Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"

Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil""Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bir parçası olmasına rəğmən, dünyəvi dövlət quruluşunu təsbit etdi".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib. O qeyd edib ki, bu seçim Azərbaycanın dövlət idarəçiliyinin dini prinsiplər əsasında deyil, dünyəvi əsaslarla həyata keçirilməsini nəzərdə tuturdu:

"Beləliklə, ölkəmizin nə qonşu İran, nə də digər teokratik dövlətlərdə olduğu kimi, ali ruhani sistemləri, dini şuralar və ya xilafətə bənzər idarəetmə modelləri vasitəsilə yönləndirilməsi seçildi. Heydər Əliyev kimi hərtərəfli dövlət xadimi yaxşı fərqində idi ki, ağır işğal illərində Azərbaycana qarşı həyata keçirilən ideoloji təzyiqlərin səbəblərindən biri də ölkədə yalnız dini təmələ söykənən dövlət modelinin formalaşdırılmasına yönələn cəhdlər idi. Lakin bu yola gedilmədi. Bu, çox düzgün addım idi. Çünki çoxmillətli, müxtəlif dinlərə, o cümlədən səmavi dinlərə etiqad edən insanların yaşadığı ölkəmiz çox mühüm strateji yol seçdi. Ulu öndər dini ziyarətgahların, o cümlədən Mədinə xatun türbəsinin və möhtəşəm məscid-ziyarətgah komplekslərinin açılışlarında iştirak edən, bu məkanların təqdimatı zamanı tarixi fikirlər səsləndirən lider idi. Eyni xətti möhtərəm Prezident İlham Əliyev də davam etdirdi. Ötən onilliklər ərzində ölkədə məscidlərin, ibadət yerlərinin və ziyarətgahların sayı 2389-a çatıb. Bu, kifayət qədər böyük rəqəmdir. O cümlədən hörmətli Mehriban xanımın rəhbərliyi ilə bu proseslər geniş və hərtərəfli xarakter alıb. Söhbət təkcə İslam dini ilə bağlı məkanlardan getmir. Pravoslav və katolik kilsələrinin, hətta Romaya qədər uzanan dini irsin ayrı-ayrı nümunələrinin təmiri və bərpası, müxtəlif dinlərin bir arada yaşamasının təmin edilməsi bu siyasətin tərkib hissəsidir. İslam daxilində şiə və sünni məzhəblərinin nümayəndələrinin birgə namaz qılması da Azərbaycanın həqiqətən tolerant ölkə olduğunu sübut edir".

Müsahibimiz əlavə edib ki, təhsil sistemimizi də bu xəttə uyğun qurmağa və formalaşdırmağa çalışmışıq:

"Təəssüf ki, qardaş Türkiyədə sonradan dövlət və xalq üçün böyük təhlükəyə çevrilən FETÖ şəbəkəsi sübut etdi ki, təhsil sahəsində dini meyillər və ideologiyalar önə çəkilir, tədris proqramları bu istiqamətdə qurulursa, bu, gələcəkdə dövlətin ələ keçirilməsinə xidmət edə bilər. Çünki belə proseslər uzunmüddətli strateji planlara əsaslanır və nəticələri ortaya çıxdıqda qarşısı çətin alınan silaha çevrilə bilər. Bu baxımdan, bu gün təhsildə vahid məktəbli formasının tətbiqi məsələsinin hicaba qarşı mübarizə, İslamla savaş və ya yəhudilərin idarə etdiyi bir proses kimi təqdim olunması, məsələnin hicabla məktəbli formasının qarşıdurması şəklində qoyulması İran təmayüllü qüvvələrin informasiya platformalarında geniş şəkildə aparılan təbliğatın tərkib hissəsidir. Biz şəhid ailələrinin və qazilərimizin övladlarının müəyyən edilmiş geyim qaydalarına görə məktəblərdən geri qaytarılması fonunda yaranan reaksiyaların səmimi və təbii olduğunu anlayırıq. Lakin bütün bu etirazların İmam Hüseyn şüarları, onun məktəbi və müxtəlif faciəli, dramatik hadisələrlə bağlı görüntülər, videolar və qısa çarxlar vasitəsilə montaj edilərək informasiya vasitələrində gücləndirilməsi, bu yolla virtual səfərbərliyin aparılması Azərbaycana qarşı ideoloji təzyiqin tərkib hissəsidir. Cənab Prezident də müvafiq çıxışlarında sözügedən məsələyə xüsusi yer ayırıb və həyat tərzimizə müdaxilə risklərini siyasi institutlarımızın qarşısında duran çağırışlar kontekstində diqqətə çatdırıb. Belə bir şəraitdə biz görürük ki, İran profilli sahələrdə uzun illərdir fəaliyyət göstərən bəzi şəbəkələr və onlarla eyni istiqamətdə hərəkət edən digər saytlar, məsələn, Azərbaycan Araşdırmalar Mərkəzi, Azariha, Ziya əs-Salihin və digər profillər müxtəlif platformalarda fəal şəkildə anti-Azərbaycan təbliğatı aparırlar. Məqsəd Azərbaycanla İslam ölkələri arasında münasibətlərə zərbə vurmaq, ölkəmizin hicaba qarşı mübarizə apardığı görüntüsünü yaratmaqdır. Sanki məktəb bir mübarizə poliqonudur və burada dini inancı olmayanlarla hicab taxanlar arasında kəskin sərhəd çəkilib, bunun ətrafında ciddi qarşıdurma mühiti formalaşdırılır".

Deputat vurğulayıb ki, hətta bir qədər də irəli gedərək bunun Allahın hökmünə qarşı çıxmaq olduğu iddia edilir:

"Diqqət edin: Allahın buyruqlarına hörmətlə yanaşdığını bildirən, lakin işğal olunmuş ərazilərimizdə məscidlərin dağıdılmasına və orada insanların hicab taxmaq imkanından məhrum edilməsinə qarşı uzun illər etiraz səsini qaldırmayan qüvvələr indi guya müəllimlərimizin və ya azyaşlı övladlarımızın hüquqları uğrunda mübarizə aparırlar. Bu mövqe qətiyyən qəbul edilə bilməz. Azərbaycanda hicaba qadağa qoyulmayıb. Sadəcə, məktəblərdə vahid geyim forması tətbiq olunur və bütün şagirdlər bu qaydalara uyğun geyinməlidirlər. Buraya pravoslavlar, katoliklər və digər dini icmaların nümayəndələri də daxildir. Bu, ümumi birlik və bərabərlik mühitinin yaradılmasına xidmət edir. Əslində, heç kim özünü hansısa başqa icmanın və ya alternativ bir toplumun üzvü kimi hiss etməməlidir. İnsanlar ictimai yerlərdə, hətta dövlət orqanlarında və dövlət binalarında belə, qanunvericiliyin tələbləri çərçivəsində istədikləri geyimdə rahat şəkildə iştirak edə bilirlər. İranın özündə isə Məhsa Əmininin ölümü ilə bağlı hadisələr hicaba qarşı etirazların genişlənməsinə səbəb olmuşdu. Çünki dini geyim üzərindən teokratik rejimlərini və diktaturalarını möhkəmləndirən, eyni zamanda bu dini modeli dünyaya ixrac etməyə çalışan qüvvələr indi Azərbaycan insanının guya dini örtüyünə və Peyğəmbərimizin buyurduqlarına qarşı çıxdığını iddia edirlər.
Halbuki Məhəmməd Peyğəmbərin dövründən başlayaraq İslam tarixində məscidlər yalnız ibadət məkanları deyil, həm də təhsil və maarifçilik mərkəzləri olub. Məscidlər elmin və maarifçiliyin yayılmasına xidmət edib. Peyğəmbərimizin dövründən gələn bu ənənə dini məkanların maarifçilik funksiyasını daşıdığını göstərir. İndi dövləti məsciddən yönləndirmək tərəfdarı olan qüvvələr Azərbaycanı İslam dövlətinə çevirməklə nəyə nail olmaq istəyirlər?
Ona görə də düşünürəm ki, bu proses Azərbaycana qarşı ideoloji hücumların tərkib hissəsidir. Üstəlik, bu, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivinin yaxınlaşdığı, Azərbaycanın müxtəlif regional və beynəlxalq layihələr həyata keçirdiyi, yeni təhlükəsizlik arxitekturasının formalaşdırıldığı mühüm bir dövrə təsadüf edir".

Zahid Orucun fikrincə, cəmiyyətimiz bu proseslərə hazır olmalıdır:

"Bu məsələyə səmimi duyğularla etiraz edənləri anlayışla qarşılasaq da, bilməliyik ki, söhbət milləti və dövləti formalaşdıran əsas institutlardan biri olan məktəblərdən gedir. Əgər biz məktəbləri qarşıdurma meydanına çevirsək, bu, cəmiyyətimiz üçün ciddi problemlər yarada bilər. Bəziləri iddia edir ki, Vətən müharibəsində döyüşənlərin anaları hicablıdır. Bu, doğrudur. Lakin biz şəriət ordusu yaratmamışıq. Hər bir insanın öz inancına uyğun olaraq Allaha bağlılıq hissi ilə düşmənin üzərinə getməsinə hörmətlə yanaşırıq və bunu yüksək qiymətləndiririk. Möhtərəm Prezident Şuşaya səfərləri və işğaldan azad edilmiş ərazilərdəki ziyarətləri zamanı Mehriban xanımla birlikdə məscidlərin, Allah evlərinin bərpası və qorunması istiqamətində mühüm addımlar atır. Həmin ziyarətlərdə Mehriban xanım özü də müvafiq dini geyimdə olur. Bununla yanaşı, hicab taxmadan da ötən illər ərzində İslam sivilizasiyasına və dinə münasibətini ən yüksək ehtiramla nümayiş etdirib. Ona görə də hesab edirəm ki, hazırkı vəziyyət Azərbaycana qarşı xarici müdaxilələrin və ideoloji hücumların tərkib hissəsidir. Bu prosesdə təkcə İranın deyil, təəssüf ki, qardaş Türkiyədəki teokratik düşüncəni müdafiə edən bəzi qüvvələrin və neoosmançıların da iştirak etdiyini görürük. Orada da öz maraqları və hesabları olan, lakin fərqli təbliğat aparan müəyyən qüvvələr mövcuddur. Eyni yanaşmanın bir sıra digər İslam ölkələrində də müşahidə olunduğunun şahidi oluruq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 123   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 120
.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliye

10:09 194
.

"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil

İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind

12:02 318
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11.10.2026 327
.

Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar

"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri

11:13 143
.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

10:00 142
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, idxalı

11.10.2026 306
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12:59 210
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 157
.