Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb: İlham Əliyev iştirakçılara müraciət edib

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb: İlham Əliyev iştirakçılara müraciət edibPrezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərində keçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalət mühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təmin olunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıram.

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür.

Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmiz və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır. 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur. 30 il əvvəl - 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəmə sistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir. İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir. Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır.

Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir.

Sizi Bakıda bir daha ürəkdən salamlayır, 67-ci illik iclasın işinə uğurlar arzulayıram".

18:00

Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ - International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub.

Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.

Oktyabrın 14-də "Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil ediləcək.

Assambleya çərçivəsində, həmçinin, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti vəzifəsinə seçkilərin keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, oktyabrın 12-dən 17-dək "Ədalət mühakiməsi rəmzləri" adlı sərgi təşkil olunacaq. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdiriləcək.

Xatırladaq ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 12 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15.11.2026 135
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 182
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

15.11.2026 188
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 164
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15.11.2026 212
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 396
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15.11.2026 154
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15.11.2026 178
.