11.10.2026 150
.

Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində

11.10.2026 181
.

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"

11.10.2026 168
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11.10.2026 167
.