"Mafiya paytaxtı"nın turistik özəllikləri nələrdir? - ARAŞDIRMA

"Mafiya paytaxtı"nın turistik özəllikləri nələrdir? - ARAŞDIRMABir çoxumuz Siciliya adasına coğrafiya dərsliklərindən deyil, Mario Puzonun eyniadlı əsəri əsasında ekranlaşdırılan "Xaç atası" filmindən bələd olmuşuq. Don Korleone klanının dünyaya tanıtdığı bu adaya səyahət etmək arzusu dünyanın əksər turistlərində var.

"Kaspi" qəzeti Sicilia adası barədə məqalə dərc edib.

Bu cənnət adaya çatmağın ən asan yolu təyyarədir. Lakin bura İtaliya mənzərələrini seyr edərək, qatarın Messina boğazından keçməsi ilə və ya Siciliyadakı çoxsaylı limanlardan birinə bərə ilə də çatmaq mümkündür.

Siciliyanın paytaxtı Palermoya – yunanların "Bütün liman" adlandırdığı körfəzlə əhatə olunan şəhərə təyyarənin enişi füsunkar bir mənzərə yaradır. Hava gəmisi körfəz üzərində fırlanır və az qala dənizin mavi sularında oturur - uçuş-enmə zolağı sahilə çox yaxındır. "Dünyanın heç bir yerində hava limanının terrasından dənizə belə ecazkar mənzərə yoxdur", - deyə heyranlığımı gizlədə bilmirəm.

Palermo coğrafi mövqeyinə və mülayim temperaturuna görə bütün il boyu səyahət etmək üçün ideal şəhər sayılır. Aralıq dənizinin iqlimi şəhərin qışlarını da mülayim edir.

Hava limanından şəhərin mərkəzinə 40 dəqiqə ərzində, avtobusa 6 avro ödəməklə çatırıq. Şəhər kənarında ilk müşahidə etdiyimiz kasıb, kiçik, nimdaş evlərdir. Səfər yoldaşlarımın "hələ ki, qeyri-adi heç nə görünmür" fikirlərinə sakitcə: "Səbr edin, insanı heyrətə salan Siciliya qarşıdadır" deyirəm. Axı Höte və Gi de Mopassan kimi məşhurların səyahət yazılarında Palermonu tərifləyərək nəfəs kəsən obrazlar yaratması, adaya səyahət edən Oskar Uayldın buranı "Dünyanın ən gözəl panoraması olan şəhər" adlandırması təsadüfi ola bilməz...

Palermonun küçələrini gəzdikcə "mafiya şəhəri" ifadəsi də bizimlə birlikdə addımlayır. Cüzeppe Haribaldinin Siciliyanı İtaliyaya birləşdirməsindən sonra yaranan mafiyanın izləri adada hələ də qalmaqdadır. Bölgə rəhbərliyi bunu inkar etmir və "Mafiya ilə mübarizə aparırıq" deyir. Mafiyanın elementləri şəhərin arxitekturasına, həyat tərzinə, ticarət-iaşə sektoruna və az qala insanlarının xarici görkəminə də hopub.

Elə məşhur "Xaç atası-3" filminin final kadrlarının tarixi "Massimo Teatrı"nda çəkilməsi də təsadüfi deyil. Filmin çəkiliş meydançaları Palermodan Siciliyanın digər bölgələrinə - Korleona, Taormina şəhərlərinə qədər uzanıb... Ancaq adada inanırlar ki, məşhur Siciliya yazıçısı Gesulando Bufalinonun yüz il əvvəl proqnozlaşdırdığı kimi, mafiya məktəb müəllimləri ordusu tərəfindən, mədəniyyətin yayılması ilə məğlub olacaq.

Turistlərin müxtəlif internet saytlarında həyəcanla bölüşdükləri "Çantanızı qoruyun!" fikirlərində isə həqiqət var. Aralıq dənizinin təhlükəli dalğalarını yarıb buralara gəlib çıxan mühacirlərin çoxu oğurluqla dolanır. Bir-birləri ilə göz-qaşla danışan miqrantlara bütün küçələrdə rast gəlmək olur və işarələri bizim də gözümüzdən yayınmır. Onların qurbanı olmamaq üçün yeganə yol izdihamlı yerlərdə ehtiyatlı olmaq, sakit, adamsız ara küçələrə daxil olmamaqdır.

"Mafiya turistlərə toxunmur" kimi fikirlər isə səyahətçiləri bu adaya gəlməyə daha da həvəsləndirir. Ölkənin cənub regionunda əhali digər bölgələrdən daha mehribandır. Tanımadığın ünvana mehribanlıqla və italyan dilində bələdçilik edirlər. Kafe və restoranlarda, hotellərdə ingilis dilində şirin italyan şivəsində danışanlar var.

Palermoda qədim, mədəni ənənələrə sadiqlik, ən müasir təzahürlərində də köhnəliyin izləri görünür. Burada hər küçənin öz tarixi var. İrəlilədikcə əsrlərin dinc şəkildə bir-birinə keçdiyi heyrətamiz qədim şəhərlə qarşılaşırıq. Müxtəlif hakimiyyət dövrlərinin izlərini saxlayan memarlıq abidələri - Bizans mozaikalarını, barokko kilsələrini, qədim katakombaları, ərəb-norman üslubunda sarayları, qotik binaları, nəfis aristokratik malikanələri, neoklassik teatrları, malikanələri, muzeyləri seyr edirik... Katolikliyin mərkəzlərindən biri kimi hər küçədə qədim kilsə və monastırlara rast gəlirik. Şəhərin mənzərəli konturları - möhtəşəm körfəzin və dağların fonunda görünən zəng qüllələri, günbəzlər adamı heyran edir. Şəhərin mərkəzindəki antik abidələr 2015-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Palermoda turist avtobusuna minmədik, çünki o, kiçik küçələrdən keçmir. Palermonun ruhunu hiss etmək üçün tarixi küçələri, dar dalanları piyada gəzmək lazımdır. Balkonlarından yuyulmuş paltarlar yellənən köhnə, dar dalanlarda retro italyan filmlərinin kadrları yaddaşa gəlir. Hər tərəfdə şəhərin keçmiş əzəmətinin, gözəl memarlığının, ənənələrinin izlərini görürsən. Həmçinin, sadə italyanların yaşamı da aydın görünür. Sakit küçələrdə "qədim peşə"nin sahiblərinə, "bomj"lara, izdihamlı meydanlarda zövqlü, hay-küylü italyanlara, son dərəcə səliqəli geyinmiş yaşlı cütlüklərə, hər detalı maraqla izləyən turistlərə rast gəlmək olur. "Palermo həmişə turizmlə yaşayıb" fikirləri isə həm də ada iqtisadiyyatının dayağıdır. "Palermoya gəlmək üçün mövsümün fərqi yoxdur. Qış aylarında turistlər bütün Siciliya boyu səyahət edirlər. Yayda isə Aralıq dənizinin çimərliklərində turistlərin əlindən tərpənmək olmur", - deyə söhbətləşdiyim italyanlardan biri deyir: "Siciliyada istirahət üçün hər şey var: günəş, dəniz, tarix, dadlı mətbəx. Turistə daha nə lazımdır?".
Səyahətçilər üçün Siciliyanın Catania, Suracusa, Taormina və s. bölgələrinə, adadakı Etna vulkanına da rusdilli bələdçilərlə gündəlik turlar (70-80 avro) təşkil edilir. Hotellərin qiyməti isə bir neçə ay qabaqdan bronlaşdıranda 40-50 avro arası dəyişir. Qış aylarında qiymətlər daha münasib sayılır.

Gəzintiyə ara verib dadlı qəhvə, dondurma və ya Siciliya şirniyyatlarının bir çox təamlarından birini dadmaq üçün kafeteriyalarda ayaq saxlayırıq. Klassik Siciliya yeməklərinin qoxusu turistləri kiçik, milli dizaynlı pizzerialara səsləyir. Zəngin qastronomik təcrübə fərqli təəssüratlar yaradır. Qiymətlər də fantastik deyil: dondurmaya 2-3, pizzaya 10, spagettiyə 8-10, italyan kolasına 5, dadlı şirniyyatlara 5-6 avro ödəməklə yerli mətbəxin ləzzətindən zövq alırsan. Sonradan öyrənirik ki, Siciliya mətbəxi yunan, ispan, roma və ərəblərin irsinin birləşməsidir. Məhz bütün bu mədəniyyətlər bölgənin qastronomik mahiyyətinə təsir göstərib. Eləcə də bütün turistlər kimi məşhur balıq bazarlarında dəniz məhsulları yeməkdən, meyvə şirələri içməkdən biz də vaz keçmirik. "İtaliyada pəhrizdən narahat olmaq lazım deyil!" fikirləri də təsadüfən formalaşmayıb.

Adanın mədəniyyətini, tarixini əks etdirən suvenir dükanları turistləri hər küçədə qarşılayır. "Bölgəyə gəlib "Şərab və zeytun yağı almamaq günahdır" fikri də turistlərə sirayət edib. Mağazalarda real qış endirimləri isə alıcıları cəlb edir. Məsələn, yerli istehsal olan dəri ayaqqabılarına, qış gödəkçələrinə edilən real endirimlər alıcıları az qala şoka salır.

Palermo səs-küylü, canlı şəhərdir. Yanvar ayının yağışlı, soyuq olması italyanlara qətiyyən mane olmur. Onlar küçələrdəki kiçik kafelərdə siqar tüstülədir, şərab içir, canlı musiqidən zövq alırlar... Palermo sakinləri çoxsaylı şəhər teatrlarına getməyi sevirlər. Operalar, simfonik musiqi konsertləri, bədii tamaşalar çox populyardır. Palermo küçələri adətən izdihamlı olur. Xüsusən axşamüstü zövqlə geyinən yaşlı italyanların ailə gəzintilərini müşahidə etmək adama xoş gəlir. Palermo turistlərdə fəlsəfi əhval-ruhiyyə oyadır. İnanırsan ki, italyan tətili əfsanə deyil...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1279   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 556
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 395
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 345
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 493
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 272
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 684
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 331
.