BŞBPİ-nin eks xidmət rəisi oğlunun düşdüyü ağır qəzadan yazdı: "Ata, qan içindəyəm..."

BŞBPİ-nin eks xidmət rəisi oğlunun düşdüyü ağır qəzadan yazdı: "Ata, qan içindəyəm..."2017-ci il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş vermişdi. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru" markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado" markalı avtomobilə vurmuş, idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel" markalı avtomobilə çırpılmışdı. F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölmüş, digər 2 sərnişin - A. Rəhimov və bir sərnişin xəsarət almışdı.

Arif Rəhimov o zamanlar BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri - jurnalist Qalib Arifin oğludur. Həmkarımız – hadisədən sonra vəzifəsindən azad edilən Qalib Arif həmin hadisə ilə bağlı insanın ürəyimni ağrıdan bir yazı yazıb.

Qaynarinfo "Jurnalistin jurnalistdən başqa dostu yoxdur?!" adlı həmin yazını təqdim edir:

"Yaddaşımın Kəbəsindən asılan "Qara daş" kimidir bu xatirələr. Hər zaman unutmaq istəyirəm, amma heç zaman unuda bilmirəm. 2017-ci il, 7 sentyabr... Atam Arif müəllim həmişə deyərdi ki, 7 rəqəmi bizə, bizim nəslə düşür... Həmin gün də ayın 7-si, cümə axşamı idi. İndi dumanlı xatırlayıram, deyəsən saat 5 idi, 5-10 dəqiqə ora-bura da ola bilərdi. Qəzetin axırıncı səhifəsinə qol çəkdim və mətbəəyə göndərdim. Ağır iş həftəsinin sona çatdığını ləzzətlə xatırlayıb (bizim qəzet həftəlik olsa da, kollektiv kiçik idi, hərəmiz iki nəfərin yerinə işləyirdik), iştahla məlum saytların birini açdım...

İşim belə idi, mətbuat katibi, qəzet redaktoru idim, hər saatdan bir saytları açırdım, vərəqləyirdim, bizdən, ölkədən yazılanlara baxırdım, son xəbərləri arayırdım. İşimin çəmini tapmışdım, onlarla sayta baxmağa vaxtım olmasa da, 3-4 "xəbər oğrusu" var, onlara baxırdım. Bunlar da işin səmtini tapmışdılar, uzağı, yaxını gəzib, xəbər axtarmırdılar, eləcə Azərbaycanın internet məkanında "qarğa-quzğun" kimi dövrə vururdular, harda nə tapsalar, istər sensasiya olsun, istər skandal, istərsə də seks, istər ölü olsun, istər diri - fərqi yoxdur, dərhal üstünə "qonur", yoxlamamış, dəqiqləşdirməmiş sayta qoyurdular. Adları da ki, göz dəyməsin, göydə Allahın, yerdə dağların adını daşıyırdı. Bunlar peşəkarlıqdan, jurnalistikadan nə qədər uzaq olsalar da, mənim işimə bir o qədər yarayırdılar. Vaxt itirmirdim, 5-10 dəqiqədə şəhərdə, ölkədə nə baş verdiyini bilirdim.

Nə isə, həmin gün saat 5-də qəzetin işini yekunlaşdırdım və "quzğun" saytlardan birini, deyəsən, dağ adı daşıyanı açdım. Diqqətimi cəlb edən ilk xəbər "Salyan şosesində ağır yol qəzası" oldu. Əvvəla, mən özüm Salyan şosesində, Azərbaycan Prezidentinin jurnalistlərə hədiyyə etdiyi binada yaşayıram. Sonra bu mənim işimlə birbaşa bağlı xəbər idi, dərhal tıkladım. Xəbərin mahiyyəti təxminən belə idi: "Salyan şosesində bir neçə maşının iştirakı ilə ağır yol qəzası baş verib. "Subaru" markalı avtomobil qabaqda qəfil saxlayan "Prado"markalı avtomobilə çırpılıb, əks yola çıxıb və qarşıdan sürətlə gələn "Opel" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. İlkin məlumatlara görə ölənlərdən biri jurnalist Qalib Arifin oğlu Arifdir"...
Burdan o yana oxuya bilmirəm, kövrəlirəm, bu Qalib Arif kimdirsə, özümü onun yerində hiss edirəm, onun dərdini çəkirəm. Bilənlər bilir (bilməyənlər də bilənlərdən soruşsun), mən 30 ildən çoxdur ki, peşəkar jurnalistəm, yazıçıyam, çörəyim qələmdən çıxır. Odur ki, hər bir qələmdaşımın sevincini öz sevincim, dərdini öz dərdim bilirəm. Qərəz, birinci dəqiqədə mən Allahın qəzəbinə gəlmiş, oğlunu itirmiş qələmdaşımın halına acıyıram, ağlayıram. İkinci dəqiqədə hiss edirəm ki, mən bu bədbəxt insanı tanıyıram. Yalnız 3-cü dəqiqədə mənə çatır ki, Qalib Arif - oğlunu itirən bədbəxt mən özüməm. Bununla da hər şey bitir – gözlərim qaralır, başım fırlanır, yıxılmamaq ücün (oturan yerdə bu, sadəcə olaraq mümkün deyil) kreslonun dəstəklərindən bərk-bərk tuturam. Ayaqlarım, sonra əllərim boşalır, ürəyim hardasa qulaqlarımın dibində vurmağa başlayır. Ayağa durmaq, qışqırmaq, bağırmaq, bütün dünyanı köməyə çağırmaq istəyirəm. Dura bilmirəm, ağzımı aça bilmirəm, hətta səs tellərim mənə xidmət etməkdən imtina edir. Beləcə, yarı diri, yarı ölü, uzun müddət ölümlə həyat arasında - bitərəf zonada qalıram. Bu uzun müddət 10 dəqiqə də ola bilər, 10 il də. Bilmirəm. Bəlkə mən də ölmüşəm, onu da bilmirəm... Amma bu müddətdə ağ saçlarım daha da ağarır, başımda bir qara tük qalmır...

Yox, yox, deyəsən ölməmişəm – Allah, mən nə üzübərk adamam, hələ sağam. Ürəyim qulaqlarımda baraban çalır, arada hətta sinəmdən çıxmağa çalışır, sinəmə sıxdığım əlimə dəyib geri qayıdır. Elə bu zaman əl telefonum zəng çalmağa başlayır. İşin tərsliyindən səsi də ucadandır, hətta ürəyimin səsini batırır. Telefon sol tərəfdədir, istəyirəm əlimi uzadım, telefonu alıb divara çırpım. Sol əlim sinəmdədir, qaldıra bilmirəm, sağ əlimi qaldırmağa, sola fırlanmağa isə heyim çatmır. Zəng sahibi isə israrlıdır, bir də, bir də zəng çalır. "Adamı adam kimi ölməyə də qoymurlar" fikirləşirəm. "Bəlkə evdəndir, (anamın 80 yaşı var) bizimkilərdir?" – dəhşətə gəlirəm. "Bəlkə jurnalistlərdir, xəbəri dəqiqləşdirmək istəyirlər?" – vəhşətə gəlirəm, göz yaşlarımı saxlaya bilmirəm. "Bəlkə dostlardır, həmkarlardır, dərdimə şərik olmaq istəyirlər?" Bu fikir məni bir az sakitləşdirir, bir az özümə gəlirəm. "Möhkəm ol, kişi, kişinin başına iş gələr, hamımız Allahın altında yaşayırıq. Sənin oğlun Qarabağda ölən oğlanlardan artıq deyi ki?!"

Cətinliklə olsa da, sol tərəfə çevrilirəm (sol əlim qalxmır), sağ əlimlə telefonu götürürəm, cavab verirəm. Allahu Əkbər... Telefondan oğlumun səsi gəlir: "Ata, mən "avariya" eləmişəm... Maşının yarısı yoxdur..." Mən təbiətcə inanclı insanam, amma mövhumatçılıqdan uzağam, Allahdan başqa heç kimə və heç nəyə inanmıram. Amma birdən-birə qatı bir mövhumatçıya çevrilirəm, "yəqin səsi o dünyadan gəlir" fikirləşirəm. Elə bu düşüncə ilə də cavab verirəm: "Bilirəm, can oğul, bilirəm, bütün mətbuat yazır..." Yenidən göz yaşlarıma hakim kəsilə bilmirəm...

Oğlum gərginliyi barometr kimi hiss edir və dərhal cavab verir: "Ata, bilmirəm mətbuat nə yazır, amma mən bir az əzilsəm də, salamatam, evimizin yanındayam, Salyan yolundayam. Yaralıları maşından çıxarmağa kömək edirəm, bütün qanın içindəyəm..." Mən dərhal ayağa qalxıb otaqdan çıxıram, həyətə yüyürürəm. Maşına necə mindiyimi, hadisə yerinə necə gəldiyimi bilmirəm... Yolda oğlum bir də zəng edir: "Ata, "Fövqəladə", polis - hamısı burdadır. Deyəsən, bir nəfər ölən də var, özüm nəbzini tutmuşam". Burda oğlumun səsi qırılır, hıçqırır...

Başılovlu hadisə yerinə çatıram, evimizdən yüzcə metr aralıdır. Təcili yardım maşınları artıq gedib, polis maşınları gözləyir. Oğlum məni görən kimi üstümə gəlir, kövrəlir. Əyilir (hündürdür), boynumu qucaqlayır, "ata, bağışla məni, bağışla" deyir. Bir müddət belə qalırıq, bir-birimizin iyini alırıq, sonra aralanırıq. Gözlərimi üzündən ayıra bilmirəm, "İlahi, sağdır, balam sağdır!" deyirəm, Allahın böyüklüyünə, mərhəmətinə şükr edirəm. Oğlumun əlləri dirsəyə kimi qandır. Diqqətlə baxıram, köynəyi, şalvarı qara olduğundan qan görünmür. Günahkar kimi danışır: "Atilla (dostudur – Q.A) yaralı idi, onu çıxarmışam, "təcili yardıma" mindirmişəm. O biri maşındakı öləni, yaralıları çıxarmağa kömək etmişəm. Tamam qanın içindəyəm..." Yenidən məni qucaqlayır, ağlayır. "İlahi, onun 19 yaşı var, tələbədir" fikirləşirəm, "haran ağrıyır, bala, özünü necə hiss edirsən?" soruşuram. "Hər yerim ağrıyır, ata, ürəyim də bulanır" cavabını eşidirəm. Göz yaşlarımı saxlaya bilmirəm, oğlum görməsin deyə üzümü o yana çevirirəm. Bizim qəzada "həlak olmuş" maşınımız da gedir, artıq evakuatorun üstündədir. Mənə və ailəmizə 10 ildən artıq sədaqətlə qulluq edən köhnə maşınımız bu gün bizə ən böyük xidmətini göstərib – oğlumun və dostunun həyatını xilas edib. Oğlum mənimlə, azadlıqla xudafizləşir, polis maşınına minir. Onun arxasınca həsrətlə baxıram... Yenidən gözlərim yaşarır...

Sonrakı günlər ağır və əzablı keçir. Yaxınların uzaqlığı, uzaqların yaxınlığı, inandıqlarımın alçaqlığı... Mən bu bir həftədə kimin kim olduğunu öyrənirəm, mənə, ailəmizə dəstək olan doğmalarımızın, dostlarımızın qədrini bilirəm. Bu günlədə mən, demək olar ki, heç nə yemirəm, ancaq araq içirəm və çəki itirirəm. Mənə ən böyük zərbəni isə ən çox sevdiyim, bütün həyatımı həsr etdiyim mətbuat vurur. Oğlumun ölüm xəbərini yaydıqları, mənə, bütün ailəmizə ağır yara vurduqları bəs deyilmiş kimi, indi də "məmur oğlu ağır qəza törətdi", "daha bir yüksək səviyyəli məmurun oğlu insan ölümünə bais oldu" kimi yalanlar yayırlar. Oğlum dostu ilə "20-ci sahə" dairəsinə çörək almağa gedib, bunlar isə "dostları ilə əyləncə mərkəzindən gəlir" yazırlar...
Haqdan xəbərsiz olan məlum rusdilli sayt isə "yüksək səviyyəli məmurun oğlu insan ölümünə səbəb oldu" xəbərini düz bir həftə manşetdə saxlayır. (Yeri gəlmişkən, qəzada zərərçəkmişlər bu xəbərləri eşitdilər və faciəni alver predmetinə çevirdilər. Rus reketi kimi hərəsi məndən 100 min istədilər... Jurnalistin pulu hardandır, verə bilmədim, yüz yerə şikayət etdilər... Artıq 5 ildir, ailəmiz evdə çürüyür, oğlumuz türmədə...) Daha dözə bilmirəm, axı, mən dərdimi kimə deyim?! Mən demirəm ki, oğlum cinayət törətməyib, deyirəm ki, qəsdən törətməyib, bu, 3-4 maşının iştirakı ilə baş verən təsadüfi bir qəzadır. Kimdir məni eşidən, kömək edən? Axı, mən nəinki yüksək, heç aşağı səviyyəli məmur da deyiləm, adi jurnalistəm. Həftədə bir dəfə çıxan kiçik bir sahə qəzetinin redaktoruyam (idim...). Aylıq 500 manatlıq maaşa baxan, tələbə övladlarıma gündəlik 2-3 manat verməyə ancaq gücü çatan sadə bir insanam. Oğlum BDU-nun jurnalistika fakultəsinin tələbəsidir (idi...) və əyləncə mərkəzlərini yalnız televizorda görüb. Ailəliklə 10 illik kreditlə, qəpiyi qəpiyə calayıb aldığımız köhnə bir maşınımız vardı, o da belə getdi.

Ailəmizdə və küçəmizdə baş verən, mənim bütün həyatımı alt-üst edən (hələ bunlar nədir ki, hələ məni işdən çıxardılar və bir tikə çörəyə möhtac qoydular) dəhşətli qəzadan sonra ilk dəfə özümü ələ alıram və oğlumun ölüm xəbərini yayan "qarğa-quzğun" saytların hərəsinə bir məktub yazıram: "Mən artıq əllinin keçmişəm, ömrümün yarıdan çoxunu mətbuata həsr etmişəm, minlərlə ictimai-siyasi, yüzlərlə bədii yazının müəllifiyəm. Sözümün canı odur ki, mən də sizin kimi jurnalistəm, çörəyim qələmdən çıxır. Axı mən sizə nə pislik etmişəm ki, oğlumun ölüm xəbərini yoxlamamış, dəqiqləşdirməmiş, belə bəh-bəhlə verirsiz?! Düşünmürsüz ki, mənim oğlumun atası, anası var, üç bacısı var, onlar bu xəbəri oxuyanda nə günə düşəcəkər? Anamın 80 yaşı var, 50 ildən çox Axundov kitabxanasında işləyib, bütün ömrünü sizin kimi jurnalistlərin, müəllimlərin, həkimlərin yetişdirilməsinə həsr edib. Bu qoca nənə sizə nə pislik edib ki, yalandan nəvəsinin ölüm xəbərini yayırsız?! Axı, o bu xəbəri eşitsəydi, dərhal ölə bilərdi... Axı, biz sizinlə yoldaşıq, qələmdaşıq, bir-birimizə arxa olmalıyıq... Axı, jurnalistin jurnalistdən başqa dostu yoxdur..."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Haaland rekordlar kitabına düşdü

Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd

14.08.2026 248
.

XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva

14:59 89
.

Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskl

14.08.2026 446
.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 302
.

İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi

"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib

14.08.2026 256
.

Selena Qomez və anası dələduzluqla ittiham olunurlar

Müğənni Selena Qomez yaratdığı "Wondermind" şirkətinə görə məhkəməlik olub. xarici mediaya istinadən xəbər verir ki, bir qrup investor Selena Qomezi, onun anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirsonu məhkəməyə verib. İnvestorlar bildiriblər ki, "Wondermind" layihəsin

14.08.2026 244
.

Tərtər sakini yanaraq öldü

Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə

15:10 73
.

Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadis

10:54 224
.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14.08.2026 351
.

TOP MP3