Aprel döyüşləri qazisi: "Erməni hərbçilər "052 gəldi" deyib qaçırdılar"

Aprel döyüşləri qazisi: "Erməni hərbçilər "052 gəldi" deyib qaçırdılar""Düşmənin ön xəttini cəmi 45 dəqiqə ərzində yardıq. Düşmən duyuq düşəndən sonra üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı".

Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.

Qazi bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunandan - 1994-cü ilin mayından 2016-cı ilin aprelinə qədər, demək olar ki, hər gün cəbhədə düşmən təxribat törədirdi:

"Həmin təxribatlara hər dəfə layiqli cavab verilsə də, düşmən bundan nəticə çıxarmırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatı pik həddə çatdı. Ermənistan ordusunun cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, artilleriya mərmilər atması nəticəsində sakinlər arasında yaralananlar və həyatını itirənlər oldu. Buna qarşılıq olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.

Təbii ki, 22 il ərzində Azərbaycan Ordusunun arsenalı ən müasir silah, texnika ilə təchiz edilməklə yanaşı, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması, dünyanın müxtəlif ölkələrində hərbi kurslarda, təlimlərdə iştirak etməsi, öz bilik və bacarıqlarını inkişaf etdirməsi diqqət mərkəzində olmuşdu. Bunun nəticəsidir ki, hərb yarışlarında Azərbaycan xüsusi təyinatlıları dəfələrlə dünya xüsusi təyinatlıları arasında birinci olub, tankçılarımız, artilleriyaçılarımız, istehkamçılarımız ilk üçlükdə qərarlaşmışdılar. Bütün bunlar Azərbaycan Ordusunun nə qədər inkişaf etdiyinin göstəricisi idi. Aprel döyüşləri 22 il ərzində Azərbaycan Ordusunun yığdığı bilik, bacarıq və döyüş təcrübəsini məhz real döyüş şəraitində tətbiq etməyə, eyni zamanda, Ermənistan ordusunun zəif nöqtələrini aşkarlamağa şərait yaratdı".

Ə.Mehdiyev Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun, demək olar ki, çox kiçik bölmələrinin - kəşfiyyat xüsusi təyinatlı hərbi hissələrinin döyüş əməliyyatlarına cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, istər cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Lələtəpə, istərsə də Goranboy-Tərtər-Ağdərə istiqamətində Talış yüksəkliklərinin azad olunması Azərbaycan Ordusunun böyük uğuru oldu. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu 2 min hektar ərazini tam azad etdi, eyni zamanda, minlərlə hektar strateji ərazi silahlı qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu Ermənistanın 20 ildən artıq formalaşdırmış olduğu keçilməz "Ohanyan səddi"ni darmadağın etdi. Ən əsası - dördgünlük müharibədə əldə edilən Zəfər xalqın Azərbaycan Ordusuna inamını özünə qaytardı.

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Aprel döyüşlərində iştirakı haqqında da məlumat verərək deyib:

"Düşmən təxribatının qarşısının alınması üçün yuxarı komandanlıqdan qarşımıza döyüş tapşırığı qoyuldu. Xüsusi təyinatlı tabor tərkibində bölmə ilə birlikdə hərbi hissənin xüsusi əməliyyat briqadası düşmən təxribatının qarşısını almaq üçün Talış yüksəklikləri uğrunda döyüşə qatıldı. Qısa müddət - 40-45 dəqiqə ərzində düşmənin ön xəttini yardıq. Biz ön xətti yaranda onlar bir neçə dəfə pusqu qurdular. Elə hesab edirdilər ki, açdıqları atəş nəticəsində bizim bölmədə olan şəxsi heyətin bir qismi ya şəhid olub, ya da yaralanıb. Ancaq biz relyefdən düzgün istifadə edərək irəliləməyə davam elədik və düşmən səngərlərinə daxil olduq. Düşmən duyuq düşəndən sonra isə üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı. Demək olar ki, postlardakı 10-a qədər əsgərdən 2-3-ü döyüşçülərimiz tərəfindən məhv edilən kimi digər erməni əsgərlər "052 xüsusi təyinatlılar gəldilər" deyib öz yaralılarını, ölülərini, silah-sursatlarını, mühafizə və müdafiə təşkil etdikləri mövqeləri atıb qaçmağa başladılar. Qısa müddətdə biz o postlarda, yüksəkliklərdə möhkəmləndik. Ermənilər bizimlə üzbəüz döyüşə tab gətirə bilmədikləri üçün qarşı tərəfdə dağların ətəyində yerləşən mövqelərindən olduğumuz mövqelərə minaatan, özüyeriyən artilleriya, tanklarla atəş açmağa başladılar. Növbəti iki gün ərzində dəfələrlə əks-hücum əməliyyatları həyata keçirsələr də, Azərbaycan Ordusu, artilleriya qoşunları dəqiq zərbələrlə onları geri oturtdu.

Biz xüsusi təyinatlılar döyüşdə qruplar və "badi"lər şəklində hərəkət edirik. "Badi"lər iki nəfərdən ibarət olur. Hər iki şəxs bir-birini qoruyur və bir-birinə cavabdehlik daşıyır. Aprelin 3-ü gecə düşmən tərəfi əks-hücum əməliyyatı həyata keçirməyə cəhd etdi. Həmin vaxt onlarla döyüşə-döyüşə mövqeləri qoruyub-saxladıq. Uğursuz həmlənin ardınca artilleriya mərmilərindən, "Qrad"lardan atəş açmağa başladılar. Dəfələrlə minaatan mərmiləri yaxınlığımıza düşsə də, relyefdən düzgün istifadə edərək mərmilərin partlayışından yayına bilirdik.

Hücumlarının nəticəsiz olduğunu görüb bizi tanklarla vurmağa başladılar. Artıq aprelin 3-ü səhər 5 radələrində Suqovuşan istiqamətindən "Qrad" mərmilərinin atəşinə məruz qaldıq. Reaktiv yaylım mərmilərinin bir neçəsi bizim yaxınlığımıza düşdü. Mən "badi"m Şəhriyar Eyvazovla idim, mərmi bizim bir neçə metrliyimizə düşdü. Xoşbəxtlikdən, təpənin üstündə idik, mərmi isə təpənin altına düşmüşdü. Güclü partlayış dalğası məni və Şəhriyarı 5-6 metr kənara ataraq yerə möhkəm çırpdı. Nəticədə hər ikimiz ağır kəllə-beyin travması aldıq, onurğa beynimiz zədələndi. Ayaqlarımızdan qəlpə yaraları alsaq da, xoşbəxtlikdən, qəlpələrin çox hissəsi bizi tutmamışdı. Digər silahdaşlarımız bizi döyüş meydanından təxliyə etdilər. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bir ilə qədər müalicə olundum və hərbi həkim komissiyasının qərarı ilə 2017-ci ilin iyununda səhhətimdə yaranan problemə görə ehtiyata buraxıldım. Hazırda ikinci qrup Qarabağ qazisiyəm".

XTQ-nin ehtiyatda olan zabiti Aprel döyüşləri nəticəsində bütün dünyanın ordumuzun gücünü gördüyünü, eyni zamanda, Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını, nəyin bahasına olursa-olsun öz tarixi torpaqlarını azad edəcəyinin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanın yüksəkrütbəli hərbi qulluqçuları, generalları ordudan qovuldular, siyasi hakimiyyət dəyişikliyi baş verdi.

Həmin dövrlərdə Azərbaycan gənclərinin Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşmək istədiklərini bildirməsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin dörd gün ərzində hər kəsin qəlbi Qarabağla döyünürdü. Azərbaycandan fərqli olaraq isə Ermənistan ordusunda həm əsgərlər, həm də yüksəkrütbəli zabitlər arasında çoxlu sayda fərarilik hallarının olduğunun şahidlik etdik. Ən əsası - Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə üçün bir başlanğıc, mayak oldu. Təsadüfi deyil ki, dördgünlük müharibədə əldə edilən Zəfərdən ruhlanan Azərbaycan Ordusu uğurlarını davam etdirdi. İstər Günnüt əməliyyatı, istər Tovuz hadisələri, istər 44 günlük Vətən müharibəsi, istərsə də son antiterror tədbirləri Azərbaycan Ordusunun hərbi qulluqçularının yüksək peşəkarlığının, orduda olan vətənpərvərlik ruhunun, qarşıya qoyulan bütün tapşırıqları layiqincə və dəqiq yerinə yetirmək əzmində və gücündə olduğunun göstəricisidir. Aprel döyüşlərindən başlanan yollar bizi Xankəndiyə qədər gətirib çıxardı. Vaxtilə işğalda olan bütün ərazilərimizdə hazırda üçrəngli bayrağımız qürurla dalğalanır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 826   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

1995-ci ildən qüvvədədir: İstehlakçı hüquqlarını qoruyan qanuna yenidən baxılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

İstehlakçı hüquqlarının qorunması müasir bazar iqtisadiyyatının əsas prinsiplərindən biri hesab olunur. Dünyanın bir çox ölkəsində bu sahədə qanunvericilik mütəmadi olaraq yenilənir, yeni ticarət formaları və rəqəmsal xidmətlər nəzərə alınaraq istehlakçıların hüquqlarının müdafiəsi daha da gücləndirilir

22.07.2026 199
.

Rubio: İranın Hörmüz boğazı ilə bağlı addımları təhlükəli presedent yarada bilər

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarət etmək və gəmilərdən keçid haqqı tələb etməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, o, beynəlxalq mediaya açıqlamasında deyib ki, hər hansı ölkənin strateji dəniz marşrutuna nəzarə

22.07.2026 210
.

Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunu

22.07.2026 312
.

Günəş altında olsanız da D vitamini niyə çatışmır? - HƏKİMDƏN AÇIQLAMA

Günəş işığı D vitamininin əsas mənbəyi hesab olunsa da, bəzi insanlarda uzun müddət açıq havada olmalarına baxmayaraq D vitamini çatışmazlığı aşkarlanır. Bu, günəşə çıxmağın hər kəs üçün eyni nəticəni vermədiyini göstərir. Yaş, dəri tipi, artıq çəki, qaraciyər və böyrəklərin fəaliyyəti, bəzi həzm sistem

22.07.2026 254
.

Fatimə polisə şikayət etdi

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə onu təhqir edən şəxs barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı instaqram hesabında yazıb. O bildirib ki, naməlum şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan, təhqiredici paylaşımlar edilir. Fatimə qeyd edi

22.07.2026 212
.

İsrail ABŞ-İran münaqişəsinə qoşula bilər - Hazırlıqlar başladığı bildirilir

İsrailin ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmaya qoşulma ehtimalının artdığı bildirilir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail rəhbərliyi mümkün eskalasiya ssenarilərini nəzərdən keçirir və ordunun müxtəlif əməliyyat planları üzərində işlədiyi qeyd olunur. Mənbələrə görə, Vaşinqtonu

22.07.2026 217
.

Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər Azərbaycanda müxtəlif ölkələrdən idxal olunan xurmalar market və bazarlarda geniş satışa çıxarılır. İran, Səudiyyə Ərəbistanı, Tunis, İsrail və digər ölkələrdən gətirilən bu məhsullar həm dadına, həm də qida dəyərinə görə alıcıların marağına səbəb olur. Bununla yanaşı, istehlakçılar arasınd

22.07.2026 244
.

İordaniya hava hücumlarından müdafiə sistemlərinin İranın hücumlarını dəf etdiyini bildirir

İordaniya Silahlı Qüvvələrinin məlumatına görə, regional münaqişə genişləndikcə İran ordusu bu gün İordaniyaya altı raket atıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İordaniya silahlı qüvvələrinin açıqlamasında bildirilir ki, İordaniyanın hava hücumundan müdafiə qüvvələri "dörd dronu tutub vurub"

22.07.2026 181
.

Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya SƏRT ÇAĞIRIŞ

Qida məhsullarının tərkibi ilə bağlı istehlakçıların məlumatlandırılması məsələsi yenidən gündəmə gəlib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi kolbasa məhsullarında aparılan laborator analizlər zamanı at əti aşkarlandığını açıqlayıb. Lakin həmin məhsulların hansı marka və istehsalçılar

22.07.2026 213
.

TOP MP3