Bir od idi, axar sutək, keçib getdi aradan - Alı Mustafayevin həyat HEKAYƏSİ

Bir od idi, axar sutək, keçib getdi aradan - Alı Mustafayevin həyat HEKAYƏSİBiG.AZ Modern.az-a istinadən Alı Mustafayev haqda yazını oxucularına təqdim edir:

İllər odumuza su çiləyər. Hirsimiz-hikkəmiz soyuyar. "Günahkarı tapın!" tələbinə özümüz də yadırğayarıq zaman-zaman. Təqvimin çərxi geriyə döndüyü günsə olanları çözməyimiz, ötəri əsib-coşmağımız var, əlimizdən bu gələr...

20 noyabr! Say-seçmə oğullarımızın - Alı Mustafayevin, Tofiq İsmayılovun, Osman Mirzəyevin, Məhəmməd Əsədovun, İsmət Qayıbovun, Fəxrəddin Dadaşovun, Vəli Məmmədovun... müəmmalı ölümü kimin suçuydu, bilmədik. Babalı bilənlərin boynuna... Bildiyimiz odu ki, itirdiyimiz oğulların bu dünyada bir ömürlük xatirə payı var...

***

"Uşaqlıqda dəcəlliyinə görə Alını o qədər döymüşəm ki. İndi yadıma düşəndə ürəyimin başı göynəyir. O vaxtlar sübh tezdən pambıq yığmağa gedərdik. Hərdən anam Alını, Mahmudu da aparırdı ki, kömək eləsinlər. Alı gözümüzü oğurlayıb bir çəngə mənim kisəmdən götürürdü, bir çəngə anamın. Sonra da göz vururdu ki, mən getdim. Özünü işə vermirdi. Şər qovuşan kimi anam bizi evə göndərirdi, deyirdi, gedin, çaydan, çörəkdən hazırlayın. Ərik ağacımızın altında samovar qoyardıq. Odun gətirmək, samovarı odlamaq işinə Alıyla Mahmud baxırdı. Elə ki bir iş görmək lazım gəldi, Alı yenə yavaşca aradan çıxırdı. Bir də görürdüm Mahmudla tutaşdılar. Mən də hirslənib Alını döyürdüm. Amma onların belə tutaşmaları atama ləzət eləyirdi. Bir gün anama dedi ki, gəl baxaq görək, kimin atası güclüdü: sənin, yoxsa mənim? Mahmuda ana babamızın adını qoymuşduq, Alıya da ata babamızın. Uşaqlar himəbəndmiş kimi bir-birilərinin üstünə düşdülər. Mahmud Alını götürüb vurdu yerə. Bir dəqiqəyə kimi səssizcə yerdə qaldı. Qəfildən durub Mahmuddan nətəhər yapışdısa, bir də onu gördük ki, yazıq uşaq yerə meyit kimi düşüb. Mahmud Alıdan bir yaş böyük idi..."

Bunları Alı Mustafayevin bacısı Tükəzban xanım danışır. Danışır... ağlayır. İçi yüngülləşmir amma...

- Bir də görürdün, almanı yedi, qurumçəyini eşiyə dağıtdı. Cin vururdu başıma...

Birdən-birə kişiləşdi. Ailənin yükü onun üstündəydi, atam rəhmətə getmişdi. Mahmud da əsgərlikdəydi. Alı anamla fermada işləyirdi. Gecə saat 3-də evə gəlirdi. Səhərə kimi də kitab oxuyurdu. Sonra Bakıya gəldi. Bir ilə qədər aktyorluq şöbəsində oxudu- Kubra Əliyeva ilə bir kursda. Amma məktəbi atdı, dedi, məndən aktyor çıxmaz. Zavodda işə düzəldi. Bir də xəbər tutduq ki, Jurnalistika fakültəsinə girib...

Hansı qızın adını tuturduq, zarafata salırdı. Deyirdi, heç birinizin xətrinə dəyməyəcəm, kimi desəz, alacam. O qədər zarafatcılıydı ki, ciddi danışanda da adamın inanmağı gəlmirdi. Bir dəfə oğlum dedi ki, ana, bu gün bizə Alı dayımla bir qız gələcək. Süfrə -zad açdım. Bir də gördüm, eynəkli bir qızla qol-qola gəlirlər. Ürəyimə damdı ki, burda nəsə var. Oturdular, yeyib-içdik. Qızdan xoşum gəldi, deyib-güləniydi. Alı qızın qulağına nəsə dedi, sonra dodağını yavaşca üzünə toxundurdu. Ürəyimdə dedim, ay kələkbaz, zarafata sala-sala öz bildiyini eləyirsən. Nəysə, durub gedəndə Alı üzrxahlıq edədi ki, ay bacı, mənim sənə borcum çoxdu. Hamının borcunu dəftərçəmə yazmışam, amma sənin yaxşılığının qədəri yoxdu. Allah qoysa, oxuyum qurtarım, əvəzini çıxacam. Belə qardaşıydı Alı...

Maral xanımsa bayaqdan səssizcə yumub-tökür. Yanaqlarından süzülən göz yaşlarına illərin xatirələri qarışıb...

Amma ürək belə dilsiz-ağızsız boşalmır:

- Tələbə vaxtı mən, Alı, bir də balaca bacım bir yerdə qalırdıq. Hər ayın ortasında Mahmud bizə pul göndərirdi. Alı pul çeklərinin hamısını yığmışdı. Onları Lalə hələ də saxlayır. Alı onları yığırdı ki, pul qazanım, hamısının əvəzini qaytaracam...

Bacısı Tükəzban:

-"8 Mart" qabağıydı, bir az pul yığmışdım. Dedim, Alı, al bu pulu, bayramda Laləyə hədiyyə alarsan. Götürmədi, dedi, narahat olma, hər şeyi özüm eləyəcəm. Həmişə bizə cüt gəlib-gedirdilər. Bir gün Alının qəzetdə şeiri çıxmışdı - "Abşeron Laləsi". Şeirdə anama deyir ki, sənə Abşeron Laləsi gətirəcəm. Onun dəlisiydi. Lalədən başqa bir qızın adını çəkməmişdi.

...Bir gün Alı bacılarını Laləgilə elçiliyə göndərir. Amma Lalənin anasının bu işə razı olmaması Alını qorxudurdu: birdən qızı ona verməzlər. Bacılarına deyir ki, siz gedin, mən də binanın altında dayanıb gözləyəcəm. Sonra yenə zarafata salır: sizi döyəsi olsalar, eyvana çıxıb mənə əl eləyin.

-Mən və balaca bacım Quba durub getdik Əzizə xanımgilə. Çox gülərüzlə bizi qarşıladılar. Əzizə xanım süfrəyə neçə cür naz-nemət tökdü. Bizdə də adət var axı: "hə" deməyincə dilinə bir tikə də vurmamalısan. Əzizə xanım mətbəxtdə çay dəsgahını hazırlayanda eyvana çıxıb Alıya əl elədim ki, darıxma. Nəysə, mətləb üstünə gələndə Əzizə xanım qayıtdı ki, mənim Alıya veriləsi qızım yoxdu. Biz hara, rayonlular hara? Rayonluların bir adəti var: gəlirlər, getmək bilmirlər. Lalə də naz-nemətlə böyüyən qızdı. Özünün otağı, dəm-dəsgahı. Hərdən qardaşı onun otağına girəndə dava-dalaş qoparır. Siz də, maşallah, 6 bacısız, hərəniz bir dəfə gələcəksiniz. Özü də Alının evi yox, eşiyi yox. Nəysə, məcburi bir stəkan çay içib kor-peşman qayıtdıq.

Çox get-gəldən sonra axır ki, "hə"sini verdilər. Elçiliyə Famil Mehdi də getmişdi. Nişan qoyduq, sonra da toyları oldu. İndi elə bilirəm, Alının yadigarı üç uşağı yox, Lalədi. Yadıma onların bəxtəvər günləri düşür. Lalə heç vaxt gülsüz çölə çıxmazdı. Bizə gələrdilər, gülə-gülə, zarafatlaşa-zarafatlaşa...İndi o Lalədən əsər-əlamət qalmayıb. Saçlarına dən düşüb, bənizi solub...

Maral:

- Lalə Alının iş otağını olduğu kimi saxlayır. Stolu, stulu, qələmləri, kağızları... Hər dəfə o otağa ayaq basanda saatlarla ağlayır. Laləni yaşadan bircə o uşaqlardı.

Alı qohum, yad bilməzdi, hamıdan ötrü özünü oda atardı. Eşidərdi ki, kənddən kimsə xəstəxanadadı, mütləq ona baş çəkməliydi. Hərdən fikirləşirəm ki, bəlkə də, ona heç nə olmayıb, elə yanında kiminsə öldüyünü görüb ürəyi partlayıb.

Hər bayramlarda ayaqüstü də olsa, bizi təbrik eləyərdi. Orda bunun könlünü alardı, burda onun. Birdən elə qapıdan başını içəri salardı: "sağ- salamatsız? " Zarafatla adına "salam-sağ ol" -deyərdik. Kasıb vaxtlarımızıydı, təkcə yoldaşım işləyirdi. Gəlirdi, zarafata salıb soyuducunun qapısını açırdı: "Acından ölmürsüz ki?" Bəhanəylə dolanışığımzı öyrənmək istəyirdi. Görəndə ki, soyuducu doludu, deyirdi, yox əşi, bunların vəziyyəti mənimkindən yaxşıdı.

Köynəklərini ütüləyib stulun başından asırdım. Hər gün köynəyini dəyişirdi. Səliqəli görünməyi xoşlayırdı. Mən də onun üst-başına fikir verirdim. Deyirdi, bacılarımın gülü Maraldı. Görürdü Zöhrənin xətrinə dəyir, o saat onun da könlünü alırdı: "Ay Zöhrə, bu Lalə bacı ürəyi də istəmir ki, Maralın ürəyini çıxardıb aparım ona".

Əsgərlikdən məzuniyyətə gələndə anamın ona göndərdiyi pulların hamısını verib bizə pal-paltar almışdı. İstəmirdi ki, atasız olduğumuzu hiss eləyək. Bir çamadan da məktub gətirmişdi - biz yazdıqlarımızıydı. Arada zarafatla deyirdi, oturub sayacam, görüm, mənə kim daha çox məktub yazıb? Kiminki çox olsa, biləcəm ki, o məni hamıdan artıq istəyir.

***

...Ölkədə gedən siyasi proseslər, Qarabağ dərdi onu dəyişdirmişdi elə bil. Qaçhaqaçdaydı, qayğılıydı, dərdliydi, vətəndaş olmağın yükünü, dəyərini, gərəkliyini anlayırdı...

Tükəzban:

- Laləyə zəng eləyib Alını soruşdum. Dedi, Alının başı Qarabağ problemlərinə elə qarışıb ki, heç üzünü görmürəm. Bir-iki günə İrana rəsmi səfərə gedəcək. Vizası da hazırdı. Heç olmasa, iki gün evdə oturmur ki, dərdimizdən-sərimizdən xəbər bilsin. Birdən qayıtdı ki, budu ey, özü də gəldi. Telefonu Alıya verdi. Dedim, Lalə səndən gileylənir. Cavab verdi ki, sizin nə vecinizə. Orda camaatın başına oyun açırlar. Qarakəndə gedirik. Elə bu gün də qayıdacağıq.

Maral:

- Noyabrın 19-u, səhər saat altıda İcevan danışıqlarından gəlmişdi. Ordan elə birbaşa rayondakı evimizə getmişdi. Anam deyirdi, dərdli adam kimi səhərə qədər yerinin içərisində o yan-bu yana çevrildi. Səhər tezdən durub qonum-qonşuyla hal-əhval tutdu...

İrevandan çəkdiyi materialları efirə hazırlamalıydı. Dedilər, mütləq bizimlə getməlisən. Rəhmətlik Tofiq İsmayılov arxasınca maşın da göndərmişdi. Allahın işinə bax! Bu, üçüncü qəzaydı. Vertolyot deyəndə ürpənirdik.

Tükəzban:

- Evdə xəstə yatırdım. Televizoru açanda gördüm, matəm musiqisi çalırlar. Ağlıma nə gələr?! Birdən diktor Rafiq Hüseynov dedi ki, vertolyot qəzası olub. Alının adını çəkmədi, elə Mustafayev dedi. Dünya başıma fırlandı. Qışqırdım, qonşular yığışıb gəldi.

Maral:

- Yuxumu qarışdırmışdım. Tezdən ayılan kimi dedim, vallah, Alının başında bir iş var. Laləyə zəng elədim. Dedi Alı Qarakəndə getdi. Bütün günü əlim işə yatmadı.

Necə ölüm idi, baş açmadıq. Qurmaydı, nəydi? Deyirlər, o vaxt Çingiz bunları çəkmək istəyəndə hərbçilər yaxına buraxmırmış. Bir söz soruşmağa kimsə tapılmadı. Bu günə kimi də Alının ölümünə inanmırıq. Onun cəsədini görməmişik axı...

Tükəzban:

- Bircə arzumuz odu ki, prezidentimizin başı Qarabağ problemindən açılsın. Bu işi də araşdırsın, günahkarı tapsın! Yoxsa, içimiz soyumaz!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1441   Tarix: 13 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627