Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdurGələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışları düzgün qiymətləndirən, dövlətin inkişafına və xalqın rifahına töhfə verməyə hazır olan vətəndaşların yetişdirilməsindən gedir. Çünki dövlətin davamlı inkişafı iqtisadi və texnoloji imkanlarla bərabər, həm də onun mənəvi dayaqları, tarixi yaddaşı və vətəndaşlarının vətənpərvərlik düşüncəsi ilə müəyyən olunur.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndərin 1996-cı ildə Gənclərin I Forumunda səsləndirdiyi "Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir" fikri bu gün də öz aktuallığını qoruyur. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, milli-mənəvi dəyərlər keçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyin qorunmasının, dövlətçilik ənənələrinin davamlılığının və gələcək inkişafın əsas amillərindən biridir.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd etmiş, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkmişdir. Bu yanaşma milli-mənəvi tərbiyənin daha geniş mahiyyətini ortaya qoyur. Milli kimliyini dərk edən, tarixi inkişafımızın səbəb və nəticələrini anlayan gənc, dövlətimizin nailiyyətlərini təkcə imkanlar kimi yox, eyni zamanda əvvəlki nəsillərin səylərinin və tarixi mübarizənin yekunu olaraq qiymətləndirir. Hər bir gənc anlamalıdır ki, bu gün malik olduğu hüquq və imkanlar yalnız üstünlüklər deyil, həm də gələcək nəsillər qarşısında cavabdehlik yaradır. Buna görə milli-mənəvi tərbiyənin əsas nəticəsi öz tarixini və ənənələrini bilən, öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən, milli maraqlara və dövlət mənafelərinə bağlı vətəndaş olmalıdır.

Bu prosesin təməli ailədə qoyulur, təhsil müəssisələrində isə sistemli şəkildə inkişaf etdirilir. Ailə uşağın insanlara, ictimai mühitə, Vətənə və özünə münasibətinin ilkin əsaslarını formalaşdırır. Təhsil həmin mənəvi əsasları bilik, analitik düşüncə və hüquqi mədəniyyətlə tamamlayır. Lakin müasir dövrdə gənclərin mənəvi-ideoloji baxışlarına təsir göstərən üçüncü mühüm amil də var: informasiya məkanı. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt bilik əldə etmək imkanlarını genişləndirməklə yanaşı, müxtəlif ideoloji təsirlərin yayılmasını da sürətləndirir.

İnformasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir. Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək və müxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığı olmadıqda, geniş informasiya imkanları yanlış istiqamətlənmə risklərini də artıra bilər. Buna görə müasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və qərarlarını sağlam mühakimə əsasında vermək bacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gəncləri kənar təsirlərdən qorumaqla yanaşı, onların ictimai həyatda fəal və prinsipial mövqe tutmasına da imkan yaradır.

İnsanın dünyagörüşünün təşəkkül tapmasında dini biliklər və mənəvi dəyərlər də mühüm yer tutur. Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında zənginləşməsi xüsusi əhəmiyyət daşıyır. Dini anlayışların düzgün mənimsənilməsi ilə xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, dini inancın isə həmin inancdan sui-istifadə edən manipulyativ çağırışların fərqləndirilməsi vacibdir.

Bizim yanaşmamız aydındır: dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət ölkənin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan meyarlardır.

Dünyəvi dövlət dini dəyərləri inkar etmir, əksinə, onları qorumaq üçün mükəmməl hüquqi mexanizmlər təqdim edir. Çünki dünyəvilik dövlət idarəçiliyinin hüquq və qanunçuluq əsasında həyata keçirilməsini, vətəndaşların dinindən və etiqadından asılı olmayaraq bərabərliyinin qorunmasını, dini etiqad azadlığının təmin edilməsini nəzərdə tutur. Bu model həmin insanların dini inanclarına hörmət göstərilməsi, həm də müxtəlif dünyagörüşlərinə malik vətəndaşların ümumi hüquqi çərçivədə dinc və təhlükəsiz yaşaması üçün əsas yaradır.

Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Halbuki milli kimliklə müasirlik arasında məcburi seçim yoxdur. Milli dəyərlərə bağlılıq elmi biliklərə, texnoloji yeniliklərə və müasir düşüncəyə açıq olmağa maneə yaratmamalıdır. Azərbaycan cəmiyyətinin birliyi də milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının və dünyəvi dövlətin təməl qaydalarının uzlaşdırılmasına əsaslanır. Müxtəlif dini və mədəni mənsubiyyətə malik insanların ümummilli maraqlar, qanun qarşısında bərabərlik və qarşılıqlı hörmət əsasında bir arada yaşaması ictimai sabitliyin mühüm şərtidir. Bu birliyin qorunması üçün yalnız ortaq dəyərlərin təşviqi deyil, hüquqi mədəniyyətin və vətəndaş öhdəliyinin inkişaf etdirilməsi də vacibdir.

Nəticə etibarilə, milli-mənəvi tərbiyənin əsas məqsədi yalnız öz tarixini bilən deyil, onu anlayan; yalnız ənənələrə bağlı olan deyil, onları müasir dövrün tələbləri ilə uzlaşdırmağı bacaran; yalnız informasiya əldə edən deyil, onu təhlil edərək düzgün qərar verən vətəndaş yetişdirməkdir. Məhz buna görə də milli-mənəvi dəyərlər müasir düşüncəyə, fərdi azadlıq və vətəndaşlıq məsuliyyətinə, dini etiqad azadlığı isə dünyəvi dövlət prinsiplərinə qarşı qoyulmamalı, əksinə, bu dəyərlər və komponentlər bir-birini tamamlayan, milli kimliyin qorunmasına, sağlam ictimai şüurun və vətəndaşlıq borcunu dərk edən mövqeyin formalaşmasına xidmət edən bütöv bir ideoloji sistemin tərkib hissələri kimi qəbul edilməlidir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15:13 288
.

Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti

13:21 291
.

Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!

I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu

22:30 2
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

17:38 207
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

20:43 158
.

İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12:50 268
.

Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər

Sakit musiqi insanları daha sağlam yeməklər seçməyə sövq edə bilər. Makaoda aparılan araşdırmada həzin melodiyaların səsləndiyi vaxtlarda faydalı məhsulların alışlarda payı daha yüksək olub. xarici mediaya istinadən xəbər verir ki, Makaо Elm və Texnologiya Universitetinin tədqiqatçıları musiqi fonunu

19:30 148
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

14:00 231
.

Madyar gələn həftə Zelenski ilə görüşəcək

Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə

20:45 109
.