Uşaqlarımızı stressdən necə qoruya bilərik?
Uşaqlar ətrafda baş verənlərə böyüklərin təsəvvür edə bilmədikləri qədər həssas yanaşırlar. Hər şey onlara daha tez təsir edir.
Bəzən böyüklərə elə gəlir ki, uşaqların problemləri olmur. Bütün günü öz aləmlərindədirlər, heç nəyi fikirləşmirlər, istədikləri hər bir şey həyata keçir və s. kimi düşünənlər də az deyil. Əslində bu, belə deyil. Uşaqların da öz kiçik dünyalarını narahat edən problemləri, düşündürən, kədərləndirən və həyəcanlandıran mövzuları vardır.
Ən yanlış düşüncə tərzi: "Əşi, uşaqdır!"
Araşdırmalara görə, stress uşaqlara böyüklərdən daha çox təsir edir. Uşağa yetərincə diqqət ayrılmaması, problemlərinin həll edilməməsi onlara psixoloji olaraq pis təsir göstərir. Uşaq fikrini və problemlərini bölüşə bilməyəndə içinə qapanır, ətrafdan küsür, stressə düşür.
Stress getdikcə uşaqdan böyüyə kimi hamının qlobal probleminə çevrilir. Ümumi mənada stress insana güc gələn, təzyiq edən, çıxılmaz, çarəsiz bir yola sürükləyən, insanı kədərləndirən, sinir sisteminə, əsəblərinə mənfi təsir göstərən həyat hadisələridir.
Stress, onunla mübarizə yolları, stressi azaldan qidalanma rejimi haqqında çox yazmışıq. Bu dəfə sırf uşaqlarda müşahidə edilən stressdən, mübarizə yollarından yazacağıq.
Uşaqlarda stressi yaradan səbəblər hansılardır?
Psixologiya və Konsultasiya Mərkəzinin Uşaq psixoloqu Anarə Baxşəliyeva Azərbaycanda uşaqların stressə düşməsinin ilkin səbəbini ananın hamiləlik dövrü keçirdiyi stresslə bağlayır. "Hamiləlik vaxtı stress yaşayan ana, bunu hamiləliyinin 3-cü ayında körpəsinə keçirir. Tibbi narahatlıqlar da stressin yaranmasına səbəb olur. Gənc analarımız hamiləlik dövründə stressdən, qayğıdan uzaq olmağa çalışmalıdır. Ən önəmli faktorlardan biri isə istənilməyən uşaqların dünyaya gəlməsidir. Hər bir uşaq ana bətnində sevilib-sevilmədiyini anlayır".
Ailə problemləri uşağın dünyasını məhv edir
Ailə uşaqlar üçün çox böyük bir aləmdir. Bu aləmdə baş verən ən kiçik hadisə, problem belə, onların psixologiyalarını daha tez zədələyir. Valideynləri ilə həmişə birlikdə olmaq, onlarla daha çox vaxt keçirmək hər bir uşağın arzusudur. Həkim-pediatr Nərminə Məmmədovanın fikrincə, stressə səbəb ola biləcək ilk amil elə ailə ilə bağlıdır. "Ailə boşanmaları, ailədə baş verən söz-söhbətlər, yaxınlarında itki, doğmalardan ayrılma uşaqlara mənfi təsir göstərir. Bundan əlavə, qəzalar, təbii fəlakətlər, qorxulu kinolar və ya oyunlar, zorakılıq, uşaqlara qarşı göstərilən hər bir təzyiq, sevimli heyvanlarının ölümü, mühiti dəyişmə, məktəbdə baş verən hadisələr, imtahanlarda uğurun qazanılmaması, yoldaşları ilə əlaqələrin pozulması, həddindən çox yüklənmə - ev tapşırıqları, məşqlər, həyatındakı hər şeyin əvvəlcədən planlaşdırılması, kompyuter asılılığı və s. uşaqları stressə salan əsas səbəblərdir".
Yeni körpə, uşaq üçün problemə çevrilir
Ailədə yeni uşağın doğulması da uşaqları stressə salan səbəblər sırasındadır. N.Məmmədovanın dediyinə görə, yeni körpəyə valideynlərin daha çox vaxt ayırması uşaqları narahat edir. Uşağa elə gəlir ki anası, atası daha onu sevməyəcək, onunla oynamayacaq, nəticədə uşaqda eqoistlik hissi baş qaldırır. Belə vəziyyətdə pediatr valideynlərə diqqətli olmağı, uyğun bir dillə, səbrlə onları başa salmağa çalışmalarını məsləhət görür.
Uşağın tərbiyəsinə dırnaqarası baxmaq olmaz
Uşaq dünyaya gəldikdən sonra uşaqları stressə salan ən önəmli faktor düzgün qurulmayan tərbiyə planı və uşaqların inkişaf dövrlərində təlabatlarını ödəməmələridir. Uşaq psixoloqu A.Baxşəliyevanın fikrincə, ailələrdə uşağın tərbiyəsinə dırnaqarası baxılması da stressə səbəb olur. "Hər bir uşaq doğulduğu andan çağalıq-körpəlik-məktəbəqədər-kiçik məktəbli-məktəbli-yeniyetməlik yaş dövrləri keçirir və hər yaş mərhələsinin özünəuyğun təlabatları var. Valideynlər isə bunu qulaqardı edirlər. Həmçinin ailədə ata-ana arasındakı anlaşılmazlıq, ailəyə üçüncü şəxslərin müdaxiləsi və təbii ki, maddi vəziyyət də uşağın psixologiyasına ciddi təsir edir".
Uşaq stressə ana bətnində olarkən məruz qalır
Mütəxəssis qeyd edir ki, hər bir uşağın tərbiyəsini nəinki hamiləlikdən, hətta hamilə qalmamışdan qabaq düşünmək lazımdır. "Cütlüklər ailə qurduqdan sonra övlad sahibi olmaq məsuliyyətini öyrənməlidir. Burada ən önəmlisi maariflənməkdir. Bir uşaq hər il yox, hər gün yeni bir şey öyrənir və bu öyrəndikləri həm pis, həm də yaxşı şeylər ola bilər. Bunlardan asılı olmayaraq, valideyn uşağa nəzarət etməli, ona yaxşını pisdən seçməyi bacarmaq vərdişini vaxtında aşılamalıdır. Valideynlər bunları qabaqcadan bilməlidirlər".
Uşaq, uşaq dünyasını yaşamalıdır
Uşağın hər yaş dövründə təlabatları başqa-başqa şeylər olur. Məsələn, çağalıq dövründə səsə qarşı həssas olur. Uşağın psixikasının düzgün inkişafı üçün ona müxtəlif səslər çıxaran oyuncaqlar almaq lazımdır ki, uşaq səslərlə ətrafı dərk etsin. Psixoloq qeyd edir ki, "bizim ailələrdə uşaq olan kimi gedib ona özündən də böyük yumşaq oyuncaqlar alırlar ki, oynasın. Bu yaşda o oyuncaq uşaq üçün mənasız bir şeydir. Ailələr buna önəm vermir, uşaqların təlabatları yarımçıq qalır və uşaqlar gözlədiyini ala bilmədikcə aqressivləşir, stressə girirlər. Nəticədə psixi pozuntular meydana çıxır".
Uşağın stressdə olduğunu valideynlər necə anlamalıdırlar?
Stress bütün uşaqlarda müşahidə edilən bir haldır. Sadəcə, daha böyük fəsadlara yol açmaması üçün valideynlər uşaqlarına daim diqqət göstərməlidirlər. Stressli uşaqlarda iştahsızlıq, yuxusuzluq, dəri allergiyaları, ürək bulanması, baş gicəllənməsi, qarabasmalar və s. problemlərə daha çox rast gəlinir. Həkim-pediatr Nərminə Məmmədova qeyd edir ki, uşaqlarda müşahidə olunan stressi yaş qruplarına görə bölürlər. "Hər dövrdə uşaqda müşahidə olunan stressin öz xüsusiyyətləri olur. 2 yaşa qədər olan uşaqlarda stress özünü belə büruzə verir: uşaq həddən artıq həssas olur, heç nədən aqressivləşir, əsəbiləşir, iştah birdən-birə yox olur, yuxusu pozulur. Belə vəziyyətlərdə ana nə edəcəyini bilmir. Ona görə də uşaq həkiminə mütləq müraciət etmək lazımdır".
Əgər uşaq 2-6 yaş arasındadırsa...
Pediatr bildirir ki, 2 yaşdan 6 yaşa qədər olan uşaqlar isə stressə düşəndə özlərini uşaq kimi aparmağa başlayırlar. "Uşaqda sanki geriləmə, altına qaçırma halları tez-tez müşahidə olunur, heç nədən həyəcanlanır, yuxu pozğunluğu yaranır, qorxudan yata bilmir, qarabasma halları olur. Hətta bəzi uşaqlara elə gəlir ki, yatsa ölə bilər, ona görə də gözünü yummağa qorxur. Uşaq heç nədən əsəbiləşir, dırnağını yemə vərdişi baş qaldırır, əhval-ruhiyyəsi korlanır, danışığında qüsurlar yaranır, kəkələyir, tanımadığı adamları görəndə, yeni şəraitə düşəndə ağlamağa başlayır, mühitə uyğunlaşa bilmir".
Yaş artdıqca stressin əlamətləri də artır
6 yaşdan 10 yaşa qədər olan uşaqlar məktəb dövründə olurlar. Artıq bu mərhələdə uşağın stressə düşdüyünü tez anlamaq olur. Həkim-pediatr qeyd edir ki, məktəb dövründə olan uşaqlarda baş ağrıları, qəflətən ürək sancması, ürək ağrısı müşahidə olunur. "Uşağa elə gəlir ki, ürəyi ağrıyır, əslində isə belə bir hal yoxdur. Ürək bulanması, gecə qarabasmaları daha çox olur. Uşaq tez yorulur, dərslərini çatdıra bilmir, yaddaş zəifliyi yaranır. Özünü uşaq kimi aparmağa başlayır, ərkəsöyünlük edir, özündən tez çıxır. Bəzi uşaqlar isə sağlamlıqlarına həddən artıq düşkün olmağa başlayırlar. Hər dəfə bir yerlərinin ağrıdığından şikayətlənməyə başlayırlar".
Valideyn-müəllim birliyi uşağı stressdən çıxarmağa kömək edə bilər
Məktəb dövründə olan stressli uşaq cəmiyyətdən təcrid olunmağa başlayır, məktəbə getmək istəmir, dostları ilə görüşməkdən çəkinir, özünə qapanır, uşaqda heç kəslə ünsiyyət qurmamaq vərdişi yaranmağa başlayır. Nəticədə uşaq tənhalığa qapanır.
Stressin əlamətləri danışıqda da büruzə verir, uşaq kəkələməyə başlayır, tələffüzündə problem yaranır. Uşaq tez-tez udqunur, fikrini ifadə etməkdə çətinlik çəkir, davranışlarında geriqalma, qeyri-adi hərəkətlər müşahidə edilir, dərs danışanda uşaq dala-qabağa gedib-gəlir. Pediatr müəllimlərin bu cür hallara daha çox fikir verməli və valideynlərə vaxtında bildirməli olduğunu məsləhət görür.
Kökəlməyin də, arıqlamağın da səbəbi stressdir
Bəzi uşaqlarda stress səbəbilə iştahsızlıq, yuxu pozğunluğu yaranır və ya əksinə uşaqda tənbəllik, çox yatmağa meyillilik və çox yemə halları müşahidə edilir. Uşaqda doymaq refleksi özünü gec büruzə verir, nəticədə kökəlməyə, piylənməyə meyillilik artmağa başlayır.
Böyüklər stresslə mübarizə aparmaq üçün nələri etməlidirlər?
Orqanizmin hər zamankından daha çox işlədilməsi, yetərsiz və nizamsız bəslənmə, qeyri-kafi yuxu, həddindən artıq səs-küy, hava çirkliliyi, qidaların içində olan kimyəvi maddələr də stressi yaradan digər səbəblərə aiddir. Ona görə də valideynlər ilk növbədə uşaqları ilə daha çox təmas qurmalı, onların təbii komponentlərlə qidalanmasına ciddi fikir verməli və açıq havada, təbiətin qoynunda sakit bir yerdə daha çox vaxt keçirməli, uşağa daha çox xoş təsir bağışlayan hərəkətlər etməli, onları sevdikləri və daha çox rahatlıq tapdıqları yerlərə aparmalıdırlar.
Valideynin gözü uşağın üzərində olmalıdır
Həkim-pediatrın fikrincə, valideynlər stresslə ilk qarşılaşmada uşaqları necə qorumağı fikirləşməlidirlər. "Uşaqları zorakılığı əks etdirən filmlərdən uzaq tutmalı, xüsusilə uşağın oynadığı kompyuter oyunlarına diqqət etməli (uşağın zəkasını inkişaf etdirən oyunları seçmək olar), uşağın özünə qapanmasına icazə verməməli, uşağın yaşıdları ilə ünsiyyətdə olmasına kömək etməlidirlər. Tez-tez gəzintiyə çıxmaqla, uşağın xoşladığı, özünü xoşbəxt hiss edəcəyi ortamlarda daha çox vaxt keçirməklə stressin yaratdığı fəsadları aradan qaldırmaq olar. Valideyn uşağın gündəlik rejiminə, xüsusilə qidalanmasına ciddi fikir verməlidir. Bütün bunlar nəticə vermədikdə isə psixoloqa müraciət etmək lazımdır".
Valideyn şəfqəti hər dərdə dərmandır
Araşdırmalar göstərir ki, tez-tez stressə düçar olan uşaqlar xroniki xəsətliklərə daha tez tutulurlar. Valideyn uşağının sağlamlığını fikirləşirsə, ilk andan etibarən uşağa şəfqət göstərməyi də bacarmalıdır. Məsələn, uşağın aqressiv olduğu anlarda onu təbii bitki yağları ilə (əsasən, lavanda, ətirşah, çobanyastığı, qızılgül, portağal) massaj etmək sakitləşdirə, əhval-ruhiyyəsini qaldıra bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










