Baş infeksionist: "Təşvişə heç bir əsas yoxdur"

Baş infeksionist: "Təşvişə heç bir əsas yoxdur""Koronovirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur".

Bu sözləri koronavirus infeksiyasının Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqqında Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki, açıqlama verdiyi anadək dünyada 200 mindən artıq adamın koronavirusla xəstələnməsi hadisəsi aşkarlanıb:

"Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox xəstələnmə halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir".

Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı:

"Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu".

C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:

"Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə bir metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.

Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir".

Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edir.
Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır:

"Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda səkkiz, ən azı yeddi saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür".

Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, bu virus digər pespirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir:

"Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini bir yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir.

Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı Sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidir.

Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olubsa, qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır.

Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, rast gəlinəcək. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir".

Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda olaraq xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar xarici valyuta almaq üçün banklara üz tutur, orada sıxlıq yaranır. Belə yerlərdə maska taxmaq məsləhət görülür.

C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.

Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə çıxacağımıza əminliyini ifadə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2294   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388