Rusiya 5 rayonun boşaldılmasına razılıq verib?

Rusiya 5 rayonun boşaldılmasına razılıq verib?Qərb diplomatından heyrətamiz məlumatlar

BiG.AZ Bakuinfo.az-a istinadən xəbər verir ki, Kremlin əsas şərti məlumdur; "ABŞ və NATO-nun adamı" Əbiyevin görəvdən alınmasının və rus generalının Müdafiə Nazirliyində yüksək posta təyinatının sensasion sirri...

"Rusiya Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş beş rayonunu-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının boşaldılmasına prinsipial razılıq verib". Diplomatik kanallardan "Yeni Müsavat"a daxil olan bu xəbər əlbəttə ki, Azərbaycan oxucusu üçün sensasion sayıla bilməz. Çünki 2007-ci ildən üzü bəri hətta Azərbaycanın dövlət rəsmiləri səviyyəsində də səslənən bu kimi iddialar gerçəkləşməyib və tezliklə gündəmdən çıxıb.

Amma xəbəri bir Qərb diplomatına istinadən redaksiyamıza verən mənbənin sözlərinə görə, məsələ bu dəfə çox ciddidir və Rusiya Dağlıq Qarabağ probleminin həllində özündə saxladığı açarı artıq masa üzərinə qoyub. Azərbaycanın 5 rayonun boşaldılmasını (üstəgəl Laçının da 13 kəndinin işğaldan azad edilməsini) nəzərdə tutan Madrid prinsiplərində münaqişənin nizamlanmasının bütün mərhələləri öz əksini tapıb. Nizamlanmanın birinci mərhələsində 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır. Bu ərazilərdən erməni qoşunları çıxarıldıqdan sonra bütün sərhədlər və kommunikasiyalar açılmalı, minalanmış torpaqlar təmizlənməli və dağıdılmış kommunikasiyalar bərpa olunmalıdır. Bundan sonra regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə işğaldan azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüququ statusu müəyyən edilməlidir. Ermənistan tərəfi illərdir ki, 5 rayonun boşaldılması təklifi ilə bağlı razılaşma olarsa, bu halda Dağlıq Qarabağın statusunun referendumla müəyyən edilməsinə və buna qədər Laçın və Kəlbəcər rayonlarının işğalda qalmasına çalışır. Azərbaycan isə bu təklifi qəbuledilməz sayır. Rəsmi Bakı yalnız o halda razılıq verəcəyini deyir ki, Dağlıq Qarabağın statusu məsələsi ən azı beş il sonraya saxlanılsın.

Yada salaq ki, münaqişənin nizamlanması ilə bağlı sənəd tərəflərə ilk dəfə 2007-ci il noyabrın sonunda Madriddə təqdim olunub. Bundan sonra, Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda, oktyabrın 27-də Həştərxanda, 2011-ci il martın 5-də Soçidə, iyunun 24-də Kazanda, 2012-ci il yanvarın 25-də isə Soçidə 14 görüşü keçirilib. Azərbaycanın təkliflərindən sonra yeniləşən Madrid prinsipləri bu illər ərzində məhz Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində reallaşmayıb.

İndi isə Rusiya Azərbaycana o vədi verib: "Ermənistan 5 rayonu boşaldacaq!" Qeyd edək ki, yuxarıda sadaladığımız bu görüşlərdən 9-u, eləcə də son 6-sı Rusiya prezidentinin (Dmitri Medvedyevin) vasitəçiliyi ilə keçirilib.

Rusiyanın Azərbaycana vəd etdiyi 5 rayonun boşaldılması üçün əsas şərti də "Yeni Müsavat"a məlumdur. Azərbaycan Rusiyanın patronajlıq etdiyi Gömrük və Avrasiya ittifaqlarına qoşulmalıdır. Azərbaycanın işğalçı bir ölkə ilə geniş əməkdaşlığı nəzərdə tutan ittifaqlara üzvlüyü mümkünsüzdür və bunu Rusiya yaxşı anlayır. Münaqişənin həlli ilə bağlı ciddi hərəkətliliyin olmasını Belarus prezidentinin Azərbaycanda nədənsə, çox da diqqət yetirilməyən son bəyanatı da təsdiqləyir. Oktyabrın 24-də Minskdə MDB dövlət başçılarının sammitindən bir gün əvvəl keçirilən Avrasiya Ali İqtisadi Şurasının toplantısında Lukaşenko deyib ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Azərbaycanın mövqeyinin nəzərə alınması önəmlidir. Lukaşenkonun fikrincə, Ermənistanın Azərbaycanla həll olunmamış ərazi münaqişəsinin olması üzvlükdə problem yarada bilər.

Bu bəyanatın təhlili iki mühüm məqamı ortaya çıxarır. Birincisi, Rusiya və tərəfdaş ölkələrin Gömrük və Avrasiya ittifaqlarının yaradılması Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkünsüz sayılır.

İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu birliklərə qoşulmağa razılıq verib və əsas şərti də Qarabağ probleminin həllidir. Aydındır ki, Rusiyanın razılığı olmadan ev sahibi olsa da, Lukaşenko bu cür ciddi, həm də Ermənistanı küncə sıxacaq bəyanat verə bilməzdi. Bu, Rusiya prezidentinin ən çox önəm verdiyi bir projenin baş tuta bilməməsi variantında əsas günahkarın Ermənistan olacağına mesajdır. Putin isə Avropa Birliyinə az qala alternativ kimi düşündüyü bu ittifaqları Ermənistanın cığallığına qurban vermək istəməz.

Azərbaycanın iqtisadi inkişafı Rusiyanın ölkəmizə təzyiq imkanlarını minimuma endirib. Kreml də bunun fərqindədir. Bu səbəbdən də Azərbaycana daha diplomatik və həssas nöqtədən yanaşma tələb olunur. Bunun yolu isə Qarabağdan keçir. Kreml rəhbərliyi onu da yaxşı anlayır ki, ağlı başında olan heç bir hakimiyyəti təzyiqlər yolu ilə ərazi münaqişəsində olduğu digər bir dövlətlə hər hansı iqtisadi əlaqələr qurmağa razı salmaq olmaz. Belə bir razılaşmaya gedən dövlət başçısı isə hakimiyyətini qoruya bilməz...

Hakimiyyətini qorumaq istəyən Azərbaycan rəhbərliyinin də Putinin inad etdiyi birliklərə yalnız Qarabağ şərti ilə qoşulacağına razılıq verməsi inandırıcı görünür.

Diplomatik mənbənin dediyinə görə, Putinin Bakıya avqust səfərində də əsas müzakirə mövzusu Qarabağ ətrafında 5 rayonun boşaldılması olub. Bu məlumat çox konfidensial saxlanılsa da, razılaşmanın bəzi detalları ABŞ-a məlum olub. Hətta bir qədər ziddiyyətli görünsə də, ABŞ-ın 9 oktyabr seçkisinə sərt mövqeyini bu görüşdə əldə edilən razılaşma ilə izah edənlər də var.

Putinin səfərində Rusiyanın Gömrük ittifaqına üzvlüklə bağlı Azərbaycanın dekabrın 15-dək qərar verməsini istədiyi barədə bir neçə dəfə yazılıb. Amma həmin görüşdə daha iki sensasion məsələ də müzakirə edilib.

Qərb mənbələrinə məlum olub ki, Rusiya 5 rayonun boşaldılmasından sonra Madrid prinsiplərində nəzərdə tutulduğu kimi, regiona BMT sülhməramlılarının deyil, rus qoşunlarının yerləşdirilməsini istəyir. Münaqişənin həllində açar rolunu oynayan Rusiyanın təşəbbüsü ələ almaq istəməsi və sülhməramlılarının Qarabağda yerləşdirilməsinə çalışması barədə xəbərlər də yeni deyil. Amma bu dəfə Rusiya bu prosesdə həmsədr ölkələrdən fərqli bir rol almaq istəyir və 5 rayonun boşaldılmasına nail ola bilərsə, sülhün qarantı kimi də Qarabağa qoşun yeritmək iddiası əsaslı görünür. (Bu qoşunun statusu isə "MDB sülhməramlıları" kimi tərtib olunacaq.) Yəni hər şeyi Rusiya həll edirsə, ABŞ, Fransa və ya BMT niyə sülhə qarant olsun ki? Azərbaycanın bu məsələdə indilikdə hansı mövqedə olduğunu demək çətindir, çünki yalnız münaqişənin həllində ciddi irəliləyiş əldə etdikdən sonra bu barədə danışmaq olar. Qərb diplomatı bu görüşdə Rusiyanın sülhməramlılarla bağlı şərtini ilkin olaraq razılaşdırdığını iddia edib.

"Rusiyanın həmin görüşdə irəli sürdüyü bir şərti isə artıq yerinə yetirilib" deyən, mənbəmiz adını gizli saxladığı diplomatın sensasion sözlərini "Yeni Müsavat" la bölüşüb: "Səfər Əbiyevin istefasının (nəzərə çatdıraq ki, "Yeni Müsavat" və digər qəzetlər bu istefanın daha çox daxili amillərlə-nazirin gizli bank hesabları, ordudakı özbaşınalıq və komandanlığa inamın zəifləməsi və sair kim səbəblərlə izah edib) əsas səbəbi Rusiya ilə bağlıdır. Rusiya "ABŞ və NATO-nun generalı" hesab etdikləri Əbiyevin görəvdən alınmasını Qarabağ razılaşmasının şərti kimi qoyub. Görünür, Kreml Əbiyevin bu razılaşmada "əngəl"ola biləcəyindən ehtiyat edib".

Qeyd edək ki, 18 il nazir olmuş S.Əbiyev Rusiya ilə də normal əlaqələr yaratsa da, ordu quruculuğunda əsasən NATO modelinə üstünlük verirdi.

Rusiyanın bu postda Əbiyevlə konfliktdə olan Baş Qərargah rəisi Nəcməddin Sadıqovu görmək istədiyi də iddia olunur. Amma bu təklifi də bir çox səbəblərdən hakimiyyət qəbul etməyib. Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun ehtiyatda olan general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin etməsi bu xəbərlərin fonunda çox diqqətəlayiqdir. Qeyd edək ki, slavyan mənşəli general Müdafiə Nazirliyində yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib.

Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir...

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcəklər.

Rəsmi məlumatlara görə, həmsədrlər səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşəcək, münaqişənin həlli prosesində yaranmış vəziyyəti müzakirə edəcəklər. Həmsədrlərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Onlar Bakıdan Ermənistana yollanacaq. Həmsədrlərin səfəri ərəfəsi bu məlumatların media vasitəsilə ictimaiyyətə ötürülməsinin arxasında hansı ciddi niyyətlərin dayandığını öyrənmək də maraqlı olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3981   Tarix: 06 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Greencard" qalibləri başlanğıcda kuryer,ofisiant kimi ağır işlərdə çalışırlar" - 2021-ci il qalibi

Yaxın günlərdə "Greencard" nəticələri açıqlandı. "Greencard" ABŞ-də işləmək və yaşamaq üçün verilən sənəddir. 2021-ci il "Greencard" qalibi Vüqar Məmmədli(ad şərtidir) -a bildirib ki, "Greencard" qalibi olmaq ABŞ-yə gedən kimi işlə təmin olunmaq demək deyil. 1

08.05.2024 704
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

08.05.2024 313
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

08.05.2024 987
.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

08.05.2024 396
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 152
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

08.05.2024 697