Şuşa həbsxanasında ermənilərin işgəncə verdikləri qazi: "Bıçaqla gözümü çıxartdılar" - MÜSAHİBƏ

Şuşa həbsxanasında ermənilərin işgəncə verdikləri qazi: "Bıçaqla gözümü çıxartdılar" - MÜSAHİBƏ"Əsirlikdə olanda bir gün erməni nəzarətçi gələrək əsirlərin hamısını sıraya düzdü. Mənə dedi ki, "sizə torbada Yeni il hədiyyəsi gətirmişəm". Əmr etdi ki, torbadakı "Yeni il hədiyyəsi"ni çıxarım. Əlimi saldım, torbadan baş çıxdı. Bu, Zaqataladan olan Fərman adında oğlanın kəsilmiş başı idi".

Bunu Oxu.Az-a müsahibəsində bir il səkkiz ay Şuşa həbsxanasında əsir olan qazi Cavid Hüseynov deyib.

Müsahibəni təqdim edirik:

- Cavid bəy, nə vaxt əsir düşmüşdünüz

- Mən 1973-cü ildə dünyaya göz açmışam. Əslən Qərbi Azərbaycandanam. Lakin Beyləqan rayonunda yaşamışam. Evin tək oğluyam. O zaman tək oğlanları əsgər aparmırdılar. Mən də könüllü olaraq Birinci Qarabağ müharibəsində döyüşə getdim. Həmin vaxt mənim 20 yaşım var idi. 1994-cü il yanvarın 5-də əsir götürüldüm. 1995-ci il mayın 8-nə qədər erməni əsirliyində oldum. Hazırda Biləcəri qəsəbəsində yaşayıram. Evliyəm, üç övladım var.

- Ermənilərin əlinə necə keçmişdiniz?

- 1993-cü ilin dekabr ayının sonu idi. Ermənilər bizi mühasirəyə aldılar. 1994-cü ilin yanvar ayının 5-də mən və döyüş yoldaşım Ramiz yaralı halda əsir düşdük. Tankçı idim. Bizi əsir götürdükdən sonra döyüb, olmazın işgəncələr verdilər. Tankın arxasına qoşub sürüdülər. Bizi irəli apardılar. Orada bir neçə azərbaycanlı əsgəri güllələdilər. Gecə bizim əl-ayağımızı bağlayıb maşının arxasına atdılar, Ağdama gətirdilər.

Ağdama çatanda gördük ki, xeyli əsir var. Ağdamda bir gecə qaldıq. Nə ilə gəldi döyürdülər. Hətta bizi öldürməyi belə düşünürdülər. Komandirləri zəng edib dedi ki, "öldürməyin, dəyişəcəyik". Sabahı gün bizi Xankəndiyə gətirdilər. Daha sonra vaxtı ilə sovet ordusunun 366-cı motoatıcı alayının yerləşdiyi hərbi hissəyə apardılar. Gördük ki, 35 nəfər azərbaycanlı var. Bizi orada saxladılar, zülmlər gördük. Əsirlikdə olan Zakiri və İlhamı döyə-döyə öldürdülər.

Mən hərbçi kimi əsir düşmüşdüm. Lakin əsir götürülənlər arasında həm hərbi, həm də mülki şəxslər var idi. Füzuli, Qubadlı, Ağdam, Cəbrayıl və digər rayonlardan əsirlər var idi. Səkkiz ay Xankəndidə qaldım. Bizi işlədirdilər, işğal etdikləri ərazilərdəki evləri sökdürür, meşələrdən odun qırdırırdılar.

- Əsirlikdən qurtulmaq üçün qaçmağı düşünmüşdünüzmü?

- Bir gün biz Ağdama mazut daşımaq üçün gedəcəkdik. 11 nəfər idik. Plan qurmuşduq ki, qaçaq. Planımızı kimsə ermənilərə çatdırmışdı. Gəlib bizi ayırdılar. 11 nəfərdən mən də daxil üç nəfəri Xocavəndə odun qırmağa apardılar. Orada axşama qədər işlədik, sonra bizi döyməyə başladılar. Mənim barmağıma balta ilə vurdular. Mən erməni dilini bilirdim. Onların danışığından başa düşdüm ki, bizimkilər bunların nəzarətçilərini öldürüblər. Acığını belə çıxdılar.

Əsirlikdə Qubadlıdan Eyvaz kişi var idi. Onun ayaqları tutulmuşdu. Yaşlı adam idi. Onu müvəqqəti saxlama təcridxanasına apardılar. Dedilər ki, bir aparat ixtira ediblər, o aparat insan bədənini əridib, sabuna döndərir. Bildirdilər ki, eksperiment kimi Eyvaz kişini orada həmin aparatdan keçiriblər, oradan laxtalanmış qan çıxıb.

1994-cü ilin sonu idi, bayram günü. Bizi sıraya düzdülər. Qar yağmışdı. Dedilər, orada torba var, sizə Yeni il hədiyyəsi gətirmişik. Torbaya yaxınlaşanda gördüm ki, qanlıdır. Bildim ki, bundan Yeni il hədiyyəsi olmaz. Dedilər ki, "aç". Açan kimi əlim saça dəydi. Bildim ki, başdır. Zaqataladan Fərman adında oğlan vardı, onun başını, əllərini kəsib torbaya yığmışdılar. Başı ortalığa qoydum. Bizə dedilər ki, "öpün". Şəhid olmuş qardaşımızın başı idi. Biz də öpdük.

- Şuşa həbsxanasına sizi nə zaman göndərdilər?

- 1994-cü ilin sonlarında bizi Şuşa həbsxanasına apardılar. Orada xeyli sayda azərbaycanlı var idi. Azərbaycanlı əsir qadınları Xankəndidəki uşaq xəstəxanasında saxlayırdılar.

Şuşa həbsxanasında da bizi işlədirdilər. Bir dəfə Şuşa həbsxanasının keçmiş rəisi Vahanın abidəsinin açılışı üçün işləməyə apardılar. Yer buz bağlamışdı. Orada qəfildən donmuş borunu başıma vurdular. Həmin boru başımda qırıldı. Kəllə sümüyüm əzildi.

Huşumu itirdiyim üçün məni qarın içində basdırıblar. İş qurtarandan sonra uşaqlar məni qarın altından çıxarıblar. Zənn ediblər ki, ölmüşəm. Amma məni atmayıblar. Sürüyə-sürüyə həbsxanaya gətiriblər. Oraya çatanda Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin gəldiyini görüblər. Qala divarından aşağı atıblar ki, məni heç kim görməsin. Onlar gedəndən sonra bizimkilər məni çıxarıblar. Boğazıma uşaqlar isti su tökürmüşlər ki, özümə gətirsinlər. Xeyli müddət qarın altında qaldığımdan əl-ayağımı don vurmuşdu.

1995-ci ilin mart ayında gəlib hamımızı sıraya düzdülər. Mənim əl-ayağımı dəmir barmaqlıqlara bağlayıb, döyməyə başladılar. Bir erməni soruşdu: "Qarabağ bizimdir, sizin?" Mən də dedim, bizim. Dəyənəyi gözümün üstünə vurdu. Gözümdən qan fışqırdı. Ayıldım ki, kameraya gətiriblər. İstədim, əlimi gözümə aparım. Əlim üzümə çatmamış gözümə dəydi. Çox şişmişdi. Əsir yoldaşlarımdan soruşdum ki, mənim gözüm yerindədir? Baxdım ki, hamı məyusdur. Nəsə deyə bilmədilər.

Aradan iki-üç gün keçmişdi, gözümün şişi çəkilmirdi, görmürdüm. Çirk eləmişdi. Bir erməni bıçağı gözümə soxdu, gözümü çıxarıb atdı ki, yararsızdır. Mənə dedilər ki, Qırmızı Xaç Cəmiyyətinin işçilərinə meşədə yıxıldığımı deyim. Mən də demədim. Gözümü çıxarandan sonra məni çox gizlətdilər. "Ölüm kamerası" deyilən yerdə məni üç gün xlorlu suyun içində saxladılar. Nəhayət Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gəldilər. Vəziyyəti görüb bunlarla mübahisə etdilər. Məni Xankəndidə yerləşən uşaq xəstəxanasına apardılar. Gözüm pis vəziyyətdə idi. Dəhşətli ağrılarım vardı. Heç ağrıkəsici iynə də vurmaq istəmirdilər. Düşmən yenə də düşmənliyini edirdi. Don vurduğu üçün hətta mənim əl-ayağımı da kəsmək istəyirdilər.

- Əsirlikdən necə xilas oldunuz?

- Mənim qabırğalarımı sındırmışdılar. Ayağımın biri yox idi. Gözüm o vəziyyətdə idi. İşə yaramayacaqdım. Gəlib bizi sıraya düzdülər. Dedilər ki, kimin adı çəkilsə, bir addım qabağa çıxsın. Sonum olduğumu düşünürdüm. Fikirləşdim ki, öldürməyə aparırlar. Adlarımız çəkildi. Daha sonra getdilər. Mat qaldıq ki, niyə belə etdilər. Aradan yarım saat sonra gəlib dedilər ki, "sabah evə gedirsiniz".

Həmin an nə hisslər keçirdiyimizi bir Allah bilir. Xəstəxanada gözümü pəncərəyə zilləmişdim ki, səhər açılsın, çıxım gedim. 1995-ci il mayın 8-i idi. Bizi Qırmızı Xaç Cəmiyyətinin qərargahına apardılar. Səliqəyə saldılar. 15 nəfər idik, bunun da cəmi üç nəfəri hərbçi. Ağdamda dəyişdilər.

- Ailəniz əsirlikdən qayıtmaq xəbərinizi necə qarşıladı?

- Onlar səkkiz ay sonra əsirlikdə olduğumu bilmişdilər. Ailəmə mənim öldüyüm də deyilmişdi. Sonra da itkin kağızı vermişdilər. Mən əsirlikdən gələndə artıq Bakıdakı evimizin ünvanı dəyişilmişdi. Xəstəxanadan evə zəng vurdum, heç kəs götürmədi. Qonşuya zəng vurdum. Dəstəyi götürən qadın inanmadı, ağladı, huşunu itirdi. Sonra oğluna izah etdim. Dedi ki, anangil evi satıb, çıxıblar, harada olduqlarını bilmirik. Bizi Bakıya gətirən avtobus sürücüsü uzaq qohum idi. Nömrəsini vermişdi. Mən ona zəng edib dedim ki, ailəmi tapa bilmirəm. O biri əsirlikdən azad olunanların ailəsi xəstəxanada idi, bir mən tək idim.

Gecə saat bir radələri idi. Ağrılara görə iynə vurdurub yatmışdım. Yeriməyə halım yox idi. Tibb bacısı gəlib dedi ki, sizi görmək istəyənlər var. İnanmadım. Birdən səs eşitdim. Aşağıdan adımı qışqırdıqlarını eşitdim. Həmin vaxt gözüm sarıqlı idi. Tibb bacısından xahiş etdim ki, gözümü aç, anam bilməsin. Tibb bacısı açmadı. Dedi ki, açsam, mikrob düşər. Ayaq yox, göz sarıqlı... Mən çıxanda anam huşunu itirdi. Anam gecə səhərə qədər oradan ayrılmadı, daşın üstündə oturmuşdu.

Daha sonra müalicələrim davam etdi. Protez göz qoyuldu. Bu biri gözümdə də xəsarət var idi. Hazırda beş xəstəliyim var. 30 dəfə əməliyyat olunmuşam.

- "İşgəncələr məbədi - Şuşa həbsxanası" adlı sənədli filmdə iştirak etmisiniz.

- Mənfur, üzdəniraq qonşumuzun xalqımıza elədiyi zülmləri ictimaiyyətə çatdırmalıyıq. Ölkəmizin çiçəklənməsi, ərazi bütövlüyü üçün əlimizdən nə gəlirsə, hazırıq. Nə qədər çətin olsa da, danışmalıyıq. Gələcək nəsillər başımıza gətirilən zülmlərdən xəbərdar olmalıdır. Ümidvaram ki, gələcək nəsil bunları unutmayacaq, düşmənin bir daha ərazi iddiası qaldırmağına icazə verməyəcək. 44 günə torpaqlarımız azad olundu. Çox şükür, bu günləri də gördük.

Biz bədənimizin əzalarını itirsək də, hər zaman döyüşməyə hazırıq. Canımız Vətənə fəda olsun. 2020-ci il Vətən müharibəsində ön cəbhəyə yardım göndərdim.

Torpaqlarımız azad olunanda sevincimin həddi-hüdudu olmadı. Müharibə bitəndən dərhal sonra Şuşa həbsxanasına getdim. Çox qəribə hisslər keçirdim. Dünya başıma fırlandı. Keçmişdə bütün yaşananlar gözümün önündə canlandı. O həyatı sanki yenidən yaşadım.

Hər gecə yuxuda yaşadığım işgəncələri görürəm. Zəfərdən sonra bizə Şuşa həbsxanasında zülm edən ermənilərin məhkəməsində də iştirak etdik. Güllələnmə cəzasının verilməsini istədik. Lakin 20 il həbs cəzası aldılar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.