Prezidentlər mətbuata açıqlamalar verdilər - Yenilənib

Prezidentlər mətbuata açıqlamalar verdilər - YenilənibHazırda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış edirlər.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.

Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir.

Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.

Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.

Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.

Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.

Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.

Hörmətli cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

Sonra İtaliya Prezidenti bəyanatla çıxış edib.

Prezident Sercio Mattarellanın

bəyanatı

-Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram. Aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və cənab Prezident, təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim. Əlbəttə ki, biz sabah İtaliya-Azərbaycan Universitetinin tələbələr kampusunun açılışını edəcəyik. Bu da o deməkdir ki, bir tərəfdən İtaliya universitetləri, digər tərəfdən Azərbaycan universitetləri əməkdaşlıq edəcəklər.

Cənab Prezident mənə bildirdi ki, yeddi il öncə biz böyük bir sənaye obyektinin açılışında olduq. Onu da qeyd etdi ki, bunun çox böyük rəmzi əhəmiyyəti var. Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir.

Cənab Prezident burada qeyd etdi ki, sabah açılışını edəcəyimiz universitetdə təhsil alacaq çoxsaylı tələbələr ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklər. Əlbəttə ki, bu münasibətlərə gəldikdə, ölkələrimiz arasında əlaqələr çox yaxşıdır və gördüyünüz kimi, bir neçə tədbirləri təşkil edirik. İndi növbəti tədbirimiz də olacaq. Təbii ki, bunu biz çox yüksək dəyərləndiririk. Əməkdaşlığımız - Azərbaycanın bizə açıqlığı, bizimlə gördüyü işlər, işbirliyimiz göz qabağındadır.

Mən Prezident Əliyevə bildirdim ki, sizin Avropa İttifaqı ilə əməkdaşlığınıza gəldikdə, İtaliya öz tərəfindən addımlar atacaqdır. Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm. Cənab Prezidentə minnətdaram ki, ikinci dəfədir məni ölkəsinə dəvət edib. Təbii ki, Siz burada, həmçinin İtaliyanın rolunu da qeyd etdiniz. Buna görə mən Sizə təşəkkürümü bildirirəm. Həmçinin qonaqpərvərliyinizə görə minnətdaram.

Qeyd edim ki, sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.

Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır. İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 30 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Krımda hərbi təyyarə qəzası: 29 nəfər həlak olub

Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi Krımda qəzaya uğrayıb. " xarici mediaya istinadən xəbər verir ki, təyyarənin qalıqları bir neçə saat sonra aşkar edilib. RIA Novosti mənbələrinin məlumatına görə, An-26 uçuruma çırpılıb. Qəza nəticəsində 29 nəfər - 6 heyət üzvü və 23 sərnişin həla

11:02 221
.

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK - İyun ayınadək...

Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyəti dövlət orqanları (qurum) ilə razılaşdırılması prosesi iyun ayınadək yekunlaşacaq. Bizim.Media xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahəd

31.03.2026 553
.

Alimlər Yer mantiyasında gözlənilməz deformasiya aşkar etdi

Yer mantiyasının dərinliklərində alimlər ən geniş yayılmış minerallardan birində gözlənilməz xüsusiyyətlər aşkar ediblər. Əvvəllər nadir hesab olunan kiçik qüsurların əslində planetimizin daxili qatlarında baş verən hərəkətlərdə daha böyük rol oynaya biləcəyi müəyyən edilib. Qaynarinfo xəbər verir ki

31.03.2026 450
.

Əfqanıstan və Pakistan sərhəd münaqişəsini həll etmək üçün Çin vasitəçiliyi ilə görüş keçirir

Çinin iştirakı ilə Əfqanıstan və Pakistan nümayəndələri sərhəddəki hərbi münaqişəni dayandırmaq məqsədilə üçtərəfli danışıqlara başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, görüş Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilir və Əfqanıstanın təşəbbüsü ilə reallaşıb. Danışıqlarda hər ik

15:22 135
.

Tofiq Musayev Bakıda belə qarşılandı - Video

Mütləq Döyüş Çempionatında (UFC) qələbə qazanan Azərbaycan təmsilçisi Tofiq Musayev Bakıda çoşqu ilə qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, o, bu gün səhər saatlarında döyüşün keçirildiyi ABŞ-dən ölkəmizə qayıdıb. T.Musayevi hava limanında azarkeşlər və federasiya rəsmiləri qarşılayıb. Qey

12:39 228
.

Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi (FOTO)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayə

10:21 287
.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

12:05 216
.

Bazarlarda Tərəvəzlərin Dad və Keyfiyyəti Təhlükədə - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son zamanlar bazarlarda məhsul keyfiyyətində ciddi problemlər müşahidə olunur. Xiyar alanda su dadı hiss olunur, pomidor isə təəssüf ki, təbii dadından uzaq, bəzən hətta balıq kimi qoxu və dad verərək yeyilməz olur. Bu vəziyyət həm gündəlik ailə büdcəsinə, həm də sağlam qidalanma vərdişlərinə mənfi təsi

14:46 177
.

Yer bunu 500 milyon il gizlədib: Planetin altında qəribə maqnit siqnalı tapıldı

Uzun illər ərzində alimlər Yer kürəsinin demək olar ki, hər guşəsində tədqiqatlar aparıblar. Bu araşdırmalar qədim sirlərin izahına kömək etsə də, "The Pulse" nəşrinin yazdığına görə, yaşı 500 milyon ilə çatan süxurların aşkar edilməsi xüsusilə diqqət çəkir. Qaynarinfo-nun məlumatına görə

31.03.2026 443
.

TOP MP3