Mehriban Əliyeva: "Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir"

Mehriban Əliyeva: AzərTAc xəbər verir ki, dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu ilə görüşdü.

Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirdi. Mehriban xanım Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq olduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına yeni təkan verəcəyini söylədi.

İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırdı.
Xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirdi. "Mən hesab edirəm ki, Azərbaycan hər bir sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır", - deyən dövlət katibi bu əlaqələrin xüsusən iqtisadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkdi.
Xanım M.Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış olduğunu diqqətə çatdırdı, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalçalarımızın sərgisinə baxdılar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən xalçalar sərgiyə baxanlarda heyranlıq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.

Qədim misgərlik nümunələrinin və milli musiqi alətlərinin sərgiləndiyi guşə isə Azərbaycanın incəsənətini, mədəniyyətini nümayiş etdirməklə yanaşı, onun qədim tarixinin və ənənələrinin əyani göstəricisi oldu. Bu ənənələr bu gün də qorunub saxlanılmaqdadır.
Sərgidə qonaqlar iki ildir ki, Bakıda keçirilən "Qız qalası" festivalında yaradılan və nümayiş olunan əsərlərə də tamaşa etdilər. İyirmi əsərin nümayiş olunduğu bu sərgidə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar Bakının rəmzi sayılan Qız qalasının timsalında hiss və duyğularını auditoriyaya çatdırdılar.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan tarixinin, mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən kitab və bukletlərlə yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində variantının təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdəki 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı.

Sonra təntənəli mərasim başladı.

Mərasimdə çıxış edən İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu Azərbaycan üçün çox əhəmiyyətli bir yubileyə həsr olunmuş tədbirdə iştirakından şərəf duyduğunu söylədi. O, Mehriban xanım Əliyevanı Azərbaycan mədəni irsinin dünyada təbliği işinə verdiyi töhfələri təqdir etdiyini bildirdi.
Marta Dassu Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini vurğuladı.
Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi.

Mehriban xanım Əliyevanın çıxışı

-Hörmətli xanım Dassu.
Xanımlar və cənablar.
Hörmətli qonaqlar, əziz dostlar!

Mən sizi Azərbaycana həsr olunmuş bu gecədə səmimi qəlbdən salamlayıram. Dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. Görüşümüz Azərbaycanın tarixində çox əlamətdar bir hadisəyə həsr olunub. Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir.

Xəzər dənizinin sahilində yerləşən ölkəmiz əsrlər boyu Qərb və Şərq arasında körpü rolunu oynamışdır. Hələ eramızdan əvvəl II əsrdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçmişdir. Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda bir çox qədim mədəniyyətlər öz izini qoyub. Bu izləri biz bu gün də görə bilərik. Bakının yaxınlığında yerləşən Qobustan qayalıqlarında Roma tarixinin izləri vardır. Bu qayaların üzərində eramızın I əsrində buradan Roma İmperatoru Germanikin legionunun keçdiyi əks olunub. Əsrlər boyu ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də dini dözümlülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir.

1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Həmin dövrdə ölkəmizdə demokratiya institutları formalaşmağa başlamışdı. Ölkədə çoxmillətli parlament fəaliyyətə başlamışdı, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdı, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Şərqin ilk opera və baleti yazılmışdı.
Əfsuslar ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu, cəmi 23 ay sürdü və müstəqilliyimiz böyük imperiyaların siyasi maraqlarının qurbanı oldu. Bir çox amillərin arasında Bakı neftinə artan maraq da öz rolunu oynadı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi, hərbi müdaxilə yolu ilə Azərbaycanda sovet rejimi quruldu.

Sovet dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizin siyasi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil sistemi quruldu, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Lakin təməli 1918-ci ildə qoyulan dövlətçilik, müstəqillik və demokratiya ideyaları unudulmadı və nəhayət 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edərək Azərbaycan xalqı öz taleyinin, öz torpağının sahibi oldu.

Müstəqilliyimizin ilk illərində biz çoxlu problem və çatışmazlıqlarla üzləşdik. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də həllini tapmayıb. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın şəraitində yaşayır. Bu gün də Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz ümidvarıq ki, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər bir qaçqın, hər bir məcburi köçkün öz doğma torpağına qayıdacaqdır.

Əziz dostlar, bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizdə sosial problemlər həllini tapır. Son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb tikilibdir.

Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri Avropaya və Avratlantik qurumlara inteqrasiyadır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və bütün xarici dövlətlərlə qarşılıqlı maraqlar və dostluq əsasında münasibətlər qurmaqdır. Ölkəmiz beynəlxalq sülh və sabitliyin qorunmasına yönəldilmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qazla təminatına öz töhfəsini verməyə hazırdır.

Bu ilin oktyabr ayında Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və bu da ölkəmizin beynəlxalq arenada ildən-ilə artan nüfuzunun sübutudur.
Xarici dövlətlərlə əməkdaşlıq siyasətimizdə İtaliya ilə əlaqələrimiz xüsusi yer tutur. İtaliya bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın iri şirkətləri Azərbaycanda, xüsusilə də neft sektorunda uğurla fəaliyyət göstərir. Qeyri-neft sektorunda əməkdaşlığımız genişlənir, parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, hökumətlərarası komissiya artıq 2006-cı ildən fəaliyyətdədir. Onlarca Azərbaycan tələbəsi bu gün İtaliyanın ali məktəblərində və universitetlərində təhsil alır.

Mədəniyyət sahəsində əlaqələrimiz genişlənməkdədir. İtaliyanın paytaxtında - Romada Azərbaycanın mədəniyyət günləri keçiriləcəkdir. Gələn il payızda isə ölkəmizdə İtaliyanın mədəniyyət günləri təşkil olunacaqdır.

Əziz dostlar, dünyanın ən qədim, ən zəngin mədəniyyət və sivilizasiya ocaqlarından biri olan İtaliyada mənim üçün öz ölkəmi təqdim etmək böyük şərəfdir. Bu qədim torpaqda yerləşən mədəni irs bütün bəşəriyyətin sərvətidir. Bu mədəni irs insanlığın, insanın imkanlarının, gözəlliyin, bəşəri dəyərlərin əbədi bir abidəsidir. Biz azərbaycanlılar da mədəni irsimizlə haqlı olaraq fəxr edirik. Azərbaycanın qədim xalçaçılıq məktəbi, ədəbiyyatı, musiqisi, incəsənəti, memarlıq abidələri xalqımızın ən böyük varlığıdır.
Biz bu axşam mədəniyyətimizin kiçik bir hissəsini sizin diqqətinizə təqdim edəcəyik və ümidvaram ki, sizin ürəyinizdə bizim ölkəyə olan maraq və hörmət daha da artacaq. Ümidvaram ki, bu gün birgə keçirdiyimiz axşam dövlətlərimizi və xalqlarımızı bir-birinə daha yaxın və bağlı edəcəkdir. Fürsətdən istifadə edərək mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Mən sizin hamınıza xoşbəxtlik, cansağlığı və məhəbbət arzu edirəm.
Diqqətinizə görə çox sağ olun.

Mərasimin rəsmi açılışından sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, İsfar Sarabski və "Natiq ritm qrupu" maraqlı konsert proqramı ilə çıxış etdilər.

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.
Birinci xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu möhtəşəm gecədə Azərbaycan öz gözəlliyi və mədəni zənginliyi ilə İtaliya tamaşaçısının ürəyinə yol tapdı.

AzərTAc xəbər verir ki, dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

AzərTAc xəbər verir ki, İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 2-də İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Ciorcio Napolitanoya çatdırdı. İtaliyanı Azərbaycan üçün dost ölkə adlandıran birinci xanım dedi ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünün keçirildiyi öıkələrdən birinin də məhz İtaliya olması bunun əyani sübutudur. Mehriban xanım Əliyeva Azərbaycan-İtaliya münasibətlərinin inkişafından məmnunluğunu bildirdi və qeyd etdi ki, ölkələrimiz arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac vardır. Bununla bağlı 2012-ci ildə İtaliyada bir çox tədbirlərin, həmçinin Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

İtaliya Prezidenti Ciorcio Napolitano da öz növbəsində Prezident İlham Əliyevə ən xoş arzularını çatdırmağı Azərbaycanın birinci xanımından xahiş etdi. İtaliya dövlətinin başçısı Azərbaycanın müstəqillyinin bərpasının 20-ci ildönümü ilə bağlı Romada təşkil olunan tədbirin ölkələrimiz arasında mədəni əlaqələrin imkişafına təkan verəcəyini bildirdi. Prezident vurğuladı ki, Azərbaycan ilə İtaliya arasında siyasi və iqtisadi sahədə gözəl əlaqələr vardır.

Prezident Ciorcio Napolitano Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətindən xəbərdar olduğunu dedi.

Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin adından İtaliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Sonda İtaliya Prezidenti Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın birinci xanımına memorial xatirə lövhəsi təqdim etdi.

AzərTAc xəbər verir ki, İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 1-də ölkənin Baş naziri Mario Montinin xanımı Elza Monti ilə görüşmüşdür.

Görüşdə ölkələrimizin mədəniyyət və təhsil sahələrində birgə reallaşdırılan layihələr nəzərdən keçirildi, həmçinin Azərbaycan ilə İtaliyanın ali təhsil məktəbləri arasında tələbə və müəllim-professor mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olundu. Bununla yanaşı, Azərbaycan dilinin və mədəniyyətinin İtaliyada, italyan dilinin isə ölkəmizdə daha geniş tədris olunmasının vacibliyi xüsusi vurğulandı.

Mehriban xanım Əliyeva Elza Montini ölkəmizə səfərə dəvət etdi.

Sonra İtaliyanın Baş nazirinin xanımı Heydər Əliyev Fondunun prezidentinə İtaliya hökumətinin rəsmi qəbullar evi olan Villa Panfininin tarixi və onun yerləşdiyi ərazi haqqında ətraflı məlumat verdi. Elza Monti bildirdi ki, 17-ci əsrin birinci yarısında inşa olunan Villa Panfini italyan memarlığının şah əsərlərindəndir. Sənət dünyasının ən qiymətli incilərinin qorunub saxlandığı bina ictimaiyyətə ilk dəfə 1972-ci ildə açılmışdır.

Tanışlıqdan sonra Elza Montinin adından Azərbaycanın birinci xanımının şərəfinə ziyafət verildi.

Mehriban xanım Əliyeva və Elza Monti rəsmi foto çəkdirdilər.

AzərTAc xəbər verir ki, noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

Mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşdü.

Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırdı, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 42 manuskriptdən 15-i bərpa olunmuşdur.

Mehriban xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirdi və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

Görüşdən sonra Azərbaycanın birinci xanımı və Vatikanın mədəniyyət naziri qədim və müasir Bakının, habelə mədəniyyət abidələrinin əks olunduğu fotolara və videoçarxlara baxdılar, sərgilərlə tanış oldular. Qədim misgərlik nümunələrinin, musiqi alətlərinin də nümayiş olunduğu sərgi, Azərbaycanın zəngin mədəni irsinin əyani sübutu kimi böyük maraq doğurdu.

Azərbaycan xalçaçılıq məktəblərinin misilsiz incilərinin nümayiş olunduğu sərgidə isə kardinala burada toplanmış əsərlər barədə məlumat verildi. Azərbaycan xalçaçılıq sənəti nümunələrinin, həmçinin Qarabağ xalçalarının nümayiş olunduğu sərgi də qonaqlarda zəngin təəssürat yaratdı.

Qonaqlar digər bir sərgi ilə - iki ildir ki, keçirilən "Qız qalası" festivalında təqdim edilən əsərlərlə də tanış oldular. Bu əsərlərdə dünyanın müxtəlif ölkələrindən olan rəssamların Bakının rəmzi sayılan Qız qalası ilə bağlı düşüncə və duyğuları təcəssüm tapmışdır. Əsərlərin arasında italyan rəssamı Alberto Lorronun "Qız qalası" da maraqla qarşılandı.

Azərbaycanın birinci xanımı Apostol kitabxanasında mühafizə olunan və azərbaycanlı alimlərin də iştirakı ilə bərpa edilən manuskriptlərə baxdı.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini özündə əks etdirən kitab, buklet və digər nəşrlərlə yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində versiyasının da təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdə 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı.

Sərgilərlə tanışlıqdan sonra təntənəli mərasim keçirildi. Aparıcı tədbirin əhəmiyyətini qeyd edərək vurğuladı ki, bu mərasim italiyalıların Azərbaycan haqqında daha çox məlumat əldə etmələri üçün gözəl fürsətdir. Mərasim iştirakçıları burada Azərbaycanın mədəniyyət nümunələri ilə yaxından tanış oldular.

Azərbaycanın Qərb ilə, xüsusən də İtaliya ilə sıx əlaqələr qurduğunu vurğulayan aparıcı bildirdi ki, Bakının qərbində yerləşən Qobustandakı qayalar üzərində Roma imperiyasının dövründən qalan yazılar vardır. Məşhur səyyah Marko Polo Azərbaycan ərazisindən keçərək bu ölkədə toxunan xalçaları İtaliyaya gətirmiş və bu sənət incilərinin daha da məşhurlaşmasında mühüm rol oynamışdır. Bundan əlavə, Bakıda sənayeləşmə dövrü başlayanda bu şəhərdə italyan memarlığı əsasında bir çox binalar ucaldılmışdır.
Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı Avropanın paytaxt şəhərlərində silsilə tədbirlərin keçirildiyini vurğulayan aparıcı qeyd etdi ki, indi növbə müqəddəs taxt-tacındır. Bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarıq.

Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri Can-Franko RAVAZİ Azərbaycanı mədəniyyətlərarası dialoqa böyük önəm verən ölkə adlandırdı. Kardinal vurğuladı ki, Azərbaycandakı katolik icmasının üzvləri sayca az olsalar da, onlar üçün yüksək şərait yaradılmışdır. Azərbaycanda sözün əsl mənasında tolerantlıq hökm sürür. Bütün bunların Bakıya səfəri zamanı canlı şahidi olduğunu deyən kardinal Ravazi Azərbaycana böyük hörmət bəslədiyini də diqqətə çatdırdı.

Bakının çox gözəl şəhər olduğunu, burada genişmiqyaslı inkişafın getdiyini qeyd edən kardinal dedi ki, müqəddəs taxt-tac Azərbaycan ilə sıx əməkdaşlıq edir. Biz 42 əlyazmanın bərpası ilə bağlı layihənin həyata keçirilməsi ideyasını irəli sürdük və hazırda bu layihə icra olunur. Söhbət əlbəttə ki, müqəddəs taxt-tacda saxlanılan və Azərbaycana aid əlyazmalardan gedir.

Can-Franko Ravazi Heydər Əliyev Fondu ilə Vatikan arasında yaranan əməkdaşlığın faydalı olduğunu diqqətə çatdırdı. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin mədəniyyətinin təbliğindəki xidmətini yüksək qiymətləndirdi.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi.

Mehriban xanım Əliyevanın çıxışı

- Kardinal həzrətləri Ravazi, zati-aliləri, xanımlar və cənablar!

Azərbaycana həsr olunmuş bu gecədə sizin hamınızı səmimi qəlbdən salamlayıram. Kardinal Ravaziyə ölkəmiz haqqında dediyi səmimi sözlərə, bu axşam bizimlə olduğuna və əməkdaşlığa görə dərin minnətdarlığımı çatdırıram. Bugünkü tədbirimiz Azərbaycanın ən yeni tarixində əlamətdar bir hadisəyə həsr olunub. Bu il biz ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edirik. Mən çox şadam ki, bu hadisəni qeyd etmək üçün seçilmiş dövlətlərin biri də Vatikandır. Bu da ölkəmizin müqəddəs taxt-tac ilə olan dostluq münasibətlərinin göstəricisidir.

1991-ci ildə müstəqilliyini bərpa edərək Azərbaycan xalqı nəhayət ki, öz torpaqlarına, öz ölkəsinə sahib çıxdı. Bu 20 il ərzində biz bir çox nailiyyətlər əldə etmişik. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində ölkəmiz çox ciddi problemlərlə üzləşmişdir. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb.
Azərbaycanın ərazisinin beşdə bir hissəsi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Zəbt olunmuş torpaqlarımızdakı mədəni irsimiz işğalçıların hədəfinə çevrilib. Çoxsaylı mədəni və tarixi abidələr yer üzündən həmişəlik silinib, ibadət yerləri və qəbiristanlıqlar dağıdılıb. Buna baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Mən ümidvaram ki, ölkəmizin ərazi bütövlüyü yaxın gələcəkdə bərpa olunacaq və hər bir qaçqın, hər bir köçkün öz doğma yurduna qayıda biləcəkdir.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləmişdir və sürətlə inkişaf edən bir dövlətdir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi bu gün Azərbaycanın payına düşür və regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir.
Ölkəmizdə sosial problemlər ardıcıl olaraq öz həllini tapır. Təkcə onu demək kifayətdir ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, ölkədə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox məktəb yenidən inşa olunub, yenidən qurulub.

Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət aparmağa imkan verir. Bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir və bir sıra məsələlərdə Avropa və Qərb Azərbaycanı strateji tərəfdaş kimi tanıyır.

Əziz dostlar! Əsrlər boyu Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmas və ünsiyyət qovşağı rolunu oynamışdır. Hələ eramızdan əvvəl 2-ci minillikdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçmişdir. Məlumdur ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşmasında, elmi və fəlsəfi biliklərin yayılmasında Böyük İpək yolu müstəsna rol oynayıb. Bu proseslər ölkəmizdən də yan keçməyib. Azərbaycan Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayıb və bu gün də oynamaqdadır.

2002-ci ilin may ayında ölkəmizə tarixi səfəri zamanı Roma papası II İoann Pavel qeyd etmişdir ki, Azərbaycan Qərblə Şərq arasında qapıdır. O, nəinki çox vacib strateji əhəmiyyət kəsb edir, həmçinin açıqlıq və müdafiə rəmzidir. Əsrlər boyu formalaşmış dini dözümlülük, tolerantlıq, bütün dünya mədəniyyətlərinə hörmət Azərbaycan xalqının ən əsas və ən gözəl xüsusiyyətlərindən biridir.

Təsadüfi deyildir ki, son illər Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoq qurmaq üçün çox vacib bir beynəlxalq məkana çevrilib. Son illər Bakıda bir çox görüşlər, forumlar keçirilir. Buna misal olaraq, 2010-cu ildə paytaxtımızda dünya dinlərinin liderlərinin zirvə görüşünü, bu ilin aprel ayında Bakı Beynəlxalq Mədəniyyətlərarası Forumu və oktyabr ayında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək istərdim. Bu tədbirlərdə Vatikanın rəsmiləri də iştirak edib və öz töhfələrini veriblər.

Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq şəraitində bir ailə kimi yaşayıblar. İndi də çoxkonfessiyalı, çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir. Bu, bizim ən böyük sərvətlərimizdən biridir.

Əziz dostlar!

Tarixçilərin verdiyi məlumata görə, ilk katolik icması Azərbaycanda XIX əsrin 30-cu illərində formalaşmağa başlamışdır. XIX əsrin sonları, XX əsrin əvvəlində katolik icmasının nümayəndələri paytaxtımız Bakının ictimai-mədəni həyatında çox mühüm rol oynayıblar və xüsusən səhiyyə, mədəniyyət, memarlıq sahələrində bu gün də böyük minnətdarlıqla xatırlanan izlər qoyublar. 1912-ci ildə Bakının mərkəzində katolik icmasının təşəbbüsü və əhalinin dəstəyi ilə Müqəddəs Məryəm katolik kilsəsi tikilmişdir. Əfsuslar olsun ki, stalinizm dövründə digər dini ocaqlar kimi, bu kilsə də dağıdılmışdır. Lakin müstəqil Azərbaycan dövlətinin birbaşa dəstəyi ilə Müqəddəs Məryəm kilsəsi yenidən müasir üslubda tikilmişdir və 2008-ci ilin may ayında Vatikanın dövlət katibinin iştirakı ilə onun rəsmi açılış mərasimi keçirilmişdir. Ölkəmizdə katoliklər sayca az olsalar da, onlar Azərbaycanın bütün azadlıqları və hüquqlarından bəhrələnirlər və öz vətənlərinə - Azərbaycana layiqincə xidmət edirlər.

Əziz dostlar!

Bu gün Azərbaycan təkcə neft və qaz ehtiyatlarına malik olan ölkə kimi yox, dünyada öz zəngin mədəni irsi ilə tanınan dövlətə çevrilib. Azərbaycanın qədim xalçaçılıq məktəbi, bənzərsiz muğamı, tarixi və memarlıq abidələri, poeziyası, incəsənəti xalqımızın ən böyük sərvətidir. Biz əsrlər boyu müxtəlif imperiyaların tərkibində olmuşuq. Lakin biz öz dilimizi, dinimizi, mədəni irsimizi, ənənələrimizi yaşadıb inkişaf etdirərək özümüzü bir millət, bir xalq kimi qoruyub saxlamışıq.

Bu axşam sizin diqqətinizə Azərbaycan mədəniyyətinin kiçik bir hissəsini təqdim edəcəyik.
Mən ümidvaram ki , gördüyünüz naxışlar, dinlədiyiniz musiqi, seyr etdiyiniz mənzərələr sizin qəlbinizi riqqətə gətirəcək və birgə keçirdiyimiz bu axşam dövlətlərimizi, insanları bir-birinə daha da yaxınlaşdıracaq və bağlayacaqdır.

Sonda bir daha sizin hamınıza bu axşam bizimlə olduğunuza görə dərin minnətdarlığımı bildirirəm. Sizə xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Diqqətinizə görə çox sağ olun!

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya musiqisindən seçmələr dinlənildi.
Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu. Mərasim iştirakçıların yaddaşında silinməz izlər buraxdı.

AzərTAc xəbər verir ki, noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyaya səfəri çərçivəsində noyabrın 29-da Vatikanda müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşmüşdür.

Kardinal Tarçizio Bertoni iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini xüsusi vurğulamış və bildirmişdir ki, Azərbaycanın mədəniyyətlərarası dialoq platformasında rolu gündən-günə güclənməkdədir. Bu baxımdan bu il Azərbaycanda keçirilmiş Beynəlxalq Humanitar Forum böyük əhəmiyyətə malikdir. Məhz həmin tədbirlərdə müqəddəs taxt-tacın təmsilçiləri də fəal iştirak etmişlər.

Vatikanın dövlət katibi Azərbaycanda katolik icması üçün yaradılmış şəraitdən də məmnunluğunu qeyd etdi.

Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Vatikan dövlətinin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayaraq, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin salamlarını Roma Papası XVI Benediktə çatdırmağı Tarçizio Bertonidən xahiş edərək, Azərbaycan dövlətinin başçısı adından Papanı ölkəmizə dəvət etmişdir.

AzərTAc xəbər verir ki, İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-də Vatikanın dinlərarası dialoq naziri Jan-Lui Toran ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş şəkildə qeyd olunduğu vurğulanmışdır. Söhbət zamanı ölkəmizin Qərblə Şərq arasında körpü rolu oynadığı, bütün dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı, Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığı xüsusi qeyd edilmişdir.

Bildirilmişdir ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və bu münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır.
Son dövrlərdə Fondun Vatikan kitabxanası ilə qurduğu əməkdaşlıq sayəsində azərbaycanlı mütəxəssislərin bu bilik xəzinəsindən faydalanmasına icazə verilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5158   Tarix: 07 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344