Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdürAzərbaycanlı milyonçu, xeyriyyəşi, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin doğumu günündən 199 il ötür.

BAKU.WS xəbər verir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçəri şəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Umxanımın ailəsində dünyaya göz açıb. Bir ehtimala əsasən o, 1823-cü, digərinə, daha etibarlısına görə isə, 1838-ci ildə anadan olub. Hələ uşaq ikən Zeynalabdin anasını itirib və atasının himayəsində yaşayıb. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Ailəsinə kömək məqsədilə balaca Zeynalabdin tikintidə çalışır, gündə 5-6 qəpik pul qazanırdı. Artıq 15 yaşına çatdıqda, o, bənnaçı sənətini mənimsəyir.

XIX əsrin 50-ci illərinin sonu-60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başladı. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodunu satın alır. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvindən sonra H.Z.Tağıyev "Şəriklər" ("Соучастники") birliyinin təsisçilərindən biri kimi 1872-ci ildə Bakıda keçirilmiş ilk müzayiqələrdə iştirak edib. Bir sıra başqa şirkətlər kimi bu birlik də müzayiqə qalibi olub. 1873-cü ildə getdikcə artan ajiotaj şəraitində H.Z.Tağıyev müstəqil olaraq neft işində bəxtini sınamaq qərarına gəlir. O, şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır.

1873-cü ildə "H.Z.Tağıyev neft sənayesi firması" yaradılır. Uzun müddət qazma işləri aparılmasına baxmayaraq neft görünmür. Lakin H.Z.Tağıyev ruhdan düşmür və qəribə bir inamla axtarışı davam etdirir, hətta qazma işlərində şəxsən iştirak edir. 1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurur. Hacı Bakının ən varlı adamlarından birinə, onun az tanınan mədəni isə böyük müəssisəyə çevrilir. Həmin illərdə Bakıya səfər etmiş rus alimi D.Mendeleyev yerli sahibkarlar haqqında bu sözləri deyib: "Kokorevdən sonra burada birinci yeri hökumət tədbirləri və Bakıda Burmeystr, Hacı Tağıyev, Lens və L.E.Nobel kimi xadimlərin səyləri tutur...".

Sonrakı illərdə H. Z. Tağıyevin kiçik neftçıxarma müəssisəsi qazma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilir. XIX əsrin 80-ci illərində H.Z.Tağıyevin firması 10 mln. pud (1 pud = 16,38 kq) neft hasil edirdi, 1893-cü ildə hasilat 20 mln. puda çatıb, 1896-cı ildə isə 32 mln. pudu keçib. "Rotşild qardaşları" Paris bankir evinin məlumatına görə, H.Z.Tağıyevin 20 mln. rubla qiymətləndirilən neft işi "əla və indiki gəlirləri xeyli idi".

XIX əsrin 90-cı illərinin ikinci yarısında Bakı neft sənayesi iri inhisarlar arasında bölüşdürülmüşdü. Rəqabətin uğursuz olacağını anlayan H.Z.Tağıyev mədənləri, neft kəməri, neft daşıyan donanması, dəmiryolu sisternləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa 5 mln. rubla satmışdı. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən "Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət" ("Oleum") yaradıldı. Lakin H.Z.Tağıyev "Oleum"un direktorlarından biri kimi qalmışdı. Onun öz neft biznesini belə ucuz satmasını uzaqgörənliklə, neft sənayesində yeni böhranın baş verəcəyini və bununla əlaqədar neftin hasilatına, daşınmasına olan xərclərin artacağını, ixracla bağlı çətinliklərin olacağını dərk etməsi ilə izah etmək olardı; bəlkə də ona öz planlarını gerçəkləşdirmək üçün böyük pul məbləği lazım idi. O da qeyd olunmalıdır ki, Cənubi Qafqazda ilk iri toxuculuq fabrikinin, daha sonra isə Bakıda H.Z.Tağıyevin bilavasitə iştirakı ilə Tacir bankının açılması ilə bu planların bir qismi reallaşdı.

İri neft sahibkarı kimi H.Z.Tağıyev bir neçə nəqliyyat vasitələrinə malik idi. Onun əlində altı paroxod və dəmir yolu vaqon - sisternləri parkı var idi. Bu cür nəqliyyat vasitələrinə malik olmaq H.Z.Tağıyevə neft məhsulları daşınması ilə məşğul olan əsas şirkətlər arasında xüsusi mövqe tutmaq imkanı verirdi.

H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti təkcə neft sənayesi ilə məhdudlaşmırdı. Rusiya toxuculuq müəssisələrinin xam ipliyə olan tələbatı onu pambıq parça məhsulları istehsal edən fabrik tikməyə sövq etdi. 1897-ci ilin oktyabrında Bakıda "Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti" təsis edildi. Bu cəmiyyət xaricdən gətirilən müasir texnika ilə təchiz olunmuş toxuculuq fabriki tikməyə başladı. Müəssisənin əsas obyektlərinin inşası 1901-ci ildə başa çatdırıldı. Bu, Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahəsini yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrik Bakının Əhmədli kəndində işə salınmışdı. Onun nəzdində fəhlə və qulluqçular üçün pulsuz mənzilli evləri və öz elektrik stansiyası olan qəsəbə, o cümlədən ambulatoriya tikilmiş, yaşlı fəhlələr üçün məktəb və kurslar açılmışdı. Başqalarından, məsələn, "Nobel qardaşları" şirkətindən, istehsal artdıqca genişlənən zavod tikililərindən fərqli olaraq, H.Z.Tağıyevin bu fabriki məşhur memar İ. Qoslavski tərəfindən əvvəlcədən vahid istehsal-yaşayış kompleksi kimi inşa olunmuşdu. Bu, Bakıda xüsusi planla tikilən ilk fəhlə qəsəbəsi idi.

H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti haqqında bəhs edərkən onun elektroenergetika, rabitə, yeyinti sənayesi, torpaq sahələrinin, mülklərin və b. daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlarını, həmçinin bank işində fəaliyyətini də qeyd etmək olar.

Lakin H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Elə buna görə hələ sağlığında Hacı "el atası" adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilib, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak edib. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak edib. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində "Səyinə görə" yazısı olan gümüş medalla təltif olunmuşdu. H.Z.Tağıyev 1901-ci ildə ingilis mühəndisi V. Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırımış və 1917-ci ildə Bakıya içməli su gətirən kəmər istifadəyə verilmişdi.

Maarifin yayılması kimi vacib bir problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş yer tuturdu. Bu sahədə fəal iştirakına görə Hacı Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi, Tiflis şiə müsəlman məktəbinin fəxri nəzarətçisi təsdiq olunmuşdu.

H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.

Ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı idi və təkcə Bakı ilə məhdudlaşmırdı. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edirdi.

H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olub. Onun yaradılması üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ayırmışdı. Ondan 125 min rubl işçi heyət, kitab və dərs ləvazimatı, 25 min rubl isə binanın tikintisi üçün nəzərdə tutulmuşdu. Qız məktəbinin məzunları Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoydu.

Dövri nəşrlərə öz münasibətini bildirən H.Z.Tağıyev deyirdi: "Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram".

1895-ci ildə H.Z.Tağıyev "Kaspi" qəzetini (redaktoru - Əlimərdan bəy Topçubaşov) satın aldı. 1905-ci ildən "Həyat" qəzeti (redaktorları - Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə), 1906-cı ildən "Füyuzat" jurnalı (redaktoru - Əli bəy Hüseynzadə) H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunmağa başladı.

1873-cü ildə Azərbaycan tarixində əlamətdar hadisə baş verdi - milli teatrın əsası qoyuldu. Onun təşəkkülündə H.Z.Tağıyevin də böyük rolu olub. Belə ki, xalqın maariflənməsində, mədəni səviyyəsinin və doğma dilinin inkişafında teatrın əhəmiyyətini yüksək qiymətləndirən Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binasını tikdirdi. O, 1890-cı ildə 80 min rubl xərcləyərək, binanı yenidən qurdu. Bakının mərkəzində yerləşən teatr binası geniş, dövrünə görə yüksək səviyyədə təchiz olunmuş, gözəl tərtibata malik idi. Maraqlıdır ki, teatrda qadınlar üçün ayrıca loja nəzərdə tutulmuşdu. Teatrın açılışı milli mədəniyyət tarixində mühüm hadisə oldu: Azərbaycan truppaları çoxdan gözlədikləri səhnəni əldə etdilər.

H.Z.Tağıyev sözün əsl mənasında incəsənət vurğunu idi. Tez-tez tək, yaxud da ailəsi ilə birgə teatr tamaşalarına gedər, istər milli, istərsə də Avropa rəsm əsərləri ilə maraqlanardı. Hacının məşhur rəssamların əsərlərindən ibarət zəngin kolleksiyası indiki Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin fondlarında xüsusi yer tutur.

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılmasını alqışlayan H.Z.Tağıyev müstəqil milli dövlətçilik mənafelərini dəstəkləmiş, təntənəli dövlət tədbirlərində iştirak etmişdir. O, yüksək səviyyəli dövlət qonaqlarını öz yaşayış mülkündə qonaq etmişdir. Məhz Cümhuriyyət dövründə H.Z.Tağıyev öz böyük arzularından birinin - Bakıda ali təhsil ocağının açılmasının şahidi oldu. 1919-cu il 1 sentyabr tarixli qanunla Bakı Universiteti təsis edildi. Hacı da onun açılışına dəvət olunmuş və başqa azərbaycanlı sahibkarlar kimi universitetə maddi yardımını əsirgəməmişdi. Böyük xeyriyyəçi Bakı Universitetinin xeyrinə ticarət evinin - Passajın gəlirlərindən istifadə etməyi təklif etdi. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin hökuməti ali təhsil almaq üçün yüz gənci xarici ölkələrə göndərdi. H.Z.Tağıyev onlara da maddi kömək göstərmişdi.

Hacı Zeynalabdin iki dəfə evlənib. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olub. Oğlanları: İsmayıl, Sadiq və qızı Xanım.

İkinci həyat yoldaşı məşhur general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb, bəyənmiş və onunla evlənib. Yəni Hacı öz oğlu ilə bacanaq idi. Sona xanım 16 yaşında ikən 73 yaşlı Tağıyevə ərə verilib. Balakişi bəy Tağıyevin mülkünə ortaq olmaq üçün kiçik qızını Hacıya verib.

Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olub. Qızları: Leyla, Sara və Sürayya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən Lənkəranda özünü öldürüb, İlyas isə xəstəliyə tutularaq ölüb.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra H.Z.Tağıyevə məxsus bütün yaşayış və ictimai binalar, sənaye müəssisələri müsadirə olundu. İlk vaxtlarda hökumət ona ailəsi ilə birgə Mərdəkan bağ mülkündə yaşamağa icazə vermişdi. Xalq Komissarları Sovetinin sədri N. Nərimanov Azərbaycanda fəaliyyəti dövründə onu bütün təzyiqlərdən qoruyurdu. H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat etmişdir. O, böyük hörmət bəslədiyi Axund Mirzə Abuturabın qəbri yaxınlığında dəfn edilib. N. Nərimanov Moskvaya getdikdən sonra H.Z.Tağıyevin başsız qalmış ailəsi İçəri şəhərdə özünün kiçik evlərinin birində yaşamağa məcbur oldu. Sonrakı illərdə H.Z.Tağıyevin adı uzun müddət unudulmağa məhkum edildi. Ailə üzvləri təqiblərə, bir qismi repressiyalara məruz qaldı. H.Z.Tağıyevin fəaliyyəti öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda aldı. Onun adı küçələrə, təhsil, sənaye müəssisələrinə verildi, şərəfinə abidələr ucaldıldı.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirib.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 25 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Japarov: Bişkek və Ankara TDT-də cinayətkarlığa qarşı mübarizə şurası təşəbbüsünü irəli sürüb

Qırğızıstan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüslə çıxış edib. "Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitind

17.05.2026 188
.

Vens: Xarici terrorçular ABŞ büdcəsindən vəsait əldə etmiş ola bilərlər

Xarici terror qrupları ABŞ büdcəsindən saxta sxemlər vasitəsilə vəsait əldə etmiş ola bilərlər. "Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, xarici qurumların və terror təşkilatlarını

17.05.2026 215
.

Kobaxidze Bakıdadır - Foto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslə

11:27 119
.

"Maşın" şou yenidən başlayır - Foto

Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu "Maşın" yenidən başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər" telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma "loading" yazaraq, şounun tezlikl

10:23 245
.

İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar

İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər. "Report"un "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsini

17.05.2026 248
.

Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur

Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur. "Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb. "Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri - red.) dediyi kimi: "Yü

17.05.2026 222
.

İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra

11:26 126
.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ali qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görü

17.05.2026 227
.

İtaliyada şəhər mərkəzində terror həyəcanı: Corcia Meloni səfərini yarımçıq dayandırdı

Corcia Meloni Modenada sürücünün avtomobili piyadaların üzərinə sürməsi hadisəsi ilə əlaqədar Kiprə işgüzar səfərini yarımçıq dayandırıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hökumətdəki mənbələrin verdiyi məlumata görə, o, gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenay

17.05.2026 268
.

TOP MP3