AQTA-nın yeni qaydaları müzakirə mövzusu oldu - "Buna ehtiyac var idimi?" - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ölkəyə idxal olunan iribuynuzlu və xırdabuynuzlu heyvanların daşınması ilə bağlı tətbiq edəcəyi yeni tələblər ictimai müzakirələrə səbəb olub. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən heyvanlar yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. AQTA bu addımın heyvan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və biotəhlükəsizliyin gücləndirilməsi məqsədi daşıdığını bildirir. Lakin yeni qaydalar birmənalı qarşılanmayıb.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu cür tələblər sahibkarlar üçün əlavə xərc yaradacaq və nəticədə ətin qiymətinin bahalaşmasına səbəb ola bilər. O, sosial şəbəkədə paylaşımında "Yenə aşırı tənzimləmə" ifadəsini işlədərək, "Qoyun-quzunu limuzində daşımalıdırlar?" sualını səsləndirib və bu qədər sərt tələblərin tətbiqinə ehtiyac olmadığını bildirib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu mövzuda əslində hər iki tərəfin öz məntiqi var və məsələni tək bir rəngdə görmək düzgün olmaz. Onun sözlərinə görə, AQTA-nın rəsmi izahına görə qərarın məqsədi heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasıdır: "Agentliyin nümayəndəsi bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı zoogigiyenik və baytarlıq normalarının təmin olunmasına imkan verir, tam dezinfeksiya oluna bilir, yem-su təminatı və ventilyasiya sistemi işləyir. Adi və ya uyğunlaşdırılmış nəqliyyat vasitələrində isə tam dezinfeksiyanın aparılması mümkün olmadığı üçün əvvəlki heyvanlardan qalan xəstəlik törədicilərinin yeni heyvanlara keçmə riski artır. Bu baxımdan qərarın arxasında tamamilə əsassız bir motiv olduğunu demək düzgün olmazdı - xüsusən idxal olunan diri heyvanlarla xəstəlik gətirilməsi real risk sayılır.
Digər tərəfdən, Natiq Cəfərlinin etirazı da boş yerdən yaranmayıb. O qeyd edib ki, Azərbaycanda heyvan idxalı ilə məşğul olan sahibkarların əksəriyyəti iri logistika şirkətləri deyil, orta və kiçik biznes nümayəndələridir və ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin alınması və ya icarəyə götürülməsi böyük xərc tələb edir. Bu xərcin son nəticədə ət qiymətinə əlavə olunacağı və logistikanın bahalaşması ilə pərakəndə satış qiymətlərinin artacağı [ kifayət qədər real narahatlıqdır - xüsusən artıq bahalaşan ət bazarı fonunda.
Mənim fikrimcə, əsas problem qərarın məzmunundan çox onun tətbiq üsulundadır. Standartın özü - tam dezinfeksiya, düzgün ventilyasiya, yem-su təminatı kimi tələblər - dünya təcrübəsində normal sayılır və heyvan rifahı baxımından əsaslıdır. Amma bu cür dəyişikliklər adətən uzun keçid dövrü, kiçik sahibkarlara maliyyə dəstəyi və ya güzəştli kreditlər, mərhələli tətbiq mexanizmi ilə müşayiət olunmalıdır ki, bazar şoku yaratmasın. Burada 2027-ci ilədək keçid dövrünün müəyyən edilməsi müsbət addımdır, lakin sahibkarların bu dövrdə real dəstək alıb-almayacağı əsas sual olaraq qalır. Yəni ehtiyac obyektiv olaraq mövcuddur, amma icra prosesi sahibkarlarla daha çox məsləhətləşmə tələb edir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










