Qarabağda qədim xəzinə tapıldı: Ermənistanla separatçılar bir-birini qırır

Xəzinəni Laçın rayonunda yaşayan Andranik Kyurexyan tapıb. Təsadüfən tapılan xəzinə 120 ədəd qızıl, gümüş, bürünc əşyadan ibarətdir. Onlar ellinizm dövrünə aiddir.
Xəzinə 2 qadının dəfn olunduğu qədim qəbirdən çıxıb. Qəbirdə qadınlarla birlikdə təxminən 700 qram gümüş zinət əşyaları, 4-5 kiloqram bürünc, həmçinin qızıl bəzək əşyaları basdırılıbmış. Andranik tapdığı əşyaların qiymətinə əmin olmaq üçün onların şəklini çəkərək Yerevanda yaşayan dostuna göndərib. Dostu isə şəkilləri mütəxəssisə deyil, hüquq-mühafizə orqanlarına təqdim edib. Nəticədə Andranik Yerevana çağırılıb…
Tapıntının təxminən 21,5 min dollar qiyməti var. Andranikə bunun əvəzində məbləğin yarısı təklif olunsa da, o, təklifi rədd edib.
Hazırda xəzinə Ermənistanın Tarix Muzeyindədir. Muzey rəhbərliyi hələ bir müddət tapıntının öyrəniləcəyini, bundan sonra onun tarixinin, qiymətinin dəqiq müəyyənləşdiriləcəyini bildirir.
Məsələnin maraqlı tərəfi ondadır ki, Yerevanın bu işlə məşğul olması Dağlıq Qarabağ separatçılarını hiddətləndirib. Qondarma qurumun «turizm idarəsi»nin rəhbəri Sergey Şahverdyan Ermənistanın Mədəniyyət Nazirliyinə müraciət edib, xəzinənin «əsl sahibinə – Dağlıq Qarabağa» qaytarılmasını tələb edib: «Xəzinə Dağlıq Qarabağ ərazisində tapılıb. Bu üzdən də o, Qarabağdakı muzeydə saxlanılmalıdır».
Ermənistanın Tarix Müzeyinin direktoru A.Qriqoryan isə öz mövqeyini «əsaslandırıb». Dağlıq Qarabağın «tarixi Ermənistan ərazisi olduğunu» iddia edən Qriqoryan bu səbəbdən xəzinənin Yerevanda saxlanılmasını düzgün sayır.
Tarix elmləri doktoru, professor Musa Qasımlı bildirdi ki, Azərbaycanın Kəlbəcər, Laçın rayonları özünün təbiəti və təbbi sərvətləri ilə zəngindir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təbbi sərvətlərimizi, qızılı, civəni, nineral suları daşıyıb aparması, mənimsəməsi isə hamıya məlumdur: "Ancaq orada belə bir xəzinənin tapılması və mövcudluğu barədə Azərbaycan tərəfinin xəbəri olmayıb. İşğal olunmuş ərazilərdə qayaüstü rəsmlərin, ən qədim insan məskınlərinin, yaşayış məkanlarının olması məlumdur. Ona görə də belə bir xəzinənin taplması da mümkündür".
Xəzinə ilə bağlı Dağlıq Qarabağ separatçılarının qondarma "turizm idarəsi" ilə Ermənistan arasında yaranmış narazılığa gəlincə, M.Qasımlı hesab edir ki, separatçı rejimlə Ermənistan arasında xəzinə üstündə mübahisələr bir oyundur. Əslində Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Burada Ermənistan təcavüzkardır. Azərbaycan tərəfi bu faktı araşdırmalı və sərt reaksiya verməlidir.
M.Qasımlının fikrincə, sözügedən xəzinənin işğalçı Ermənistandan geri alınması xeyli çətindir. Azərbaycan bu məsələni dünya birliyinin, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırmalı və Ermənistanın bu vəhşi hərəkətlərinə qiymət verilməsini tələb etməlidir.
"Hazırda Ermənistanın tarix Muzeyində saxlanılan xəzinəni tələb etmək və Azərbaycan muzeyinə gətirmək ümkündürmü?" sualına M.Qasımlının cavabı belə oldu: Bununla bağlı araşdırma aparmaq mümkündür. Bir vaxtlar SSRİ və anti-hitlerçi koalisiyanın üzvü olan ölkələr Almaniyanı işğal etdilər. Almaniyanın təbii sərvətlərini çapıb-taladılar, bəzi nadir müzey əşyaları, arxiv sənədlər aparıldı. Almaniya arxivində SSRİ-yə aid olan sənədlər SSRİ-yə, digər ölkələrə aid olanlar isə həmin ölkələrə verildi. Fikrimcə, dünya təcrücəsində bu praktiya rast gəlinir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










