"Paşinyanın dediklərinin heç bir siyasi, hüquqi, hərbi əsası yoxdur"
"Sözdə Sarqsyan da çox şey deyirdi. Beynəlxalq normalar və hüquqi baxımdan yanaşsaq, Ermənistan tərəfinin dediklərinin təməl prinsipi yoxdur".
Bunu "MediaPost"a açıqlamasında hərbi jurnalist, informasiya təhlükəsizliyi mütəxəssisi İbrahim Rüstəmli deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Ermənistan dövlət müstəqilliyinin 30 illiyini qeyd etməsi sadəcə, rəqəmlərə əsaslanır, bunun heç bir ictimai, siyasi, hərbi əsası yoxdur:
"Ermənistanın dövlət müstəqilliyi 30 il də ola bilər, 50 il də, 60 il də. Lakin bilmək lazımdır ki, bu illər heç nəyi dəyişmir. Bu gün artıq erməni ziyalıları da bunu anlayır. Uzaqgörən erməni siyasətçiləri Dağlıq Qarabağ məsələsinə bizim mövqedən yanaşırlar. Onlar deyirlər ki, Paşinyan xarici siyasətindən əl çəkməlidir, çünki hökumətin mahiyyəti olmayan mövqeyi nə Ermənistana, nə də Azərbaycana xeyir gətirməyəcək. Mən bu çıxışların ciddiliyini bəyanatları verənlərin ziyalılığı ilə xarakterizə edirəm. Çünki bu, sıradan bir bəyanat sayılmır. Paşinyanın yarıtmaz siyasətinin nəticəsində yaranan gərginlik ziyalılarla yanaşı, sadə vətəndaşları da öz prinsipial mövqelərini sərgiləməyə məcbur etdi. Onların sosial vəziyyətlərinin həddindən artıq aşağı olması bir tərəfə, belə vəziyyətdə övladlarını da itirirlər. Buna görə əsgər anaları qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə davamlı olaraq, etiraz aksiyaları keçirirlər. Onlar bilirlər ki, Dağlıq Qarabağ məsələsinə daxildəki münasibətin aidiyyəti yoxdur, münaqişə daxildən yox, kənardan erməni qüvvələrin mafiyası, lobbisi tərəfindən idarə edilir. Ona görə də heç kimin ciddi qəbul etmədiyi Paşinyan həlledici sözə sahib deyil. Ermənistanın son illərdə "qazandığı" uğurların təməl prinsipi, hüquqi bazası yoxdur. Sözdə Sarqsyan da çox şey deyirdi, bunu Nikol Paşinyan da deyə bilər. Beynəlxalq normalar və hüquqi baxımdan yanaşsaq, Ermənistan tərəfinin dediklərinin nə siyasi, nə də sosial əsası yoxdur".
İ. Rüstəmlinin fikrincə, Paşinyanın dediyi "uğur"ların heç bir əsası yoxdur və bu, təməl prinsiplərə söykənmir:
"Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq xülyalarını siyasi "uğur" kimi qələmə verən Paşinyan dünya birliyinin mövqeyini unudur. Bütün beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğalçı olması faktını təsdiq edirlər. Beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıması Ermənistanın "uğur"larını tərk-silah edir. Ümumiyyətlə, Paşinyanın hərbi, ordu barədə dediklərindən danışmağa dəyməz. Bir vaxtlar "keçilməz Ohanyan müdafiə xətti" mifini uydurmuşdular, biz bu fikri Aprel döyüşlərində iflasa uğratdıq. Bu gün də onlar Ermənistan ordusu ilə bağlı ağlasığmaz iddialar irəli sürürlər. Hamımız bilirik ki, 1990-cı illərdə müharibə təkcə Dağlıq Qarabağ ərazisində getmirdi, eyni zamanda Bakıda da gedirdi. Xarici ölkə kəşfiyyatlarında və daxildə təxribat qrupları yaradılmışdı. Lakin Azərbaycanın hərbçiləri bunun qarşısını canları bahasına da olsa, alırdı. Biz elə həmin dövrlərdə də, Aprel döyüşlərində də erməni hərbçilərin postlardan necə qaçdığını gördük. Qaçanlar təkcə hərbçilər deyildi, sadə vətəndaşlar da başqa ölkənin ərazisində məskunlaşdırıldıqlarını dərk edirdilər. Bu gün də Qarabağa köçürülənlər deyirlər ki, biz burada xoşbəxt ola bilmərik. Bu torpağa bizim əlimizlə günahsız azərbaycanlıların qanı tökülüb. Ona görə də Paşinyanın dediklərinin heç bir siyasi, hüquqi, hərbi əsası yoxdur. Bu çıxışlar yalnız daxili auditoriya üçündür".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş