ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaların aradan qaldırılması və dondurulan aktivlərinin açılması ilə əlaqələndirir.
Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:
ABŞ Prezidenti Donald Tramp müharibənin "çox tezliklə" başa çatacağını və ölkəsinin "bu və ya digər şəkildə" qalib gələcəyini bildirib. Tehran isə təslim olmayacağını açıqlayıb. Sərt bəyanatlarla yanaşı, Qətər və digər regional vasitəçilər mümkün razılaşma üzərində işləyirlər. Lakin indiyədək əldə edilən atəşkəs razılaşmalarının qısa müddətdə pozulması yeni razılaşmaya olan inamı zəiflədir.
Dünyanın enerji damarı
Hörmüz boğazı İranla Oman arasında yerləşən, ən dar hissəsi təxminən 33 kilometr olan strateji su yoludur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, münaqişədən əvvəl buradan gündə orta hesabla 20 milyon barelə yaxın neft və neft məhsulu daşınırdı. Bu, dəniz yolu ilə həyata keçirilən qlobal neft ticarətinin təxminən dörddəbirinə bərabərdir. Dünya mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi də əsasən Qətərdən çıxaraq həmin marşrutdan keçirdi.
Hazırda boğaz tam bağlanmasa da, gəmi hərəkəti əvvəlki səviyyədən aşağıdır. Tankerlərə hücumlar, sığorta xərclərinin artması və təhlükəsizlik riski daşımaları bahalaşdırıb. Bəzi günlərdə boğazdan keçən yük gəmilərinin sayı kəskin azalıb. Neftin bir gəmidən digərinə köçürülməsi və alternativ limanlardan istifadə isə əlavə vaxt və xərc yaradır.
Brent markalı neftin qiyməti artıq 106 dolları keçib. Gərginlik davam edərsə, qiymətin 120 dollara, boğazın tam bağlanması halında isə 150 dolların üzərinə çıxması ehtimalı müzakirə olunur. Uzunmüddətli bağlanma zamanı daha yüksək qiymətlər də istisna edilmir.
Benzindən çörəyə qədər hər şey bahalaşa bilər
Hörmüz böhranının təsiri yalnız yanacaqdoldurma məntəqələrində hiss olunmayacaq. Neft və qazın bahalaşması nəqliyyat, aviasiya, elektrik enerjisi, gübrə, ərzaq və sənaye istehsalının maya dəyərini artıracaq. Daşıma xərclərinin yüksəlməsi mağazalardakı malların qiymətinə də keçəcək.
Avropa və Asiya arasında Qətər qazı uğrunda rəqabət güclənə bilər. Xüsusilə qış aylarında qaz çatışmazlığı elektrik enerjisinin bahalaşmasına səbəb ola bilər. Mərkəzi banklar inflyasiyanın qarşısını almaq üçün faizləri yüksək səviyyədə saxlaya, bu isə kreditləri bahalaşdıraraq iqtisadi artımı zəiflədə bilər. Beləliklə, Hörmüzdə baş verən hərbi hadisə qısa müddətdə dünya üzrə ailə büdcələrinə təsir edə bilər.
Azərbaycan üçün qazanc, yoxsa risk?
Neftin bahalaşması ilk baxışdan Azərbaycan üçün əlverişlidir. Dövlət büdcəsinin 2026-cı il gəlirlərinin 43 faizi neft-qaz sektorunun payına düşür. Yüksək qiymətlər ixrac gəlirlərini və Dövlət Neft Fondunun daxilolmalarını artıra bilər.
Azərbaycan nefti Hörmüz boğazından keçmir. "Azeri Light" əsasən Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə çıxarılır. Azərbaycan qazı da Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropaya çatdırılır. Körfəzdəki böhran bu alternativ marşrutların və Azərbaycanın enerji təhlükəsizliyindəki əhəmiyyətini daha da artırır. TAP-ın 2026-cı ildə əlavə 1,2 milyard kubmetr ötürmə gücü əldə etməsi də ölkənin mövqeyini gücləndirir.
Amma yüksək neft qiyməti yalnız qazanc demək deyil. Qlobal inflyasiya Azərbaycana idxal olunan ərzaq, dərman, texnika və xammalın qiymətini artıra bilər. Asiyadan gələn yüklərin sığorta və daşınma xərclərinin yüksəlməsi daxili bazarda bahalaşmanı sürətləndirə bilər. Dünya iqtisadiyyatının zəifləməsi isə sonrakı mərhələdə enerji tələbatını azalda bilər.
Hörmüzün tam bağlanması buna görə təkcə İranla ABŞ arasında qarşıdurma olmayacaq. Bu, neftdən ərzağa, kredit faizlərindən dövlət büdcələrinə qədər bütün dünyanı silkələyəcək qlobal iqtisadi zəlzələyə çevrilə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş






