Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putinin Hindistana səfərini şərh edərək səfərin Rusiya-Hindistan münasibətlərində mühüm mesajlar verdiyini bildirib:
"Rusiya Prezidenti Vladimir Putinin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri başlayıb. Maraqlıdır ki, bu səfər iki liderin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsindəki görüşündən cəmi bir neçə gün sonra reallaşıb. Düşünürəm ki, Vladimir Putinin Hindistana səfərini yalnız BRICS sammitində iştirak çərçivəsində deyil, həm də Rusiya-Hindistan münasibətlərinin hazırkı beynəlxalq proseslər fonunda xüsusi əhəmiyyət daşıdığı istiqamətində dəyərləndirmək lazımdır. Fikrimcə, burada əsas məqam Hindistanın öz çoxvektorlu xarici siyasətini davam etdirməsidir. Yeni Dehli bir tərəfdən ABŞ və Qərb ölkələri ilə münasibətlərini inkişaf etdirir, digər tərəfdən isə Rusiya ilə uzun illər ərzində formalaşan strateji, enerji və müdafiə əlaqələrini qoruyur. Putinin səfəri də bu balans siyasətinin davamı kimi qiymətləndirilə bilər"
Politoloq Modi və Putinin danışıqlarında ticarət, enerji və müdafiə kimi sahələrin də müzakirəsinə diqqət çəkib. O bildirib ki, bu münasibətlər yalnız ənənəvi hərbi əməkdaşlıqdan ibarət deyil, eyni zamanda iqtisadi və texnoloji istiqamətlərin də getdikcə ön plana çıxdığını göstərir:
"Burada enerji məsələsi də xüsusi diqqət çəkir. Hindistan Rusiya neftinin əsas alıcılarından biri olaraq qalır və bu, Moskva üçün mühüm iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, Hindistan üçün əsas prioritet enerji təhlükəsizliyi və münasib qiymətə enerji resurslarının təmin edilməsidir. Bu baxımdan, tərəflərin əməkdaşlığında qarşılıqlı iqtisadi maraqlar mühüm rol oynayır" .
Şərhçinin sözlərinə görə, digər mühüm məsələ Rusiya-Ukrayna müharibəsidir. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda Hindistanın Moskvaya münasibəti və münaqişənin həlli ilə bağlı mövqeyi də xüsusi diqqət çəkir:
"Hindistan baş naziri Modi Bişkekdə Putinlə görüşündə də müharibənin başa çatdırılmasının vacibliyini vurğulamışdı. Buna görə də Dehli Moskva ilə münasibətlərini qorumaqla yanaşı, özünü mümkün sülh prosesində vasitəçi və ya diplomatik tərəfdaş kimi təqdim etməkdə maraqlıdır. Putinin səfərinin digər mühüm tərəfi isə BRICS-in transformasiyası ilə bağlıdır. Hazırda təşkilat əvvəlki dövrlə müqayisədə daha geniş coğrafiyanı əhatə edir və dünya əhalisinin, enerji resurslarının və iqtisadi potensialın əhəmiyyətli hissəsini özündə birləşdirir. Bu baxımdan, Putin-Modi görüşü dəyişən dünya düzənində hər iki ölkənin öz maraqlarını qorumaq və manevr imkanlarını genişləndirmək cəhdidir. Hesab edirəm ki, Putinin Hindistana səfərini üç əsas istiqamətdə dəyərləndirmək lazımdır. Rusiya-Hindistan strateji və iqtisadi əlaqələrinin qorunması, BRICS-in yeni qlobal sistemdə rolunun gücləndirilməsi və Rusiya-Ukrayna müharibəsi fonunda diplomatik kanalların açıq saxlanılması" .
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










