Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri yalnız iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun növbəti mərhələsi deyil, eyni zamanda Azərbaycan və Özbəkistanın münasibətlərini uzunmüddətli strateji perspektivdə müəyyən edən mühüm qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Səfər çərçivəsində iki dövlət başçısı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"ni imzaladılar. Bununla yanaşı, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı və iqtisadi, humanitar, sosial və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalandı.

Bu hadisələrin hər birinə ayrı-ayrılıqda deyil, bütöv şəkildə yanaşdıqda 23 avqust səfərinin əhəmiyyəti daha aydın görünür. Burada söhbət yalnız diplomatik protokoldan və qarşılıqlı səfərlərdən getmir. Əsas məsələ Azərbaycan və Özbəkistanın münasibətlərinin siyasi etimaddan institusional müttəfiqliyə, tarixi-mədəni yaxınlıqdan konkret iqtisadi layihələrə doğru inkişaf etdirilməsidir.

.
Dövlət səfərinin siyasi mesajı

Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub. Azərbaycan dövlət başçısı Daşkənddə yüksək səviyyədə qarşılanıb və səfər proqramı çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü, Ali Dövlətlərarası Şuranın üçüncü iclası və geniş tərkibdə danışıqlar keçirilib.
Səfərin dövlət səfəri formatında keçirilməsi özü də siyasi münasibətlərin səviyyəsinə dair mühüm mesajdır. Belə səfərlər adətən dövlətlərarası münasibətlərin strateji xarakter daşıdığı, tərəflərin uzunmüddətli əməkdaşlıq gündəliyinə malik olduğu və qarşılıqlı siyasi etimadın yüksək səviyyədə formalaşdığı şəraitdə xüsusi əhəmiyyət qazanır.
Prezidentlərin çıxışlarında da bu yanaşma açıq şəkildə öz əksini tapıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfəri tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirib və sammitin əsas nəticəsi kimi Əbədi Dostluq haqqında Müqavilənin imzalanmasını xüsusi vurğulayıb.

Azərbaycan Prezidentinin mövqeyində isə münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması, əldə edilmiş razılaşmaların real layihələr və konkret nəticələrlə müşayiət olunması xətti diqqəti cəlb edir. Bu, Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələsinin əsas xüsusiyyətlərindən biridir.

"Əbədi dostluq haqqında Müqavilə" - siyasi münasibətlərin yeni hüquqi çərçivəsi

23 avqustun ən mühüm hadisəsi şübhəsiz ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasıdır.
Bu sənədin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan münasibətlərində artıq mövcud olan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri daha fundamental və uzunmüddətli siyasi-hüquqi çərçivəyə salınır.
Müqavilə beynəlxalq hüququn tanınmış prinsiplərinə əsaslanaraq dövlətlərin qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi istiqamətində iradəsini təsbit edir.

Burada mühüm məqam: "əbədi dostluq" anlayışı sadəcə emosional və siyasi ifadə deyil, gələcək nəsillər üçün münasibətlərin davamlılığını vurğulayan strateji siyasi mesajdır.

Azərbaycan və Özbəkistanın ortaq tarixi, türk dünyasına mənsubluq, dil və mədəniyyət yaxınlığı, milli dövlətçilik ənənələri və qarşılıqlı hörmət bu münasibətlərin sosial bazasını təşkil edir. Müqavilə isə həmin yaxınlığın dövlətlərarası münasibətlər sistemində daha yüksək səviyyədə rəsmiləşdirilməsinə xidmət edir.

Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordeninin təqdim olunması

23 avqust səfərinin digər mühüm hadisəsi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın ali dövlət təltiflərindən biri olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsidir.Azərbaycan Prezidentinin sərəncamında Şavkat Mirziyoyevin bu yüksək təltifə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə layiq görüldüyü bildirilir.

Bu təltifin siyasi və simvolik əhəmiyyəti xüsusilə böyükdür. Çünki "Heydər Əliyev" ordeninin Özbəkistan Prezidentinə təqdim olunması iki ölkə münasibətlərinin inkişafında onun şəxsi roluna verilən yüksək qiymət kimi dəyərləndirilə bilər.
Burada ikinci mühüm məqam isə Heydər Əliyevin siyasi irsinin Azərbaycan-Özbəkistan münasibətlərindəki yeridir. Ulu Öndərin dövründə formalaşmış Azərbaycan-Özbəkistan dostluğunun bugünkü mərhələdə yeni məzmunla davam etdirilməsi iki dövlətin siyasi rəhbərliyinin ortaq yanaşmalarından biridir.

Eyni mərasimdə Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli "Dostluq" ordeni ilə təltif edilməsi də qarşılıqlı münasibətlərin xarakterini göstərən mühüm hadisə oldu. Beləliklə, iki dövlət qarşılıqlı olaraq öz liderlərinin ikitərəfli münasibətlərin inkişafına töhfəsini yüksək dövlət mükafatları ilə qiymətləndirdi.

Diplomatiyadan praktik əməkdaşlığa

Səfərin nəticələrini yalnız siyasi sənədlərlə məhdudlaşdırmaq düzgün olmazdı. 23 avqustda imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edir.Sənədlər sırasında pensiya təminatı, mədəniyyət, turizm, investisiya və ticarət, xarici işlər və ədliyyə orqanları arasında əməkdaşlıq, gömrük və digər istiqamətlər üzrə razılaşmalar yer alır. Bundan başqa, iki ölkə arasında 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması üzrə proqram və investisiya-ticarət layihələrinin həyata keçirilməsi üçün praktiki fəaliyyət planı qəbul edilib.
Bu göstərici xüsusilə diqqətəlayiqdir. Çünki siyasi münasibətlərin iqtisadi baza ilə möhkəmləndirilməsi uzunmüddətli tərəfdaşlığın əsas şərtlərindən biridir.

Əgər siyasi dialoq qarşılıqlı etimadı formalaşdırırsa, iqtisadi layihələr həmin etimadı gündəlik əməkdaşlığa çevirir. Bu baxımdan 2030-cu ilə qədər 1 milyard dollarlıq ticarət hədəfi sadəcə statistik göstərici deyil, iki ölkənin iqtisadi potensialından daha geniş istifadə etmək niyyətinin ifadəsidir.

Azərbaycan kapitalının Özbəkistanda artan iştirakı

Səfər çərçivəsində Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri də keçirilib.Bu layihələr arasında "Davr Bank"ın, "Matanat-A" şirkətinin gips zavodunun, "Landau Education Group"un STEAM məktəblərinin açılışı, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, "Sea Breeze Uzbekistan", "Baku City", gümüş tərkibli filizin emalı və meyvə bağları layihələri kimi müxtəlif istiqamətlər yer alıb.

Bu mənzərə göstərir ki, Azərbaycan-Özbəkistan iqtisadi münasibətləri artıq yalnız dövlətlərarası ticarət göstəricilərindən ibarət deyil. Burada özəl sektorun, bankçılığın, enerji şirkətlərinin, tikinti və təhsil müəssisələrinin, kənd təsərrüfatı və sənaye layihələrinin iştirakı genişlənir.Bu isə münasibətlərin daha dayanıqlı iqtisadi təməl üzərində qurulduğunu göstərən mühüm amildir.

Bakıdan Daşkəndə, Daşkənddən Bakıya - qarşılıqlı mədəni simvollar

Azərbaycan-Özbəkistan münasibətlərində mədəni diplomatiya da xüsusi yer tutur.23 avqustda Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub. Parkın Azərbaycanın tarixini, zəngin mədəniyyətini və ənənələrini əks etdirən ictimai məkan kimi formalaşdırılması nəzərdə tutulur. Bakıda "Özbəkistan" parkının, Yeni Daşkənddə isə "Azərbaycan" parkının yaradılması iki xalq arasındakı dostluğun simvolik ifadəsinə çevrilir.

Bu cür layihələrin siyasi əhəmiyyəti onların gündəlik həyatdakı görünən simvolizmindən daha genişdir. Onlar dövlətlərarası münasibətlərin yalnız prezidentlər və hökumətlər səviyyəsində deyil, xalqların sosial və mədəni yaddaşında da möhkəmlənməsinə xidmət edir.

Şəhərlərarası qardaşlaşma - münasibətlərin cəmiyyətlər səviyyəsinə enməsi
Səfərin mühüm nəticələrindən biri də şəhərlərarası qardaşlaşma münasibətlərinin genişləndirilməsidir.
Xankəndi ilə Ürgənc, Naxçıvanla Ürgənc, Laçınla Buxara arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair protokolların imzalanması xüsusi diqqət çəkir.

Bu addım xüsusilə Azərbaycan üçün əhəmiyyətlidir. Qarabağın bərpası və Böyük Qayıdış prosesinin davam etdiyi bir mərhələdə Azərbaycanın şəhərlərinin Özbəkistanın qədim şəhərləri ilə əlaqələrinin qurulması həm diplomatik, həm də mədəni baxımdan yeni imkanlar yaradır.

Bu münasibətlər gələcəkdə şəhər idarəçiliyi, turizm, mədəniyyət, təhsil, şəhərsalma və iqtisadi əməkdaşlıq sahələrində konkret layihələr üçün platformaya çevrilə bilər.

Nəqliyyat və regional əməkdaşlıq baxımından yeni imkanlar

Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onların münasibətlərini ikitərəfli çərçivədən çıxararaq regional əməkdaşlıq kontekstinə gətirir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Qafqaz və Avropa məkanına bağlayan mühüm nəqliyyat qovşaqlarından biridir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və iqtisadi baxımdan mühüm dövlətlərindən biri kimi regional nəqliyyat və logistika layihələrində xüsusi mövqeyə malikdir.
Bu baxımdan Bakı-Daşkənd əməkdaşlığının inkişafı yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, daha geniş regional bağlantıların möhkəmlənməsinə də xidmət edə bilər.

Orta Dəhlizin inkişafı, Xəzər üzərindən daşımaların genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivində Azərbaycan-Özbəkistan əməkdaşlığı əlavə imkanlar yaradır.

Humanitar əməkdaşlığın yeni mərhələsi

İki ölkənin münasibətlərində təhsil və mədəniyyət xüsusi əhəmiyyət daşıyır. 23 avqustda Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iki dövlət başçısının iştirakı da bu baxımdan diqqətəlayiqdir.
Nizami Gəncəvi kimi Azərbaycan mədəniyyətinin böyük nümayəndəsinin adının Özbəkistanda təhsil ocağına verilməsi iki xalqın ədəbi-mədəni irsinin qarşılıqlı tanınmasının nümunəsidir.
Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi gələcək nəsillərin bir-birini daha yaxından tanımasına, türk dünyasının ortaq mədəni irsinin öyrənilməsinə və Azərbaycan-Özbəkistan münasibətlərinin sosial dayaqlarının gücləndirilməsinə imkan verə bilər.

Regional geosiyasi əhəmiyyət

Azərbaycan-Özbəkistan münasibətlərinin güclənməsini yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək kifayət deyil. Hər iki dövlət öz regionunda mühüm siyasi və iqtisadi aktordur. Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı rolu bir-birini tamamlayan imkanlar yaradır.

Bu baxımdan Bakı-Daşkənd əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində də əlavə sinerji yarada bilər. İki ölkənin nəqliyyat, enerji, ticarət, investisiya, rəqəmsallaşma, mədəniyyət və təhsil sahələrində yaxınlaşması bütövlükdə türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə müsbət təsir göstərə bilər.Başqa sözlə, Azərbaycan-Özbəkistan münasibətlərinin güclənməsi regional əməkdaşlıq şəbəkəsinin daha sıx formalaşmasına xidmət edən amillərdən biri kimi çıxış edir.

23 avqustun əsas nəticəsi: siyasi etimaddan uzunmüddətli tərəfdaşlığa

23 avqust 2026-cı ildə Daşkənddə baş verən hadisələri bir neçə əsas istiqamətdə ümumiləşdirmək mümkündür:

Birincisi, "Əbədi dostluq haqqında Müqavilə" iki ölkənin münasibətlərinin uzunmüddətli siyasi əsasını gücləndirdi.

İkincisi, Şavkat Mirziyoyevin "Heydər Əliyev" ordeni ilə, İlham Əliyevin isə Özbəkistanın ali dərəcəli "Dostluq" ordeni ilə təltif olunması qarşılıqlı etimadın və siyasi hörmətin simvoluna çevrildi.

Üçüncüsü, 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi iqtisadi münasibətlərin yeni mərhələsinə keçidi göstərdi.

Dördüncüsü, yeni investisiya layihələri Azərbaycan biznesinin Özbəkistanda iştirakının genişləndiyini nümayiş etdirdi.
Beşincisi, mədəniyyət, turizm, təhsil, sosial təminat və şəhərlərarası əməkdaşlıq üzrə sənədlər münasibətlərin daha geniş ictimai və humanitar müstəviyə keçdiyini göstərdi.

Qarşıdakı mərhələnin əsas vəzifəsi - əldə olunan razılaşmaları nəticəyə çevirmək

İstənilən beynəlxalq müqavilənin real əhəmiyyəti onun imzalanmasından sonra ortaya çıxır. Azərbaycan-Özbəkistan münasibətlərində də qarşıdakı mərhələnin əsas məsələsi 23 avqustda əldə edilmiş razılaşmaların praktik icrasını təmin etməkdir.

Ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün yeni logistika imkanlarının yaradılması, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, investisiya layihələrinin sürətləndirilməsi və qarşılıqlı bazarlara çıxışın asanlaşdırılması vacibdir.

Eyni zamanda, mədəniyyət və təhsil layihələrinin genişləndirilməsi, şəhərlərarası qardaşlaşma mexanizmlərinin real proqramlarla dəstəklənməsi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi münasibətlərin dayanıqlığını daha da artıracaq.

23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yeni tarixi mərhələsinin mühüm siyasi hadisəsi kimi qiymətləndirilə bilər.Səfərin ən mühüm nəticəsi "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasıdır. Bununla yanaşı, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, qarşılıqlı dövlət təltifləri, yeni iqtisadi layihələr, 2030-cu ilədək 1 milyard dollarlıq ticarət hədəfi, humanitar və sosial sahələrdə razılaşmalar münasibətlərin hərtərəfli xarakter aldığını göstərir.

Bu prosesin mahiyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, belə demək mümkündür: Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində qurulan dostluq əlaqələri deyil, siyasi etimad, iqtisadi maraqlar, institusional mexanizmlər və uzunmüddətli strateji məqsədlərlə möhkəmləndirilən hərtərəfli tərəfdaşlıq modelidir.

Daşkənd sammiti göstərdi ki, Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər gələcək illərdə həm iki ölkənin inkişafına, həm Türk dünyasında inteqrasiya proseslərinə, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verə bilər.

23 avqustda imzalanan sənədlər bu baxımdan son deyil, yeni mərhələnin başlanğıcıdır. Əbədi dostluq haqqında Müqavilə isə bu mərhələnin siyasi simvolu olmaqla yanaşı, Azərbaycan və Özbəkistanın gələcəyə birgə baxışının hüquqi və diplomatik ifadəsinə çevrilir.

Ramin Şərifov
"Özbəkistan Ticarət Evi"nin direktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yunanıstan Türkiyəni suveren hüquqlarını pozmaqda ittiham edir və "güc mövqeyindən" cavab verəcəyinə söz verir

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Türkiyəyə sərt xəbərdarlıq edərək bildirib ki, "passiv diplomatik durğunluq Yunanıstanı qəti şəkildə keçmişə aiddir". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, bildirib ki, "Suveren hüquqlarımızı pozmaq üçün edilən hə

11:06 61
.

Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir

Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər

24.08.2026 216
.

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyət aşağıdakı vaxtlarda tətbi

24.08.2026 175
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: dövlət səfərinin siyasi və strateji əhəmiyyəti

23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində mühüm siyasi və diplomatik hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin artıq ənənəvi dostluq və strateji tərəfdaşlı

10:26 112
.

Samsung 10 il əvvəl buraxdığı telefonları yenilədi

"Samsung" illər əvvəl istehsal etdiyi bəzi smartfon modelləri üçün gözlənilmədən yeni proqram təminatı yeniləməsi təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, yeniləmə "Samsung Galaxy S8" və "Galaxy Note 8" istifadəçiləri üçün əlçatan olub. Mütəxəssislər şirkəti

24.08.2026 232
.

Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavka

24.08.2026 233
.

Netanyahu: "İran oğullarımdan birini öldürməyə cəhd etdi"

İranın İsrailin Baş naziri Benyamin Netanyahunun oğluna sui-qəsd cəhdi baş verib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu barədə baş nazir bazar ertəsi günü "Channel 14" telekanalının hərbi müxbiri Noam Əmirlə telefon danışığı zamanı bildirib. Baş nazir bildirib ki, "Bu

11:18 0
.

"iPhone" alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır

"Apple" yeni "iPhone" modellərinin qiymətini artırmağa hazırlaşır. "Qafqazinfo" "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə agentliyin jurnalisti Mark Qurman məlumat yayıb. Məlumata görə, buna səbəb xammal, xüsusən də yaddaş kartları və çip təchizatında yaşana

24.08.2026 221
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: əbədi dostluqdan strateji müttəfiqliyə doğru

23 avqust 2026-cı il dövlət səfərinin siyasi, diplomatik, iqtisadi və geosiyasi əhəmiyyəti. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfə

10:35 107
.