Köhnə binaların söküntüsü mənzil qiymətlərini daha da bahalaşdıracaq? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakının müxtəlif ərazilərində köhnə yaşayış binalarının söküntüsü davam edir. Bu proses şəhərin yenilənməsi və qəzalı tikililərin əvəzlənməsi baxımından əhəmiyyətli hesab olunsa da, daşınmaz əmlak bazarına mümkün təsirləri də müzakirə olunur.
Xüsusilə söküntü aparılan ərazilərdə mənzilə tələbatın artmasının qiymətlərə necə təsir edəcəyi maraq doğurur. Bəs aparılan söküntülər onsuz da bahalaşmaqda olan mənzil qiymətlərini daha da artıra bilərmi?
Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, köhnə yaşayış fondunun yenilənməsi şəhərsalma baxımından çox vacib prosesdir. Onun sözlərinə görə, qəzalı və istismar müddətini başa vurmuş binaların sökülərək müasir standartlara cavab verən yaşayış kompleksləri ilə əvəz olunması həm şəhərin görünüşünə, həm də sakinlərin təhlükəsizliyinə müsbət təsir göstərir: "Lakin bu prosesin daşınmaz əmlak bazarına təsiri də diqqətlə qiymətləndirilməlidir. Əgər söküntülər geniş miqyasda həyata keçirilirsə və yeni mənzillərin bazara çıxarılması müəyyən müddət gecikirsə, bazarda mövcud mənzil təklifi müvəqqəti olaraq azalır. Tələb isə eyni səviyyədə qaldıqda və ya artdıqda bu, qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Belə hallarda xüsusilə hazır və köçməyə tam yararlı mənzillərə maraq artır ki, bu da onların bazar dəyərinə təsir edir.
Digər mühüm məsələ kompensasiya mexanizmidir. Sökülən binaların sakinlərinə ödənilən vəsait və ya verilən yeni mənzillər bazarda əlavə alıcılıq qabiliyyəti yarada bilər. Əgər həmin sakinlərin bir qismi açıq bazardan mənzil almağa üstünlük verərsə, bu da tələbi artıraraq qiymətlər üzərində əlavə təzyiq formalaşdıra bilər.
Bununla yanaşı, "süni bahalaşma" anlayışına ehtiyatla yanaşmaq lazımdır. Qiymət artımının əsas səbəbi təklifin azalması, tikinti xərclərinin yüksəlməsi, ipoteka imkanları, inflyasiya və investor aktivliyi kimi bazar amilləridirsə, bunu birbaşa süni bahalaşma adlandırmaq doğru olmaz. Süni bahalaşma yalnız bazarın qəsdən manipulyasiya edilməsi, təklifin məqsədli şəkildə məhdudlaşdırılması və ya rəqabətə zidd davranışlar nəticəsində baş verərsə, bu termin hüquqi və iqtisadi baxımdan əsaslı hesab edilə bilər.
Uzunmüddətli perspektivdə isə vəziyyət fərqli ola bilər. Əgər sökülən binaların yerində daha çox mənzil fondu yaradılır, tikinti layihələri vaxtında tamamlanır və bazara kifayət qədər yeni təklif daxil olursa, bu, qiymət artımını müəyyən qədər tarazlaşdıra və bazarda sabitliyə töhfə verə bilər.
Nəticə etibarilə, köhnə binaların sökülməsi təkbaşına mənzil qiymətlərinin bahalaşmasının əsas səbəbi deyil. Lakin bu proses düzgün planlaşdırılmadıqda, yeni mənzillərin bazara çıxması gecikdikdə və təklif müvəqqəti azaldıqda, onsuz da bahalaşma meyli göstərən daşınmaz əmlak bazarında qiymət artımını sürətləndirən amillərdən birinə çevrilə bilər. Buna görə də şəhərsalma siyasəti ilə mənzil bazarının tarazlığının paralel şəkildə qorunması həm iqtisadi, həm də sosial baxımdan xüsusi əhəmiyyət daşıyır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










