Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudurAzərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran strateji vəzifələrin mahiyyətini də aydın şəkildə ortaya qoyur. Dövlət başçısının müraciəti bir daha təsdiqləyir ki, radio və televiziya yalnız cəmiyyətin informasiya təminatını həyata keçirən vasitələr deyil, həm də milli kimliyin qorunması, dövlətçilik ənənələrinin yaşadılması, Azərbaycançılıq ideologiyasının təbliği və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından mühüm ictimai-siyasi əhəmiyyət daşıyan təsisatlardır.

Müasir dünyada informasiya amili dövlətlərin gücünü və beynəlxalq mövqelərini müəyyənləşdirən əsas vasitələrdən birinə çevrilib. Qlobal informasiya məkanında baş verən proseslər, geosiyasi rəqabət, informasiya müharibələri, saxta xəbərlər və müxtəlif ideoloji təsir mexanizmləri milli medianın üzərinə daha böyük məsuliyyət qoyur. Belə bir şəraitdə Azərbaycan mediasının tarixi missiyasını qoruması, milli maraqlara əsaslanan informasiya siyasətinin həyata keçirilməsinə töhfə verməsi və ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması xüsusi aktuallıq kəsb edir.

1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun ilk dəfə efirə çıxması xalqımızın ictimai-mədəni həyatında yeni mərhələnin başlanğıcı oldu. Bir əsr ərzində radio insanların əsas informasiya mənbələrindən birinə çevrilməklə yanaşı, milli dilimizin, musiqimizin, ədəbiyyatımızın və mədəniyyətimizin təbliğində mühüm rol oynadı. Radio efirində səslənən verilişlər, musiqi nümunələri, ədəbi-bədii proqramlar və tarixi hadisələrə həsr olunan materiallar milli yaddaşın qorunmasına xidmət etdi. Bu gün Azərbaycan radiosunun bir əsrlik fəaliyyətinə nəzər salarkən onun yalnız texniki inkişaf yolu keçmədiyini, eyni zamanda xalqımızın mədəni və mənəvi həyatının salnaməsinə çevrildiyini görürük.

Azərbaycan Televiziyasının 1956-cı ildə fəaliyyətə başlaması isə milli informasiya məkanının inkişafında yeni imkanlar yaratdı. Televiziya vasitəsilə ölkədə baş verən ictimai-siyasi hadisələr, dövlət quruculuğu prosesi, mədəniyyət və incəsənət nümunələri daha geniş auditoriyaya çatdırılmağa başladı. Azərbaycan televiziyası müxtəlif tarixi mərhələlərdə xalqın maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə və ictimai rəyin formalaşmasına mühüm töhfələr verdi.

Bu tarixi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Ulu Öndər televiziya və radionun cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirir, bu sahənin inkişafına daim diqqət göstərirdi. Onun rəhbərliyi dövründə milli teleradio sisteminin texniki və yaradıcı potensialının gücləndirilməsi, milli mədəniyyətin və incəsənətin təbliği istiqamətində mühüm işlər həyata keçirilib. Heydər Əliyev milli medianı xalqla dövlət arasında əlaqələrin möhkəmləndirilməsinin, milli birliyin və ideoloji bütövlüyün qorunmasının mühüm vasitələrindən biri hesab edirdi.

Ulu Öndərin siyasi irsində Azərbaycançılıq ideologiyasının xüsusi yer tutması da bu baxımdan təsadüfi deyil. Azərbaycançılıq xalqımızın tarixi köklərinə, ana dilinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə bağlılığını ifadə edən fundamental ideyadır. Bu ideologiyanın cəmiyyətə çatdırılmasında televiziya və radionun imkanları hər zaman mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də milli kimliyin qorunması, Azərbaycançılıq ideologiyasının inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prioritet istiqamətlərdəndir. Dövlət başçısının müraciətində Heydər Əliyevin xidmətlərinin xatırladılması bu tarixi ənənələrin davamlılığını bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin müraciətində Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizə qarşı yönələn ideoloji hücumların qarşısının alınmasında medianın roluna diqqət yetirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərində informasiya mübarizəsi milli maraqların müdafiəsinin mühüm istiqamətlərindən biri olub. Ermənistanın ölkəmizə qarşı təcavüzü, torpaqlarımızın uzun illər işğal altında saxlanılması, xalqımıza qarşı törədilmiş cinayətlər və yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması davamlı və prinsipial informasiya fəaliyyəti tələb edirdi.

44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsinin əhəmiyyəti daha aydın şəkildə özünü göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr, xarici jurnalistlərin suallarına faktlara əsaslanan cavabları və ölkəmizin mövqeyini qətiyyətlə müdafiə etməsi informasiya mübarizəsində mühüm rol oynadı. Azərbaycan mediası da həmin dövrdə milli maraqların müdafiəsi, həqiqətlərin yayılması və ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının ifşası istiqamətində fəallıq nümayiş etdirdi.

2020-ci ildə qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirdi. Bu hadisələrin tarixi, siyasi və hüquqi mahiyyətinin gələcək nəsillərə çatdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin yaşadılması milli medianın mühüm vəzifələrindəndir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və yeni infrastruktur layihələri də Azərbaycanın beynəlxalq informasiya məkanında layiqincə təqdim edilməlidir.

Bu gün informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Sosial şəbəkələrin və rəqəmsal platformaların geniş yayılması informasiya mübadiləsini sürətləndirsə də, eyni zamanda saxta xəbərlərin, manipulyativ məlumatların və məqsədyönlü təbliğatın yayılması üçün yeni imkanlar yaradıb. Belə bir şəraitdə medianın əsas vəzifəsi operativliklə yanaşı, məlumatların dəqiqliyini və obyektivliyini təmin etməkdir. İctimaiyyətə təqdim olunan hər bir məlumat faktlara əsaslanmalı, jurnalistlər peşə etikası və məsuliyyət prinsiplərinə əməl etməlidirlər.

Azərbaycan mediası milli maraqların müdafiəsini peşəkarlıq və obyektivliklə uzlaşdırmalıdır. Çünki ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün həqiqətlərin düzgün və inandırıcı şəkildə təqdim olunması vacibdir. İnformasiya mübarizəsində ən güclü vasitə fakt, arqument və peşəkar jurnalistikadır. Bu baxımdan televiziya və radio qurumlarının üzərinə düşən məsuliyyət yalnız xəbər yaymaqla məhdudlaşmır. Onlar həm də cəmiyyəti maarifləndirməli, sağlam ictimai mühitin formalaşmasına və milli həmrəyliyin güclənməsinə xidmət etməlidirlər.

Rəqəmsal texnologiyaların sürətli inkişafı milli teleradio sisteminin qarşısında yeni imkanlar açır. Bu gün televiziya və radio ənənəvi yayım formatları ilə yanaşı, internet platformalarında və sosial şəbəkələrdə də geniş auditoriyaya malik olmalıdır. Müasir texnologiyalardan istifadə, rəqəmsal arxivlərin yaradılması, keyfiyyətli audiovizual materialların hazırlanması və gənc nəslin informasiya tələbatına uyğun məzmunun təqdim edilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bununla belə, texnoloji yeniliklər milli-mənəvi dəyərlərin arxa plana keçirilməsi hesabına həyata keçirilməməlidir. Əksinə, müasir imkanlar milli mədəniyyətimizin və Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət etməlidir.

Milli medianın qarşısında duran digər mühüm vəzifə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Azərbaycan tarixinin, milli qəhrəmanlarımızın, şəhidlərimizin həyat və mübarizə yolunun, mədəniyyətimizin və adət-ənənələrimizin təbliği cəmiyyətin milli yaddaşının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ana dilimizin qorunması, düzgün nitq mədəniyyətinin inkişafı, milli musiqi və ədəbiyyat nümunələrinin geniş təbliği də radio və televiziyanın ictimai missiyasının mühüm tərkib hissəsidir.

Bütün bunlarla yanaşı, media cəmiyyətlə dövlət arasında etibarlı informasiya körpüsü rolunu oynamalıdır. Dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, həyata keçirilən islahatların nəticələrinin izah edilməsi, vətəndaşların problemlərinin işıqlandırılması və ictimai müzakirələrin təşkili peşəkar jurnalistikanın əsas funksiyalarındandır. Cəmiyyətin etimadını qazanmaq üçün media obyektivliyə, dəqiqliyə, qərəzsizliyə və məsuliyyətə əsaslanmalıdır.

Prezident İlham Əliyevin müraciətində ifadə olunan fikirlər milli radio və televiziyanın keçmişinə ehtiram, bu gününə verilən yüksək qiymət və gələcəyinə ünvanlanan mühüm mesajlar kimi dəyərləndirilməlidir. Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi milli informasiya məkanımızın keçdiyi zəngin inkişaf yolunu, dövlətçilik ənənələrimizin qorunmasında oynadığı rolu və qarşıda duran vəzifələri bir daha diqqətə çatdırır.

Bu gün Azərbaycan güclü dövlət kimi beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir və yeni inkişaf mərhələsinə qədəm qoyur. Belə bir şəraitdə milli medianın üzərinə düşən vəzifə daha da artır. Dövlətimizin tarixi nailiyyətlərinin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və həqiqətlərimizin dünyaya çatdırılması üçün müasir, rəqabətədavamlı və peşəkar informasiya sisteminin formalaşdırılması strateji əhəmiyyət daşıyır.

Güclü dövlətin güclü informasiya məkanına ehtiyacı var. Azərbaycan radiosunun bir əsrlik, televiziyasının isə 70 illik tarixi sübut edir ki, milli media xalqın yaddaşını yaşadan, dövlətçilik düşüncəsini möhkəmləndirən və cəmiyyəti vahid milli ideya ətrafında birləşdirən mühüm qüvvədir. Prezident İlham Əliyevin müraciəti də bu tarixi missiyanın müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyir. Milli medianın əsas hədəfi bundan sonra da obyektivlik, peşəkarlıq, milli maraqlara sədaqət və Azərbaycan həqiqətlərinin müdafiəsi olmalıdır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 51
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

15.11.2026 416
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 282
.

Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej

10:59 39
.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 78
.

Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura

11:06 6
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

15.11.2026 215
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 269
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

15.11.2026 483
.