Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyimlə bağlı fərqlərin azaldılması və məktəbin dünyəvi xarakterinin saxlanılması baxımından əhəmiyyət daşıyır. Burada əsas məsələ hər hansı dini inanca qarşı çıxmaq deyil, məktəbdə bütün şagirdlər üçün eyni və aydın qaydaların müəyyən edilməsidir".
Bu sözləri BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Qoşqar Bəylərov bildirib. O qeyd edib ki, əgər məktəbdə müəyyən geyim standartları tətbiq olunursa, bu qaydalar ümumi xarakter daşımalı və şagirdlərin geyim seçimlərinə dair sərhədlər aydın şəkildə müəyyən edilməlidir:
"Bununla belə, dini geyimlə bağlı məsələlər də avtomatik olaraq dini təbliğat kimi qiymətləndirilməməli, hər bir məhdudiyyət hüquqi əsaslar və uşaqların hüquqları baxımından əsaslandırılmalıdır. Lakin məncə, burada şagirdlərlə müəllimləri eyni kateqoriyada qiymətləndirmək düzgün olmazdı. Şagirdlər, xüsusilə azyaşlılar, təhsil və tərbiyə prosesində olduqları üçün onların geyim qaydalarına yanaşma ilə yetkinlik yaşına çatmış müəllimlərin dini inancları və fərdi hüquqları arasında müəyyən fərqlər nəzərə alınmalıdır. Müəllimlər də təhsil müəssisəsinin müəyyən etdiyi peşəkar geyim standartlarına əməl etməlidirlər, amma bu standartların dini etiqad azadlığı ilə münasibəti ayrıca hüquqi və etik qiymətləndirmə tələb edir. Vahid geyim qaydalarının müəllimlərə də tətbiqi onların dini inancları ilə bağlı həssaslıq doğurduğundan, bu məsələdə daha ətraflı izah və hüquqi aydınlıq vacibdir".
Müsahibimiz əlavə edib ki, digər mühüm məsələ isə belə qərarların hansı vaxtda və hansı prosedurla tətbiq edilməsidir:
"Mən hesab edirəm ki, cəmiyyətdə həssaslıq doğuran bu cür qaydalar tədris ili başlamazdan əvvəl geniş ictimai müzakirəyə çıxarılmalı, müəllimlərə, valideynlərə və digər maraqlı tərəflərə əvvəlcədən məlumat verilməlidir. Çünki tədris prosesi başladıqdan sonra yeni tələblərin tətbiqi, xüsusilə uzun müddət həmin geyimdə çalışan müəllimlər üçün ciddi çətinliklər yaradır. Bu insanlar işlərini itirmək və ya öz dini inancları ilə peşə fəaliyyətləri arasında seçim etmək məcburiyyətində qalmaq riski ilə üzləşirlər.
Mənim fikrimcə, belə hallarda müəllimlərin hüquqları və əmək təminatları da nəzərə alınmalıdır. Əgər yeni qaydalar müəyyən müəllimlərin mövcud vəzifələrində işləməsinə mane olursa, keçid müddəti müəyyən edilməsi, onların əvvəlcədən məlumatlandırılması, hüquqi məsləhətlə təmin olunması və uyğun alternativ iş imkanlarının araşdırılması kimi tədbirlər nəzərdən keçirilməlidir. Əlbəttə, bu, qanuni tələblərin avtomatik olaraq tətbiq edilməməsi demək deyil. Sadəcə, qərarların icrası zamanı insanların sosial vəziyyətinə də diqqət yetirilməlidir".
Qoşqar Bəylərov vurğulayıb ki, belə bir məsələnin yalnız inzibati qərarlarla həll olunması əvəzinə, parlamentdə, təhsil ictimaiyyətində və cəmiyyətdə geniş müzakirə edilməsi daha sağlam ictimai dialoqa şərait yarada bilərdi:
"İctimai müzakirələr bütün tərəflərin razılaşacağına zəmanət verməsə də, qanunun məqsədinin izah edilməsinə, yaranan sualların cavablandırılmasına və mümkün problemlərin əvvəlcədən müəyyənləşdirilməsinə kömək edə bilər və bu məsələ ətrafında yaranan gərginliyin azaldılmasına daha çox imkan yaranardı".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








