"Tufan olacaq, hər yer dağılacaq, bir mən qalacağam..."

"Tufan olacaq, hər yer dağılacaq, bir mən qalacağam..."Masallı rayonunda ötən ilin mayında qisas məqsədilə törədilən qətlin məhkəməsi hökmsüz başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti ona cəza təyin edilməsini mümkünsüz edib.

Hadisə ötən ilin may ayında Qasımlı kəndində yerləşən kafelərin birində baş verib. Dəhşətli cinayətin tərəfləri isə eyni kəndin sakinləri- təqsirləndirilən Aslan Ağazadə və mərhum Semur Alışanovdur. Hadisə vaxtı Aslan 30, Semur isə 53 yaşında olub.

Cinayət ani mübahisədən doğmayıb. Araşdırmanın nəticələrindən və Aslanın istintaqa verdiyi ifadələrdən hadisənin səbəbi aydın olub. Aslan Semura düz 9 il nifrət bəsləyib və illərlə ondan qisas alacağı günü gözləyib.

Məlum olub ki, Aslan və Semur uzun illər Rusiyada yaşayıb və onların düşmənliyi də həmin vaxtdan başlayıb. 9 il əvvəl Aslanın əmisi Semurla ailə məsələsinə görə mübahisə edib, mübahisə nəticəsində sonuncu onu bıçaqlayıb. Hadisədən sonra həmin şəxs istintaqdan yayınmaq məqsədilə Azərbaycana qayıdıb.

Aslan isə Semurun əmisinə qarşı hərəkətlərini qəbul etməyib, o vaxtdan qisas almaq arzusu ilə yaşayıb.

Semur sonralar yenidən Rusiyaya qayıtsa da, orada həbs edilib. Bu səbəbdən Aslan qisas almaq üçün illərlə gözləmək məcburiyyətində qalıb.

İllər sonra Rusiya-Ukrayna müharibəsi başlayanda onlar ikisi də Azərbaycana qayıdıb.

Aslan fürsətdən istifadə edərək cinayət planını qurmağa başlayıb. Günlərlə fikirləşdikdən sonra dostu Xanmuradı da bu plana cəlb edib. Xanmurad Aslana Semuru öldürməkdə kömək edəcəyini vəd edib. Bundan sonra qətl üçün silah əldə etmək qalıb. Aslan qohumlarından birinə məxsus ov tüfəngini gizli yolla ələ keçirib. Əlavə olaraq bıçaq da hazırlayıb və Semurla üzləşəcəyi günü gözləyib.

Rusiyada başlayan ədavətin Azərbaycandakı sonu- Qətl günü

Növbəti gün Xanmurad verdiyi vədə əməl edərək Semura zəng edib və onu çay içmək üçün kafeyə çağırıb. Bəlli vaxtda Aslan da ora gəlib.

İstintaq materiallarında yazılıb ki, Aslan kafedəki digər insanların da təhlükə ilə üzləşə biləcəyini düşünmədən Semurun əyləşdiyi stola yaxınlaşıb və onu ürəyindən güllələyib. Daha sonra isə müstəsna qəddarlıq göstərərək yaralıya son nəfəsini verənə qədər bıçaq zərbələri endirib.

Aslan qisasını aldıqdan sonra hadisə yerindən birbaşa polis şöbəsinə gedib və təslim olub. Ona xüsusi amansızlıqla adam öldürmə və başqasına məxsus odlu silahı ələ keçirmə maddələri ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Amma onun istintaq təcridxanasında keçirdiyi günlər uzun sürməyib.

Tibbi ekspertiza nəticəsində Aslanın psixi xəstəlikdən əziyyət çəkdiyi və cinayəti anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib. Bu səbəbdən prokurorluq qərar qəbul edərək onun təcridxanadan çıxarılmasını və xüsusi tibb müəssisəsinə yerləşdirilməsini təmin edib.

İstintaq materialları daha sonra baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işini hakim Neymət Məmmədovun sədrlik etdiyi hakimlər araşdırıb.

Prokurorluq məhkəməyə təqdim etdiyi sənəddə müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətdiyini qeyd edərək ona cəza təyin edilməməsini təklif edib.

Hakimlər təqsirləndirilən şəxsdən ittihama münasibətini soruşarkən o, əvvəlcə özünü təqsirli bilmədiyini desə də, sonradan qeyri-adekvat ifadələr işlətməyə başlayıb.

Onun dediklərini olduğu kimi təqdim edirik: "Semuru öldürməmişəm. Siqaret istəyirəm. Mən İmam Zaman ağayam. Zühur edəcəyəm, 313 nəfər yığıb Azərbaycana gələcəyəm. Xanmuradı tanımıram. Rusiyada saxlanılıram, istəyirəm ki, məni Azərbaycana aparsınlar. Əmilərimin harada olduğunu bilmirəm. Mənim maşınım olmayıb, velosipedim olub. Semuru tanımıram. Mən peyğəmbər kimi adamam, inanmayan peşman olacaq. Bu yerə gələnə qədər göylərdə yaşamışam. Yemək istəyirəm. Mən Qasımlı kəndində olmamışam. Üzümü həkimlər təmizləyir. Tufan olacaq, hər yer dağılacaq, bir mən qalacağam. Əvvəllər velosipedim var idi, onu sürürdüm. Acam, yemək istəyirəm."

Qeyd edək ki, Aslan cinayətkar kimi tanındığı ilk günlərdə istintaqa sərbəst ifadə verib və törətdiyi əməli etiraf edib.

Cinayət planında adı hallanan Xanmurad da məhkəmədə şahid qismində ifadə verib. O, ifadədə Aslanın Semuru öldürmək niyyətindən xəbərdar olmadığını iddia edib.

Bütün ifadələr, sübutlar və tərəflərin arqumentlərini nəzərə alan hakimlər prokurorun təklifini düzgün hesab ediblər. Bu əsasla ittihamedici hökm əvəzinə qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə Aslan Ağazadə ittiham edildiyi cinayətlərdə təqsirli bilinib. Lakin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və psixi xəstəlikdən əziyyət çəkdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, cəza çəkmək əvəzinə, bəlkə də ömrünün sonuna qədər Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1178   Tarix: 20 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub

İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman

09.09.2026 171
.

Sabah Bakıya yağış yağacaq

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

09.09.2026 246
.

Almaniya media orqanı Putinin Qərb sanksiyalarına qarşı "unikal kozırına" işarə edib

Mülki nüvə enerjisi Rusiya üçün təsir vasitəsinə çevrilərək Prezident Vladimir Putinin ikinci nüvə arsenalına və "unikal kozırına" çevrilib. xəbər verir ki, Almaniyanın "Frriankfurter Rundschau " (FR) qəzetinin jurnalistləri bu nəticəyə gəliblər. Məqalənin müəllifləri 400-dən ço

09.09.2026 137
.

Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -

09.09.2026 162
.

"PİSA göstəricilərində müsbət yerlərə gəlmək üçün ciddi addımlar atırıq" - İLKİN MƏHƏRRƏMOV

PISA 2025 Azərbaycanın təhsil göstəricilərində yeni mənzərə ortaya qoydu. 91 ölkənin iştirak etdiyi qiymətləndirmədə Azərbaycan hər üç əsas istiqamət üzrə ən böyük irəliləyiş göstərən ölkələr sırasında yer aldı. Bu nəticələr təkcə rəqəmlərin dəyişməsi deyil, həm də ölkənin təhsil sitemində aparılan islahatları

09.09.2026 212
.

ABŞ ordusu İranın hərbi gəmilərinə zərbələr endirməsi ilə bağlı xəbərləri təkzib edir

ABŞ Mərkəzi Komandanlığı X-də paylaşım edərək İran qüvvələrinin Yaxın Şərqdə fəaliyyət göstərən hərbi gəmilərini vurduğu barədə məlumatları təkzib edib və bütün cəhdlərin uğursuz olduğunu bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, "İranın İslam İnqilab

09.09.2026 191
.

Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın

09.09.2026 139
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

09.09.2026 302
.

Kirayəyə verdiyim pulla öz evimi alım" - bu fikir 2026-cı ildə həqiqətən sərfəlidirmi?

Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki

09.09.2026 204
.