NİTQİN TEXNİKİ ELEMENTLƏRİ (İNTONASİYA)

NİTQİN TEXNİKİ ELEMENTLƏRİ (İNTONASİYA)İntonasiya bir neçə komponentin qarşılıqlı təsiri nəticəsində yaranan mürəkkəb dil hadisədir, bunlardan səsin əsas tonunun tezliyi (melodik komponent); intensivlik (dinamik komponent); müddət və ya temp (müvəqqəti komponent); tembrni göstərə bilərik. İntonasiya ünsiyyət silahı kimi dilin tərəflərindən biridir. O, ünsiyyətin xüsusiyyətləri ilə, gerçəkliyin və ya mətnin konteksti ilə müəyyən edilir və leksik tərkiblə qrammatik cümlə quruluşunun vəhdətində üzə çıxır.
İntonasiya nitq səsinin ikinci xəttini, superseqmental səviyyəsini təşkil edir. Bir tərəfdən vurğu (prosodiya), digər tərəfdən melodiya, temp, pauzalar və tembr vasitəsilə formalaşan bu ikinci səviyyəli nitq səsi mürəkkəb quruluşa malikdir və müxtəlif funksiyalar yerinə yetirir. Dilçi-alim N.Hacıyeva yazır: "İntonasiya dilin söyləm qatında fəaliyyət göstərənbir sırs prosodik ünsürlərin toplusudur. İntonasiyanın tərkibinitəşkil edən prosodik elementlər (akustik komponentlər)bunlardır:melodiya, intensivlık, pauza, temp, tembr, ritm, diapazon. İntonasiyanın bu və ya digər funksiyası həmin akustik vahidlərdən biri, ikisi ilə fəaliyyət göstərir.(7. s.138).İntonasiya fonetik aspektdə səslərin fonemik xüsusiyyətlərinə təsir etməyən əsas tonda, intensivlikdə və müddətdə kəmiyyət dəyişikliklərini ifadə edir."İntonasiya nitqin tərtibatında ən mühüm amillərdən biri, "müəyyən bir dilin ən xarakterik xüsusiyyətidir, bunu xarici dil nitqini dərk edərkən bəzi məna çalarlarının tanış olmayan intonasiya ilə ötürüldüyünü söyləməyə imkan verən müşahidələr təsdiqləyir. Qeyri-doğma dildə ifadənin düzgün olmayan intonasiya nümunəsi, şübhəsiz ki, başqasının nitqinin qavranılmasında maneələr, özününkülərin formalaşmasında çətinliklər və ünsiyyət prosesində pozuntular yaradır." (10) Müxtəlif situasiyalarda fərqli danışmağımıza baxmayaraq (gündəlik dildə yanıltmaclar ayrı bir tərzdə deyilirsə, hesabat oxumaq isə başqa bir tərz), hər bir insanın intonasiyası fərdi, demək olar ki, barmaq izi kimidir.
Nitqdə ifadəlilik yaradan vasitələr nitq mədəniyyətində başlıca amillərdən sayılır. İfadəlilk həm də ifadəli oxumaq, yaxşı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qayda-qanunlarına yaxşı bələdlik, fikrin ifadəsində onlardan məqsədəuyğun istifadə edə bilmək bacarığı və səriştəsi ilə bağlıdır. onu da qeyd etməliyik ki, hazırda Azərbaycan dilində işgqzar və akademik kommunukasiya fənnini tədris edən müəllimlərin təkmilləşdirilməsinə böyük ehtiyac var; xüsusilə də onların ədəbi tələffüzü orfoepik tələblərdən aşağıdır. Tələbələrin nitqinin zəngin olmamasının səbəblərindən ən başlıcası da yeni müəllim nəslii ilə bağlıdır. Nitqdə ifadəlilik yaradan vasitələrə diqqətin yönəldilməsi bu problemin həllində nəzəri cəhətdən əhəmiyyətli ola bilər.
Natiq fikrini aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cəzbedici, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı və təsirli dil vasitələrindən istifadə etməyi bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, irəli sürülən fikirlərin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Görkəmli ədib M.İbrahimov yazır: "Pis dil çox yüksək ideyaların və dərin fikirlərin təsirini öldürə bilər… Sözün yerini, qədir-qiymətini bilməyən adama heç kəs hörmət etməz. Əksinə, o adam ki, söz qədri biləndir, hamı onun fikrinə qulaq asmaq istəyir, dediyinin üstündə düşünür".(6.120) Tələbələr ona görə bir sıra müəllim – natiqin mühazirələrindən razılıq edirlər ki, onların danışığı həm aydın, məzmunlu, güclü məntiq, tutarlı söz, ifadə, cümlələrdən ibarətdir, həm də ifadəli, təsirli, emosionaldır. Nitqdə ifadəlilik yaradan əsas vasitələrdən biri intonasiyadır. Belə ki, natiqlik sənətində məntiqli danışığa daha çox əhəmiyyət verilir. Belə danışıq vasitəsilə natiq fikrini, mətnin məzmununu dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla, onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmunun çatdırılması mühazirəçinin yeganə məqsədi deyildir. Əgər danışan təkcə məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq ancaq emosional boya kəsb etdikdə təsirli olur, dinləyicini daha çox maraqlandırır. Məlumdur ki, danışan eyni zamanda müsahibinin qəlbinə, hisslərinə təsir etmək, onda müxtəlif emosiyalar oyatmaq, dinləyiciləri nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. kimi məqsədləri də qarşısıya qoyur. Belə hallarda nitq rəngarəng ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. İntonasiya baxımından zəngin olan nitq həvəslə dinlənilir. Dinləyicilər belə mühazirələrdən xüsusilə zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti daim səfərbər edir, nəzərdə tutulmuş fikrin dinləyiciyə asan çatmasına şərait yaradar. Əksinə, intonasiya çalarından məhrum olan nitq, monotonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması və s. dinləyicini yorur, bəzən hətta əsəbləşdirir. Dinləyicilər bu cür natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar. Sözlərin, ifadə və cümlələrin mənaları ilə səslənməsi arasında ahəngdarlığın təmin edilməsi üçün istfadə olunan fonetik imkan və vasitələr fonetik üslubi vasitələr adlanır. Bu üslubi vasitələrin dildə mühüm əhəmiyyətinin olduğunu qeyd edən Ə.Dəmirçizadə onun həm nəzəri, həm də əməli əhəmiyyətini önə çəkmiş və üslubiyyatın zəruri bir bəhsi kimi təqdim etmişdir. (1)
İntonasiya şerin də həyati gücünü təmin edir. Sözün ifadə tərzinə, işlənmə məqamına, estetik mahiyyətinə həssaslıq poetik intonasiyaya yeni mövqedən yanaşma meyli formalaşdırır. Hər bir konkret əsərə, onun dil strukturuna uyğun münasib intonasiya qurmaq natiqdən həm istedad, həm də poetik cəsarət tələb edir.
İntonasiyaya bir çox təriflər verilib, onlardan biri də aşağıda qeyd etdiyimiz tərifdir:
​"İntonasiya — nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusuna deyilir.
"İntonasiya — melodika, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir".. (2.)
İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər- qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, məftunluq, məyusluq, nigaranlıq, sevinc, coşğunluq, həya, acıq, şübhə, təkəbbür və s. ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə istifadə etməlidir.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
​​O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
​​Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham…
​​Yazaydım səhər, axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
​​Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
​​Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
​​Məni sevindirəydin.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
​​Söylə, ürəyincəmi?
​M.Müşfiqin "Yenə o bağ olaydı" şeirindən götürülmüş bu parça canlı bir məhəbbət lövhəsidir. Oxucu bu canlı tablonun gözəlliyinə heyran qalır, onun qəlbi xoş duyğularla dolur. Mahir ifaçı intonasiya vasitəsilə bu tablonu daha da canlandırır, ona əlavə çalarlar, rənglər verir. Sevənlər o bağda ən xoş anlarını keçirərək, yenə də o bağı arzulayır və o mənalı yay axşamlarını bütün gözəlliyi ilə dinləyici gözü önündə canlandırır.
Ahəngdarlıq həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində danışan məqsədinə müvafiq şəkildə nitqinə müxtəlif səs tərtibatı verir. Başqa sözlə, danışıq prosesində təfəkkür fəaliyyətinin nəticəsi olan nitq rəngarəng intonasiya çalarına, boyalara malik olur. "Ahəngdarlıq isə natiqin işini asanlaşdırır və müəyyən nizama salır. Ahəngdarlıq natiqin əməyini yüngülləşdirir, onun rahat işləməsi üçün yüngüllük gətirir. Ahəngdarlıq həyatın bütün sahələrində özünü göstərir. Məsələn: nəbzin vurması, əsgərlərin yerişi, quşların uçuşu və s. Ahəngdarlıq təbiətin, cəmiyyətin inkişafında da daimi yer tutur: Dildə, rəqsdə, sənətdə belə müəyyən bir ahəng var ki, bu da müəyyən bir qanuna və nizama tabedir. Biz rəqsdə dinamik hərəkətləri, dildə nitq ünsürlərini görürük. Nəzmdəki ahəng nitq ünsürlərinin müvazinətli təkrarından doğur. Nitq də belədir. Nitq müəyyən hissələrə bölünməklə bərabər, müəyyən bir nizam ilə təkrar edilirsə, ahəng təsiri yaranacaqdır. Əgər mənzum misralar mütəmadi olaraq uzanan mənsur bir parça ilə yanaşı qoyulursa, müvazinət, nizam, ahəng görünməyə bilər. Lakin eyni misralar bir ölçüdə olmaqla bərabər, müəyyən pauzalar (fasilələr) və durğularla davam edərsə, səslərin bu nizamlı əlaqəsindən mütləq ahəng doğacaqdır".(9)
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz.İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artırar, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər.
İntonasiya vasitəsilə adi fikri ifadə edən ən "nəzakətli" sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun,bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər, bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər. Fransız fonetiki Qrammonun dediyi kimi, "cümlələri əmələ gətirən sözlər onun yalnız skeletidir", bu skeletə hərəkət və həyat verən intonasiyadır". İntonasiya müəyyən bir məzmunun özünəmüvafiq forma ilə ifadə olunması vasitələrindən ən başlıcasıdır.
"Söz təkrarları da intonasiya keyfiyyətlərinin üslubi poetik əlamətləridir. Bədii forma və fonoloji ifadə üsulu kimi o, bədii qayəni mükəmməl şəkildə tamamlayır, poetik məzmunu gözəl ritm və ifadə qəliblərində təqdim edir. İntonasiyanın yaratdığı təbiilik və şirinlik lirik şeirin komponentlərinə və üzvlərinə dərin təsirini göstərir. Təsadüfü defil ki, biz intonasiya göstəricisini əsas tutub şeirlərin vəznini, ölçülərini, misradaxili bölgüləri və s. bir-birindən ayırd edə birik" (8.s149).
İntonasiya dedikdə şifahi nitqdə birgə fəaliyyət göstərən ünsürlərin vəhdəti nəzərdə tutulur. Nitq intonasiyasının səs vasitələri aşağıdakılardır:
1. Səsin gücü.Bu nitqin dinamikasını yaradır, vurğu ilə ifadə olunur.
2. Səsin istiqaməti. Bu, bu nitqin melodikasını əmələ gətirir. Melodika səsin tonunun qalxıb enməsi ilə yaranır.
3. Səsin sürəti. Bu, nitqin temp və ritmini yaradaraq, səslənmənin davamlılığı və fasilə ilə ifadə olunur.
Bu ünsürlər nitqin texniki cəhətləri, nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.
Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur.
Söz vurğusu nitqdə əsasən, iki vəzifəni yerinə yetirir:
1.Sözlərdə forma gözəlliyi yaradır.
2.Sözlərdə yeni məna əmələ gətirir.
Bunlardan birincisi fonetik, ikincisi, fonosemantik vəzifədir.Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ürəyəyatan olur, ən optimal fonetik şəklini alır. Əks halda, sözlər bayağılaşır, süni deyim yaranır, sözlər öz axarından uzaqlaşır, məna anlaşılmır.Sözlərdə vurğunun qüsurlu tələffüzü nitqin gözəlliyinə xələl gətirir, onun təbii gücünü azaldır, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyiciyə istənilən səviyyədə çatmır.
Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. əks halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşılmır. Şifahi nitq üzərində müşahidələr göstərir ki, vurğu səhv vurulanda həm sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır.(5)
Azərbaycan dili sözlərində vurğu dilin təbiətinə uyğun olaraq (iltisaqiliyin bir əlaməti kimi) əsasən, son heca üzərinə düşür. Dilimizə məxsus sözlərin tələffüzündə (bəzi istisnalar nəzərə alınmazsa, məsələn:oxu, daha, bütün, arzu, isim, sifət və s. kimi tələffüz forması) ümumən, qüsura yol verilmir. Bu sahədə ədəbi tələffüzdən uzaqlaşma halları daha çox alınma sözlərin, terminlərin deyilişində özünü göstərir. Məsələn, te¢xnikum, o¢pera, o¢rden, ka¢fedra, ma¢rşal, de¢fis, a¢bzas, para¢qraf, sino¢nim, psixoloji, benzin, manevr, epi¢loq, mono¢loq, fi¢rma, sığorta, ko¢mpleks və s. Hər hansı bir alınma sözün, terminin deyilişində yol verilən qüsurlar mühazirəçinin nitqinə xələl gətirir, onun effektini azaldır. "...Çıxış zamanı yaranan ilk təəssürat, natiqin auditoriyada davranışı (duruşu, hərəkəti) "bədən dili" və nitq texnikasından (səs, intonasiya, vurğudan və c.) istifadə qaydaları ritorikanın həll etməli oldiğu vacib məsələlərdəndir.(2.sə 166).
Cümlələri təşkil edən sözlərin hecaları vurğuya görə fərqli olduğu kimi, cümlənin də müəyyən bir sözü başqalarına nisbətən güclü deyilir. Qüvvətli deyilən həmin söz cümlənin mənaca fərqlənən, diqqəti cəlb edən, danışanın məqsədini qabarıqlaşdıran bir fonetik vahid kimi çıxış edir.Cümlədə belə sözün o biri sözlərə nisbətən güclü deyilişi məntiqi vurğu adlanır. Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşdükdə xüsusi məna çaları əmələ gəlir.
Məntiqi vurğuya riayət etməyin natiqin ifadəli oxusunda, danışığında, mühazirlərində, söhbətlərində praktik əhəmiyyəti böyükdür. Danışan bu vurğu vasitəsilə oxuduğu hər hansı bir mətndə, eləcə də ifadə etdiyi fikirdə müəyyən məqamı dinləyiciyə xüsusi tonla çatdırmağa çalışır. Bu zaman onun nəzərdə tutduğu məqsəd, fikir dinləyiciyə tam, aydın və dəqiq çatdırılır.Məsələn, N.Kəsəmənlinin S.Rüstəmin "Olan olub.." şeirinin bir bəndinə nəzər salaq.
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki,
Əvvəlindən biri vardı, biri yox.

Bu şeir parçasının sözlərini eyni tonla, eyni vurğu ilə oxumaq ifadəliliyi təhrif etmək, şeirin bədiiliyini söndürmək deməkdir. Çünki "olan olub, keçən keçib" ifadəsində pleonazm şeirə xüsusi rəng qatır, ondan sonrakı söz xüsusi vurğu ilə deyiləndə misranın bədiiliyi artır, məna dinləyiciyə daha dəqiq çatır, eşidənin hissi coşur, ürəyi riqqətə gəlir. Buna görə də həmin şeirdəki sözləri nəzərə çarpacaq bir şəkildə tələffüz etmək və ondakı mənanı dinləyiciyə dəqiq çatdırmaq lazımdır ki, bu da məntiqi vurğu vasitəsilə mümkün olur. Əgər sözləri növbə ilə məntiqi vurğu altında desək, onda şeir əvvəlki təbiiliyini, gözəlliyini itirər, bu bədii parça da adi söz yığını səviyyəsinə düşər.
Həyəcanlı vurğu. Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı (emfatik) vurğudur. Məntiqi vurğu ilə danışan şəxsin əvvəlcədən xüsusiləşmiş halda nəzərdə tutduğu məna ifadə olunur. Hmin məna həyacanlı vurğu ilə daha ifadəli olunur.Vurğunun bu növü, əsasən, danışanın daxili hisslərinin, həyəcanının səslərlə ifadəsidir. Bu zaman sözün bir səsi--saiti, yaxud samiti daha gərgin, daha güclü, uzadılaraq tələffüz olunur. Bunun ən bariz nümunələrinin "Vaqif" pyesində Qacarla Vaqifin mükalimsində görmək olar. Cümləni həyəcanlı vurğu ilə söyləməklə sözlərin şifahi nitqdə nə qədər yeni-yeni əlamətlər qazandığının şahidi oluruq. "Off" nidasının yaratdığı təsirə, məna çalarına diqqət edək:
Vəzir: "Of... məndə olsaydı bundakı hünər..."
Misradakı "of" nidasının samiti həyəcanlı vurğu ilə deyildikdə (off) samit qoşalaşdığından sözdə yeni (sətiraltı) məna çaları yaranır.
Müşahidələr göstərir ki, Azərbaycan dilində əsasən, "r, s, ş, y, z, v, m" samitləri daha çox belə effekt yaradır. Hətta ikihecalı sözlərdə də tələffüz zamanı həmin səslər qoşalaşaraq həyəcanlı vurğunu əmələ gətirir. Məs:yavaş(yavaşş), azar(azzar), hamı(hammı) çox qəşəng(qəşşəng) dedim. Lap ürəyimdən tikan çıxdı. Çox gözəl(gözzəl)iş görmüsən.Bu cümlələrdə "qəşəng" sözündəki "ş", gözəl sözündəki "z" səslərinin qoşa tələffüzü fikrin, mənanın daha dolğun, emosional ifadəsi üçün bir vasitəyə çevrilir.
"Tələffüzün asanlığını, rəvanlığını təmin edən üslubi fonetik imkanlar sırasında dilin səs tərkibi, qəni dildə olan səslərin məxrəc baxımından növləri, xüsusi qeyd olunur. Azərbaycan dilində samitlərin çoxu cingiltilidir: Samitlər miqdarca və ahəngdar qoşalıq təşkil edir". (5.s. 92)
Intonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən fasilələrə malikdir. Tələffüz məqsədilə danışıq və oxu prosesində özünü göstərən tənəffüs aktı fasilə yaxud pauza adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs-fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır və fikrin davam etdirilməsinə ilk hazırlıq mərhələsidir.
Əruz vəznində yazılmış əsərlərdə, xüsusən qəzəllərdə fasilə təfllələrini (təqtləri) gözləmək mütləq lazımdır. Hər bir təqtdən sonra edilən qısa və ya davamlı fasilə nitqdə xüsusi ritm yaradır. Məsələn: Qamu bimarinə canan/dəvayi-dərd edər ehsan,// Neçin qılmaz/mənə dərman/, məni bimar o sanmazmı?// (Füzuli) Kipriyin xəncərdir/, qaşların kaman// Yıxdığın acizə/ verməzsən aman,// Dedilər//, cəlladsan/, etməzdim güman,// Salacaqdır məni/ qana gözlərin,// (Ə.Vahid) (7.111)
Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir.Xüsusən, nəfəs almağa düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün birinci növbədə normal fasiləyə əməl olunmalıdır."Tələffüz prosesində nəfəs və səsin düzgün tənzimlənməsi vəcib şərtlərdəndir. Əsasən sə nəfəsalmaya düzgün əməl olunmazsa, nitq zamanı darıxma, diksiyanın pozulması, təngənəfəslik və digər mənfi hallara gətirib çıxarır."(4. sə 87)
Nitq fasiləsində normal tənəffüsün böyük rolu vardır. Tənəffüs iki funksiyanı yerinə yetirir.O həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir.Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir: nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma tənəffüsdə ən aktiv prosesdir. Bu prosesdən sonra dərhal hərəkətverici əzələlərin gərginliyi azalır, onlar sakit vəziyyətə gəlir və yeni nəfəsalmaya qədər bu vəziyyətdə qalır .
Nitqin fasiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqi məntiqi məna daşıyan hissələrə bölməklə onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir.Danışan bu fasilənin köməyi ilə ifadə edəcəyi fikri dinləyicinin diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Bu prosesdə vahid məna bütövlüyündə birləşən qruplar həm ayrılır, həm də birləşir.Buna görə də ona əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir. Məsələn: Çalış, Arif kimi tənbəl olma.Burada bölgü bildirən fasilə ("çalış" sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir.Yaxud Oxusan, əlaçı olarsan cümləsində məntiqi fasilə ("oxusan" sözündən sonra) cümlənin iki hissəsini (oxusan və əlaçı olarsan) vahid bir məna bütövlüyündə birləşdirir.
Beləliklə, dilimizin fonetik siseminə aid qaydalar nitqin anlaşıqlı, gözəl, ifadəli almasmı şərtləndirən vasitələrdir. Nitqdə ədəbi tələffüz normalarına düzgün riayət olunması, danışıqda fasilə və durğu işarələri, intonasiya, vurğu, tembr, ritm və s.kimi səs, tələffüz nitqin ahəngdarlığına imkan yaradır, məzmunun daha aydın başa düşülməsinə səbəb olur.
İfadəlilk həm də ifadəli oxumaq, yaxşı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qayda-qanunlarına yaxşı bələdlik, fikrin ifadəsində onlardan məqsədəuyğun istifadə edə bilmək bacarığı və səriştəsi ilə bağlıdır.
ƏDƏBİYYAT SİYAHISI
1.Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962
2.Hacıyeva İ., Seyidova S., Məmmədova N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Füyuzat, Bakı 2021
3.Hacıyeva N. Azərbaycan dilində fonetik vahidlərin üslubi xüsusiyyətləri. Elm və təhsil, Bakı, 2016
4.Eminli B.İ.,Paşayeva G.B. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Sumqayıt, Bakı 2021
5.Mustafayeva Q. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 2010
6..İbrahimov M.Xəlqilik və realizm cəbhəsindən. Bakı, 1961
7. Hüseynov S. Nitq mədəniyyəti. Bakı, 2010
8.Hüseynov M. Səsin poeziyası. Bakı, 2010, ə
9.https://melumatlar.az/blog/18405/nitq-prosesinde-teleffuz-intonasiya-ve-orfoepiyanin-rolu
10. https://media.nosu.ru › 2020/04›
11.https://az.wikipedia.org/wiki

Filologiya elmləri doktoru,
professor İlhamə Hacıyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 222   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəhəng gəmilər niyə ağ rəngdədir? – TƏƏCCÜBLÜ SƏBƏBİ VARMIŞ

Nəhəng səyahət gəmilərində diqqətimizi çəkən bir detal var. Onların hamısı, demək olar ki, istisnasız, ağ rəngdədir. Ancaq bu, sadəcə gözə xoş gəlmək üçün seçilmiş bir rəng deyil. Bunun arxasında çox maraqlı səbəblər var. Gəlin bu səbəblərə baxaq. Gəmilərdə gigiyenanın nə qədər vacib olduğunu söyləməy

30.01.2025 314
.

Bakıda iki rayonun bəzi hissələrində QAZ OLMAYACAQ

Paytaxtın Sabunçu və Binəqədi rayonlarının bəzi hissələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BİG.AZ quruma istinadən xəbər verir ki, "Buzovna 1-97" QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintis

30.01.2025 411
.

"Fermerlərə dərman preparatları əlçatan qiymətə təklif edilməlidir"-VAHİD MƏHƏRRƏMOV

Pambıq bitkisi geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. Xalq təsərrüfatının heç bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, ipliklər və geyimlər

30.01.2025 216
.

Yanvarın son günündə hava necə olacaq?

Yanvarın 31-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 isti, gündü

30.01.2025 233
.

Xatirə ilə həyat yoldaşından birgə rəqs

Müğənni Xatirə İslamın ad günündən həyat yoldaşı Fəxrəddin Musazadə ilə birgə görüntüləri yayılıb. OLAY yazır ki, cütlüyün rəqs etdiyi anları müğənni Nadir Qafarzadə paylaşıb. Qeyd edək ki, Xatirə ilə F. Musazadənin bir oğlan övladı var

30.01.2025 607
.

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra səbəblərlə əlaqədardır"-KAMRAN ƏSƏDOV

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Son illərdə xarici universitetlərə qəbul imkanlarının artmasına baxmayaraq, bəzi məzunların diplomlarının rəsmi tanınmaması onların əmək bazarında iş tapmaqda çətinlik çəkməsin

30.01.2025 248
.

Gülben Ergenin yerini Ayça Bingöl tutdu

"Piyasa" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Gülben Ergen vaxtı olmadığı üçün roldan imtina edib. xəbər verir ki, onun yerinə Ayça Bingöl gəlib. O, serialda jurnalist Ahsen rolunu canlandıracaq. [hh4-unikal]

30.01.2025 232
.

"De, gəlsin" qayıdır - Foto

İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan "De, gəlsin" meyxana yarışması yenidən ekrana qayıdır. Axşam.az xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, aparıcı Emin Əfəndi ilə fotosunu izləyiciləri bölüşərək bunları yazıb:. "Tezliklə "De

30.01.2025 831
.

Deputat Sumqayıtda vətəndaş qəbulu keçirdi

44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputat Mehriban Vəliyeva yanvar ayı üçün növbəti vətəndaş qəbulunu keçirib. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıql

30.01.2025 145
.

TOP MP3