Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJ
Yeni ilə iki gün qalıb. Bayramqabağı yolumuzu Nəsimi rayonundakı "Təzə bazar"dan saldıq. Yeni ilqabağı paytaxtda yerləşən böyük marketlərdə sıxlıq yaşansa da, bazarda durum xeyli fərqli idi. Elə hey gözümüz alıcı axtarsa da, satıcıdan başqa kimsə görmədik... Bazar alıcısızdırsa, deməli, bu satıcı üçün heç də xoş hal deyil. Elə buna görədir ki, hərə öz piştaxtasının arxasına keçib boynubükük əyləşmişdi. Bəziləri də bekarçılığı domino oynamaqla doldururdu. Kimisi də piştaxtatan kənara keçib bazara gələcək tək-tük alıcının ovuna çıxmışdı. Bir sözlə, bu bazar bir neçə əvvəlki bazara bənzəmirdi...
Bazara daxil olan kimi quru meyvə və çərəz satılan piştaxtaya yaxınlaşdıq. Öncə salamlaşıb, bayramlaşdıq. Sonra da malların qiyməti ilə maraqlandıq, alıcıların az-çoxluğunu soruşduq. Ürəyi dolu olan satıcı Rüstəm İmanov "Heç alıcı var ki?! İndi hamı bayram bazarlığını super marketlərdən edir. Orada da qiymət fərqi çox baha olur" - deyir. Sonra qurudulmuş yapon xurmasını göstərib, söhbətinə davam edir: "Xurmanın kilosu bizdə 7-8 manat arasındadır. Amma böyük marketlərdə bunu 35 manatdan aşağı ala bilməzsiniz. Astara düyüsü gətirmişəm - bir kisə. Bir il ərzində ondan 4-5 kilo ancaq ala bilmişəm. İnsanlar gedib marketlərdə kilosu 3 manata olan süni düyü alırlar. Halbuki, Astara düyüsü təmizdir, kilosunu isə 4-5 manata satıram".
Yolumuza davam edirik. Yeni ilin yaxınlaşması ilə bağlı bazarda satılan məhsulların qiymətində bahalıq müşahidə olunmur. Əksinə, satıcılar, malların qiymətində alıcılara güzəşt də edirlər. Amma bazarda bir alıcı gözə dəymir. Yəni sosial və iqtisadi durumu ehtiva edən "bu bazar əvvəlki bazara bənzəmir" fikrini bir az da obrazlı ifadə etsək, deyəsən, "bu həna o hənadan deyil..."
Ümidini bayrama bağlayanlar...
Satıcılar deyir ki, bayrama 2 gün qalsa da, alıcı yoxdur: "Demək olar, neçə həftədir, bazarda belə "sakitçilikdir". Ümidimizi bayrama bağlamışdıq. Belə getsə, heç bayramda da nəsə qazana bilməyəcəyik. Yəqin camaatda pul yoxdur deyə bazara üz tutmur. Elə evlərinə yaxın marketlərdən, kiçik dükanlardan 1-2 kilo nə lazımdırsa, alırlar. Daha bazara gəlməyə ehtiyac qalmır", - Səmayə xala söyləyir.
"Camaatda pul nə gəzir..."
Yandakı piştaxtada duran və soyuqdan uşüyən başqa bir satıcı da söhbətimizə müdaxilə edir: "Ay qızım, camaatda pul nə gəzir ki, Yeni il də keçirsin? Hər kəs başını birtəhər saxlamaqla məşğuldur. Biz də Allahın ümidinə qalmışıq. Bir yandan da icarə pulu belimizi qırıb. Satdığım bir şey deyil, amma 150 manat "arenda" pulu verirəm, 15 manat da gözətçinin haqqı. Bəs yaxşı, mənim qazancım nə olsun?" Bazarda kiçik piştaxtada alma satan Əhliman dayı deyir ki, bunlar bağının məhsullarıdır: "Gündəlik nə qazansam, min bərəkət. Narın kilosunu 1 manata, 1 manat 50 qəpiyə satıram. Birtəhər çörək pulumuzu çıxarırıq".
"Alıcı görəndə sevinirik"
Başqa bir satıcı Nüşabə xanım bildirir ki, qiymətlərdə artım yoxdur: "Əvvəllər Yeni ilqabağı bazar canlanardı, alıcı qıtlığı yaşamazdıq. İndi isə alıcı görəndə sevinirik. Müştəri olmadığından qiymətləri də qaldırmamışıq, əksinə, endirimlər edirik. 6-7 il əvvəl bu bazarda Yeni ilə bir gün qalmış iynə atsan, yerə düşməzdi. Amma özünüz də görürsünüz ki, bir ins-cins yoxdur".
"Balığın qiymətini qaldıracağıq"
Asim adlı balıq satıcısı deyir ki, qiymət artımı yoxdur: "Amma bayram günlərində hava küləkli olsa, balığın qiymətində artım edəcəyik. Amma indi heç alıcı yoxdur, qiyməti necə qaldıraq? Adətən, alıcı bol oluğu üçün balığı adi günlərdən baha qiymətə satardıq. Amma indi deyəsən, heç balıq yeyən də yoxdur..."
Bəli, doğrudan da bazarda olan zaman sözün əsl mənasında danışdırmağa alıcı tapmaqdıq. Tək-tük gözə dəyənlərdən bir-ikisinə yaxınlaşsaq da, danışmaq istəmədilər. Biri hətta başını bulayıb: "Guya vəziyyəti bilmirsiniz?" - dedi...
Əslində, danışsalar da nə deyəcəklərini təxmin edirik. Heç şübhə yoxdur ki, "bahalıqdır", "pulumuz yoxdur", "ala bilmirik" deyəcəklər. Çünki son zamanlar sadə azərbaycanlının dilindən ancaq bu kəlmələr çıxır. Nə deyək, Allah bazar versin... Qarşıdan gələn Yeni iliniz də mübarək!

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










