Azərbaycanda dəhşət: Arvadının pozğun olduğunu dedi, gecə yataq otağına gəlib yandırmaq istədi

Azərbaycanda dəhşət: Arvadının pozğun olduğunu dedi, gecə yataq otağına gəlib yandırmaq istədiGəncə şəhərində 1982-ci il təvəllüdlü Camal ailə münaqişəsi zəminində keçmiş arvadı Cəmaləni (adlar şərti verilib – red.) yandırmağa cəhd edib.

Teleqraf.com xəbər verir ki, Camal Kəpəz rayon Məhkəməsinin 3 iyun 2015-ci il tarixli qətnaməsi əsasında rəsmi nikah münasibətlərinə xitam verilmiş Cəmalənin işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanasında əxlaqsızlıqla məşğul olmasından şübhələnib. O, Cəmaləni qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirmək üçün o, içərisində benzin olan plastik qabı, eləcə də ov bıçağını götürərək 2020-ci ilin aprelin 2-dən 3-ə keçən gecə saat 1 radələrində sərxoş vəziyyətdə Cəmalənin yaşadığı evə yollanıb. Darvazanın bağlı olduğunu görüb, hasardan atlanaraq yaşayış evinin ikinci mərtəbəsinə qalxıb. Evin giriş qapısının şüşələrini sındırıb, Cəmalənin yatdığı otağa daxil olub. Onu yandırmaqla öldürəcəyi ilə hədələyib.

Daha sonra Cəmalənin üzərinə özü ilə gətirdiyi benzini töküb, əlində olan alışqanla yandırmaq istəyib. Onların yuxudan oyanan yetkinlik yaşına çatmış qızları atasına mane olub. Otağa gələn Cəmalənin anası Leyla da bu əməlin qarşısını almaq istəyib.

Camal alışqanı yandıran zaman Leyla onun əlindən almağa çalışıb. Yanılı vəziyyətdə olan alışqan yatağa düşüb və yorğan-döşək alışıb.

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Cəmalə onun həyat yoldaşı olub:

"2000-ci ildə rəsmi ailə həyatı qurmuşuq. Birgə nikahdan 3 övladımız olub. Cəmalə ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, bir müddət sonra mənim spirtli içki və narkotik aludəçisi olmağımı əsas gətirərək mübahisələr etməyə başladı. Münasibətlərimiz pisləşdi.

Cəmalə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etdikdən sonra 2014-cü ildə nikaha xitam verildi. Məhkəmənin qərarı ilə uşaqlar onun himayəsində qaldı. Sonrakı dövrdə barışaraq Cəmalə ilə bir yerdə yaşamaq üçün cəhdlər etdim. O isə mənim spirtli içki və narkotik aludəçisi olduğumu bəhanə gətirərək barışmaq istəmədiyini, içkidən və narkotikdən uzaqlaşacağım təqdirdə barışacağını dedi. Bir neçə dəfə onu öldürməklə qorxudaraq barışmaq istəmişəm. Lakin nəticə əldə edə bilməmişəm".

Camalın sözlərinə görə, hadisədən bir gün əvvəl keçmiş arvadına zəng edib, içkini atdığını deyib:

"Barışmağımızı xahiş etdim. Amma qəti olaraq buna etiraz etdi. Aprelin 2-də saat təxminən 22 radələrində Cəmalənin sözündən təsirlənərək əsəbiləşdim. Yaşadığım evdə təkbaşına xatırlamadığım miqdarda araq içdim, sərxoş oldum. Cəmalənin dediyi söz yadıma düşdü.

Qərara gəldim Cəmalənin yaşadığı evə gedim, onu qorxudum ki, bəlkə mənimlə barışar. Buna görə evdən çıxanda özümlə 5 litrlik boş su qabını və idarə etdiyim "KamAz" markalı maşından pəncərəsinə qoyduğum bıçağı götürdüm. Dəqiq yadımda qalmayan yanacaqdoldurma məntəqəsinə getdim, oradan benzin aldım. Taksi ilə Cəmalənin yaşadığı evə gəldim.

Bıçağı götürməkdə məqsədim Cəmalənin yaşadığı evin qapısı bağlı olduğu təqdirdə bıçağı qapının arasına salıb, güc tətbiq etməklə sındırmaq olub. Gecə vaxtı olduğundan qapının bağlı olacağını düşündüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, bütün cəhdlərə baxmayaraq qapını aça bilməyib:

"Bu səbəbdən yan tərəfdə olan evin darvazasının üzərindən keçdim, Cəmalənin yaşadığı evin məhəlləsinə düşdüm. Evin ikinci mərtəbəsinə qalxdım. Giriş qapısı bağlı olduğundan bıçaqla da qapını aça bilməyəcəyimi düşündüm.

Zərbə ilə qapıya vuran kimi qapı açıldı. Qapının üzərində olan şüşə sınaraq yerə töküldü. Əlimdə olan su qabındakı benzinlə birgə evin içərisinə daxil oldum. Cəmalənin yatdığı yataq otağına girdim.

Bu zaman Cəmalə səs-küyə oyandı. Yataqdan qalxaraq mənə tərəf gələndə onun dediyi sözlərə görə qorxutmaq üçün əlimdə olan su qabındakı benzinin hamısını üzərinə tökdüm. Cibimdən alışqanı çıxardım ki, Cəmaləni qorxudum və mənimlə barışaraq əvvəlki kimi birlikdə yaşayaq.

Bu zaman qızım və qaynanam Cəmaləni alışqanla yandıracağımı düşündü. Onlar mənə tərəf gəldi, buna mane oldular".

Camal deyib ki, Cəmalə qışqıraraq səs-küy salmağa başlayıb:

"Səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyatlandım, artıq onu qorxutduğumu düşündüm və otaqdan çıxdım. Bu vaxt şalvarımın kəmər hissəsinə qoyduğum bıçaq yerə düşdü.

Evdən çıxaraq məhəlləyə gəldim. Darvazanı arxa hissədən açdım, küçəyə çıxaraq yaşadığım evə getdim. Həmin vaxtdan iki-üç gün sonra məni polis idarəsinə çağırdılar. Polis idarəsində olan zaman Cəmalənin şikayət etdiyini bildim".

Camal ifadəsində göstərib ki, hadisədən əvvəlki vaxtlarda uşaqlarını görmək üçün Cəmalənin yaşadığı evə gedib:

"Həmçinin barışmaq üçün öz yaxın qohumlarımı da onun yaşadığı evə göndərmişəm. Qohumlarımla birlikdə də onlara getmişəm.

Cəmalənin üzərinə benzin tökdükdən sonra cibimdəki alışqanı çıxaranda sadəcə onu qorxutmaq istəmişəm. Cəmaləni yandıraraq öldürmək niyyətim olmayıb.

Həmin vaxt nə alışqanı yandırmışam, nə də ki yandırmağa cəhd göstərmişəm. Halbuki Cəmaləni yandırıb öldürmək üçün imkanlarım olub. Bunu etməmişəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Cəmalənin sözlərinə görə, Camalla birgə nikahdan iki qızı, bir oğlu olub:

"Sonradan ərim tüfeyli həyat tərzi keçirməyə, spirti içkilər qəbul etməyə və narkotik istifadə etməyə başladığı üçün münasibətlərimiz korlandı. Camal dəfələrlə sərxoş və narkotikin təsiri altında evə gələrək mübahisələr yaradır, məni döyür və ayrılacağımız halda öldürəcəyini söyləyirdi.

Əvvəlki vaxtlar bu barədə heç kimə heç nə deməsəm də, sonradan Camalın hər gün gələrək məni döyüb, söydüyünə dözmədim. Bu səbəbdən boşanmağı qərara aldım. 2014-cü ildə nikahımıza məhkəmə tərəfindən müvafiq qaydada xitam verildi.

Camalla boşandıqdan sonra məhkəmənin qərarı əsasında övladlarım himayəmə verildi. Camalın üzərinə məhkəmə tərəfindən uşaqları üçün aliment öhdəliyi qoyuldu.

Camal uşaqların aliment pulunu ödəməkdən boyun qaçırmağa başladı".

Cəmalə deyib ki, həyat yoldaşı boşandıqdan sonra daha da içki içməyə, narkotik qəbul etməyə qurşanıb və qumar oynamağa meyillənib:

"Ayrılmağımıza baxmayaraq keçmiş ərim məndən əl çəkmədi, rahat yaşamağa imkan vermədi, tez-tez telefonla zəng etdi, məni söyüb təhqir edərək hədələdi. Yaxud sərxoş vəziyyətdə yaşadığımız evə gəldi, orada dava-dalaş salaraq məni pozğunluqda günahlandırdı, öldürəcəyinə and içirdi.

Camal iş yerimdə pozğunluqla məşğul olaraq müxtəlif şəxslərlə əlaqəmin olduğunu deyir, işdən çıxmağımı tələb edirdi.

Bir yandan məni pozğunluqda günahlandırır, digər tərəfdən barışmağa məcbur edirdi. Barışmayacağımı dedikdə məni ölümlə hədələyir, imkan düşən kimi öldürəcəyini bildirirdi".

Cəmalənin ifadəsinə görə, sonuncu dəfə aprelin 2-də gecə saatlarında Camal ona zəng edib:

"Məni bir daha pozğunluqla məşğul olmaqda günahlandıraraq, öldürəcəyi ilə hədələdi. Lakin onun dediklərinə məhəl qoymadım, həmişəki kimi danışdığını fikirləşdim. Danışığından sərxoş olduğunu və ya narkotikdən istifadə etdiyini başa düşdüm. Buna baxmayaraq həmişə olduğu kimi yatdıq.

Gecə saat təxminən 1 radələrində övladlarım Ləman, Aysel, Murad və anam evin ikinci mərtəbəsində, atam isə birinci mərtəbədə yatan zaman olduğumuz mərtəbənin giriş qapısının şüşəsinin qəfil sındırılması səsini eşitdik. Tez yuxudan oyandıq. Camalın gəldiyini gördüm.

Camal qapını qıraraq yatdıqları otağa daxil oldu. Yatdığımız otağın işığı sönülü olsa da, bayır qapının üstündən asılmış lampa yanılı olduğundan içəri işıq düşdüyü üçün otaqda hər şey aydın görünürdü. Camal ünvanıma söyüş söyə-söyə mənə yaxınlaşdı. Onun bir əlində içərisində maye olan 5 litrlik plastik qab, digər əlində isə alışqan vardı.

Yatdığım çarpayıdan ayağa qalxaraq övladım Ləmanın üzərinə benzin tökülməsin deyə yerə düşdüm. Camal mənə yaxınlaşdı, əlində olan plastik qabın ağzını açaraq içindəki mayeni üzərimə tökdü. Qışqıraraq təkrar-təkrar "səni yandırıb öldürəcəm" dedi. Həmin vaxt qorxumdan yerimdə donub qalmışdım".

Cəmalənin bildirdiyinə görə, özünü itirib, qışqırmağa, Camala yalvarmağa başlayıb:

"Əllərimlə Camalın qollarından tutaraq müqavimət göstərdim. Eyni zamanda tək gücümün çatmadığını gördüm, çarpayının altında gizlənmək istədim.

Camal bir əli ilə ayağımdan tutdu, çarpayının altından çıxarmağa çalışdı, digər əlində olan alışqanla da məni yandırmaq üçün alışqanı çaxdı. Qızım Ləman müdaxilə etdiyinə görə alışqan yanmadı. Ləman cəld əl ataraq Camalın əlində olan alışqanın baş hissəsindən tutdu, ona alışqanı yandırmağa imkan vermədi.

Bu zaman otaqdan qaçmaq istədim. Camal Ləmanı əli ilə kənara itələdi, mənim saçımdan tutaraq dartdı. Yenə iki qızım və anam Camala mane oldular".

Cəmalə deyib ki, əlində bıçaq ola-ola Camal ailə üzvlərinin əlindən çıxmağa çalışıb, ona doğru gəlib:

"Araya girən övladlarım və anamın üzərindən bir neçə dəfə bıçaqla məni vurmaq istədi. Lakin arxaya tərəf getdiyim və anamla uşaqlarım Camalın qollarından tutduqları üçün bıçaq mənə dəymədi.

Ani olaraq şərait yarandığını gördüm, qapıya tərəf qaçdım. Pilləkənlərlə evin birinci mərtəbəsinə qaçdım, hamama girib, qapını bağladım. Oğlum atama xəbər verdiyi üçün yuxudan oyandı.

Bundan sonra atam bizim olduğumuz yerə gəldi. Camalın qışqırıq səslərindən və səsin mənə yaxın olmasından hiss etdim ki, arxamca gəlir. O, həyətdə uca səslə ünvanıma söyüşlər söydü, məni öldürəcəyini dedi. Bayıra çıxmağımı tələb etdi. Atam Camalın cavabını verdi, o da atamı söyüşlərlə təhqir etdi. Atamın polis çağıracağını dediyini eşitdim, Camalın qaçaraq getdiyini bildim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Camal 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2449   Tarix: 14 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3