Milli Kino günündə Bakı Film iş başındadır (Video)
Bu gün Azərbaycanda kino bayramıdır. Düz 114 il əvvəl ölkəmizdə kino sənətinin əsası qoyulub. Müstəqillik əldə olunduqdan sonra Azərbaycanda kino sahəsində böhran yaşandı. Xarici film və serialların efir məkanını zəbt etdiyi bir ərəfədə "Bakı Film" kinostudiyası yarandı. Milli Kino günündə ANS-in əməkdaşları "Bakı film"də olublar.
Azərbaycanda peşəkar, müasir Hollivud texnologiyalarına arxalanan "Bakı Film" kinostudiyasının yaradılması 2007-ci ilin iyulunda baş tutdu. Mövcud olduğu 5 il ərzində "Bakı Film" kinostudiyasında vətənpərvərlik və Qarabağ müharibəsindən bəhs edən "Xoca", "Yaddaş", ''Bulağıstan" bədii filmləri, eləcə də "Qaydasız döyüş", "Seçilən" filmi, "Qızlar" serialı hazırlanıb.
"Bakı film" kinostudiyasının son yaradıcılıq məhsulu isə kinorejissor Vahid Mustafayevin 26 fevral 2012-ci ildə təqdimatı keçirilən "Xoca" filmi oldu. Elə təqdimatın ilk günlərindən hərbi-vətənpərvərlik və döyüş ruhunda çəkilən film Azərbaycan tamaşaçılarının rəğbətini cəlb edə bildi. Tamaşaçı sayına görə film Azərbaycanda müstəqillik dövründə ən çox izlənilən ekran əsəridir. Kinoteatrlarda nümayiş olunan ilk film kimi tarixə düşən "Xoca" filmini 4 gün ərzində 15 minə yaxın insan izləyib. "Xoca" filmi avqust ayının 1-dən 11-dək keçirilən "Lokarno Beynəlxalq Kinofestivalı"na və oktyabrda keçiriləcək "56-cı London Kinofestival"ına da dəvət alıb.
Qeyd edək ki, filmin çəkilişinə ölkə prezidentinin yerli filmlərin çəkilməsinə ayırdığı vəsait də təkan verib. Hazırda "Bakı Film" kinostudiyasında "Ağabəyovlar" adlı çox seriyalı bədii filmin çəkilişləri gedir. Filmin çəkildiyi studiyada artıq neçə illərdir ki, "Bakı film"lə əməkdaşlıq edən aktyorların ifalarının şahidi olduq. "Bakı film"in hazırladığı serialın sentyabrdan tamaşaçılara təqdim edilməsi gözlənilir.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



