Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?

Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsi 14 faizdən 10 faizə endiriləcəyi gözlənilir.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Yeni yanaşma fiziki şəxslərin vergi yükünün azaldılması, eləcə də kirayə bazarının stimullaşdırılması məqsədi daşıyır.

Vergi dərəcəsinin azaldılması kirayə bazarının ümumi inkişafına və dövlət büdcəsinə necə təsir göstərəcək?

BiG.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, kirayə üzrə gəlir vergisinin endirilməsi müsbət haldır. Onun sözlərinə görə, bu, bütün hallarda vergidən yayınmanın qarşısının alınması məqsədi daşıyır.

"Aparılan monitorinqlər göstərir ki, bu sahədən büdcəyə daxilolmaların həcmi çox deyil. Xüsusən də nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Bu kontekstdən gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsində məqsəd həm bu sahənin "ağardılmasına", həm də dövlət büdcəsinə həmin mənbədən daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir. Nəticə etibarilə digər ölkələrin də təcrübəsi göstərir ki, kirayə vergiləri bütövlükdə gəlir vergilərində vergi növlərindən biridir. Ona görə də bu istiqamətdə şəffaflıq, kirayə müqavilələrinin sayının artırılması əsas səbəblərdəndir. Bütün bunlarla yanaşı, eyni zamanda, biz kirayə üzrə gəlir vergisinin daha da azaldılmasını təklif edirik", - deyə o qeyd edib.

V.Bayramov əlavə edib ki, digər ölkələrin təcrübəsinə görə, kirayə sektorunda vergi dərəcələrinin aşağı olması kirayə müqavilələrinə marağı artırır: "Bu da həmin mənbədən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan verir. Təbii ki, kirayə üzrə gəlir vergisi dərəcələrinin azaldılması təqdirəlayiqdir. Gözlənilir ki, bu addım həmin sahədə kirayə müqavilələrinin sayının artmasına və büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq".

Gəlir vergisinin ödənməsi bundan sonra necə tənzimlənəcək və bu məsələnin rəsmi qaydada aparılması üçün hansı addımların atılması gözlənilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi əməliyyatları vergiyə cəlb edilən əməliyyatlar olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatların mövcudluğu davam edir.

"Əməliyyatların rəsmiləşməsi üçün sadə inzibatçılıq və aşağı vergi yükü təşviqedici amil kimi çıxış edir. 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota alınmadan agent şəxs (hüquqi və ya fiziki şəxs) müəyyən etməklə öz vergi öhdəliklərini yerinə yetirilmək vəzifəsini həmin şəxslərə həvalə etmək hüququ verilib. Kirayə gəlirlərindən vergilərin bəyan olunması və ödənilməsi üzrə inzibatçılığın sadələşdirilməsi kontekstində növbəti addım kirayə gəlirləri üzrə vergi yükünün azaldılmasıdır.

Qanunvericiliyin qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlakın icarəyə (kirayəyə) verilməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olmaqla xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. Kirayə bazarı üzrə "ağarmaya" və könüllü əməletməyə nail olunmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulur. Daşınmaz əmlakların sahibkarlıq fəaliyyəti ilə bağlı icarəyə verilməsindən əldə olunan gəlirlər üzrə isə mövcud qaydada 14 faiz dərəcə ilə vergilənmə davam etdirilir", - deyə qurumdan bildirilib.

Vergi dərəcəsinin azalması kirayə bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilərmi, həmçinin bu yenilik ev sahibləri və kirayəçilər üçün bazarda hansı müsbət təsirləri yarada bilər?

İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, Vergi Məcəlləsində kirayə vergisi üzrə vergi yükünün azaldılması sahəsində hökumətin atdığı bu addım müsbət haldır. O vurğulayıb ki, hazırda həm kirayədən, həm də icarədən 14 faiz vergi tutulur və dəyişikliklər təsdiq olunarsa 2026-cı il yanvarın 1-dən etibarən icarə anlayışı kirayə anlayışından fərqləndiriləcək və fiziki şəxslər arasında mənzilin kirayə verilməsi ilə əlaqədar vergi yükü azalacaq.

"Hökumətin əsas məqsədi ondan ibarətdir ki, insanların vergi yükü azalsın. Eləcə də fiziki şəxslər arasında kirayə məsələsində vergidən yayınma halları azalmış olsun. Fiziki şəxslər vergidən yayınmaq üçün öz aralarında qeyri-formal münasibət yaradaraq rəsmiləşdirilmə aparılmadan, vergi bəyan etmədən kirayə müqaviləsi bağlayırdılar. Artıq hökumət də bu sahədə nəzarəti artıracaq. Burada əsas məqsəd kirayə müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, vergidən yayınma hallarının qarşısını almaqdır. Təbii ki, bütün bunlar kirayə bazarında şəffaflığın artırılması, vergi yığımının stimullaşdırılması ilə nəticələnəcək", - deyə o qeyd edib.

X.Kərimli əlavə edib ki, digər bir əsas məqsəd əhalinin Vergi Məcəlləsinə daha yaxşı riayət etməsi üçün iqtisadi stimulun yaradılmasıdır: "Bu dəyişiklik daşınmaz əmlak bazarında gəlirlərin leqallaşmasına gətirib çıxaracaq. Vətəndaşlar artıq kirayə mənzillərindən qazandıqları gəlirləri də rəsmi gəlir kimi göstərə biləcəklər".

Ekspert vurğulayıb ki, vergi yükünün azaldılması ilə bağlı hökumətin həyata keçirdiyi proqressiv tədbirlər 2026-cı ildə qiymətlərə həlledici təsir etməyəcək. Onun sözlərinə görə, yalnız şəffaflaşmadan sonra verginin bazara təsiri haqqında danışmaq olar.

"Çünki kirayə bazarında şəffaflaşmaya 2026-cı ildə start veriləcək. Bir çox vətəndaş vergidən yayındığına görə, faktiki olaraq bu, ya əmlak bazarında kirayə qiymətlərinin bahalaşması hesabına, ya da kirayə verənlərin gəlirlərinin azalması hesabına kompensasiya oluna bilər. Bu, həm də kirayə bazarında formalaşan tələb-təkliflə əlaqədar məsələlərdən asılı olacaq. Hazırda kirayədən gələn gəlirin ümumi kirayə bazarının neçə faizini təşkil etdiyinə dair rəsmi məlumatlar olmadığına, həmçinin atılacaq addımların bu bazara necə təsir edəcəyinə dair proqnozlar mövcud olmadığına görə kirayə vergisinin optimallaşdırılmasının bazara təsiri haqqında danışmaq hələ tezdir", - deyə X.Kərimli qeyd edib.

Kirayə müqaviləsi bağlanarkən vergi orqanlarına məlumat verilməzsə hansı məsuliyyət tədbirləri tətbiq oluna bilər?

Vəkil Roman Qaraşov bildirib ki, kirayə müqaviləsi bağlanarkən bu barədə vergi orqanlarına məlumat verilməməsi, yəni kirayə gəlirinin bəyan edilməməsi, İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən vergidən yayınma kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır. O qeyd edib ki, bu maddəyə görə, az miqdarda - yəni 50 min manatdan yuxarı olmayan məbləğdə vergilərin və ya sığorta haqlarının ödənilməsindən yayınma halında, şəxsə vergidən yayınmış məbləğin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilir.

"Başqa sözlə, kirayə gəliri bəyan edilmədikdə və dövlət büdcəsinə ödənilməli vergi tutulmadıqda, həmin məbləğin üçdəbiri ilə təxminən üçdə ikisi arasında maliyyə sanksiyası tətbiq oluna bilər. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilmiş mühüm bir güzəşt də mövcuddur: Əgər şəxs bu əməli ilk dəfə törədibsə və vergidən yayınma nəticəsində yaranmış zərəri tam şəkildə (yəni ödənilməli olan vergi və sığorta haqlarını) ödəyərsə, o, inzibati məsuliyyətdən tam azad olunur. Bu norma həm vergi intizamını təmin etmək, həm də vergi ödəyicilərinə könüllü şəkildə öhdəliklərini yerinə yetirmək üçün əlavə stimul yaratmaq məqsədi daşıyır. Nəticə etibarilə kirayə gəlirlərinin vaxtında və düzgün bəyan olunması həm hüquqi məsuliyyət riskini aradan qaldırır, həm də dövlətlə vergi ödəyicisi arasında qarşılıqlı etimadın və şəffaf münasibətlərin formalaşmasına xidmət edir", - deyə vəkil diqqətə çatdırıb.

Onun fikrincə, bu qərarın məqsədi yalnız vergi yükünü azaltmaq deyil, həm də icarə münasibətlərinin leqallaşdırılması, vergi bazasının genişləndirilməsi və vergi intizamının gücləndirilməsidir.

"Yüksək vergi dərəcələri uzun illər ərzində icarə gəlirlərinin bəyan edilməməsinə, yəni qeyri-rəsmi münasibətlərin genişlənməsinə səbəb olmuşdu. 10 faizlik dərəcə bu istiqamətdə könüllü bəyanetmə motivasiyasını artıracaq və vergi ödəyicilərinin rəsmi leqallaşmaya meylini gücləndirəcək. Bu yanaşma iqtisadi nəzəriyyədə "Laffer effekti" ilə izah olunur. Yəni vergi dərəcəsinin azaldılması bəzi hallarda dövlətin ümumi gəlirlərinin azalmasına deyil, vergi bazasının genişlənməsi nəticəsində artmasına gətirib çıxarır. Ev sahibləri üçün bu qərar həm psixoloji, həm də hüquqi baxımdan rahatlıq yaradır. Onlar artıq yüksək dərəcə səbəbindən qeyri-rəsmi fəaliyyətə meyilli olmayacaq, rəsmi müqavilələr bağlamaqla həm öz hüquqlarını qoruyacaq, həm də gəlirlərini legitim əsasda əldə edəcəklər. Bu, mülki münasibətlərdə hüquqi müəyyənliyi gücləndirəcək və uzunmüddətli icarə əlaqələrinin sabitliyini təmin edəcək. Həmçinin kirayəçilər üçün də dəyişiklik bazarda qiymət sabitliyinə müsbət təsir edəcək. Bu baxımdan qiymət artımı tempinin zəifləməsi və bazar likvidliyinin yüksəlməsi mümkündür. Təbii ki, bu proses bazar strukturundan və inflyasiya təzyiqlərindən asılı olaraq fərqli formalarda təzahür edəcək", - deyə o bildirib.

R.Qaraşov əlavə edib ki, makroiqtisadi planda bu, daşınmaz əmlak bazarında hüquqi etimadı və institusional sabitliyi də möhkəmləndirəcək: "Xarici təcrübə göstərir ki, oxşar mexanizmlər digər ölkələrdə də uğurlu nəticə verib. Məsələn, Polşada 2022-ci ildən fiziki şəxslərin icarə gəlirlərinə 8,5-12,5 faiz arası sadələşdirilmiş dərəcə tətbiq edildikdən sonra qeyri-rəsmi icarə müqavilələrinin payı 30 faizdən çox azalıb. Estoniyada bu siyasət nəticəsində kirayə gəlirlərinin 70 faizdən çoxu rəsmi uçota düşüb. Litvada və Macarıstanda isə oxşar vergi stimulları icarə bazarının şəffaflığını və dövlət büdcəsinə daxilolmaları əhəmiyyətli dərəcədə artırıb. Bu kontekstdə Azərbaycan üçün də bu addım həm sosial ədalət, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyətli nəticələr doğura bilər. Ümumiyyətlə, 10 faizlik vergi dərəcəsi balanslaşdırılmış qərardır - bir tərəfdən bazar iştirakçılarını leqallaşmaya təşviq edir, digər tərəfdən isə dövlətin fiskal sabitliyini qoruyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 15 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 379
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 180
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

15.11.2026 177
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 183
.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

15.11.2026 176
.

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl

15.11.2026 185
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

15.11.2026 337
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15.11.2026 362
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 156
.