Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox göz önünə rejissor Ramiz Həsənoğlunun "Təbii ki, bu rolda çox populyar, sevilən bir aktyor çəkilməli idi", - deyə Sabit Mirzə roluna dəvət etdiyi "Qatarda" tamaşası gəlir...

Həsən Əbluc şəxsi həyatında da qayğıkeş ata, sədaqətli həyat yoldaşı, sadiq dost, etibarlı qardaş olub.

Aktyorun 22 aprel - doğum günü ərəfəsində söhbətləşdiyimiz qızı Elnaz Əbluc "atamla bağlı xatirələrin hamısı mənim üçün əzizdir. Çünki o, çox qayğıkeş olub. Ondan sonra mən elə bir qayğını demək olar ki, heç kimdən görmədim. Bu, söz xətrinə deyilmir. İndi onun üçün anamın da, mənim də az qala burnumuzun ucu göynəyir", - deyə kədərlə bildirir.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

"Biz uşaqsız da yaşayarıq..."

E.Əbluc atası ilə bağlı heç zaman danışmadığı bir xatirəsini bölüşür: "Ailənin yeganə uşağı olmuşam. Məndən öncə doğulan uşaqlar həyatda qalmayıb. Hətta anam məni dünyaya gətirəndə atam ona məktub yazıb: "Əgər alınmırsa, biz uşaqsız da yaşayarıq..." Baxmayaraq ki, o, uşağının olmasını çox istəyib, ancaq anama təsəlli üçün belə bir məktub yazıb. Anam deyir ki, o məktubu oxuyanda xəstəxanada hamı ağlayırdı. Xəstəxanadan gələndə atam sevindiyindən uşaq arabasının içərisini konfetlə doldurub. O, məni hədsiz çox istəyirdi. Biz ata-övlad münasibətindən savayı dost idik. Hamı deyirdi ki, o, çox ciddi adamdır, yəqin sənə çox şeyi qadağa edər, amma atam çox müasir idi. Bizim yaxşı geyinməyimizi istəyirdi. Anamda bir az astmatik problemlər olduğu üçün hər il aprel-may aylarında o bizi 3 aylıq Moskvaya göndərirdi. İl boyu qazandığı pulu anama verib "özünüzə nə istəyirsiniz alın" deyirdi. Sonra özü də yanımıza gəlirdi, amma çox qala bilmirdi".

Üzdə olmayan aktyorların kəşfi

"Atamın uşaqlığı asan keçməmişdi", - deyə E.Əbluc davam edir: "Onun böyük qardaşı Əli inqilabçı olmuşdu. 18 yaşında ona edam hökmü kəsildiyi üçün bütün ailə Təbrizdən Bakıya qaçmışdı. Onda atamın 4 yaşı varmış. Sonra Bakıda orta məktəbi bitirmiş, institutda həm aktyorluq, həm də rejissorluq üzrə oxumuşdu. Sənətini hədsiz çox sevirdi. Tamaşalara quruluş verəndə daha çox üzdə olmayan aktyorlarla işləməyə üstünlük verirdi. Məsələn, "Aydın" tamaşasında Gültəkin roluna teatra yeni gələn Məleykə Əsədovanı dəvət etmişdi. Məleykə xanım mənim verilişimdə danışdı ki, Həsən Əbluc rolu mənə verəndə məəttəl qaldım..."

"Səndən yaxşı montaj rejissoru olar"
"Mən orta məktəbdə oxuyanda kreativ işlər axtarırdım. "Fotoreportyor olacağam", "ofisdə işləyəcəyəm" və s. deyə xəyallar qururdum", - deyə Elnaz xatırlayır: "Atam da "bir seçim etmək, qərara gəlmək lazımdır" deyirdi. Nənəm həkim olduğu üçün o, mənim həkim olmağımı istəyirdi. Atam isə deyirdi ki, səndən yaxşı montaj rejissoru olar. Çünki mən iki kasetli maqnitofonlarda musiqiləri bir-birinə calayırdım. Ancaq bu sənəti seçmək haqda düşünmürdüm, etiraz edirdim. Tale elə gətirdi ki, atam dünyasını dəyişəndən sonra mən bu sənəti sevdim, montaj rejissoru oldum. Elə bil onun ruhu məni bu sənətə çəkdi".

"Snayper dublyaj edən"

"Atamın səsindən dublyajda çox istifadə olunurdu, amma kinoya o qədər dəvət olunmurdu. Atam ironiya ilə rejissorlara deyirdi ki, məni kinoya çəkməyin, o filmə heç kim baxmayacaq. Amma filmlərin səslənməsində onun səsi olmadan keçinmək mümkün deyildi. "Yaramaz" filmində gürcü aktyoru Mamuka Kikaleyşvilinin səsləndirməsi də atama məxsusdur. Aktyor filmdən sonra "mən özüm belə bacarmazdım", - deyə etiraf edib. Səs operatoru Əsəd Əsədov atama "snayper dublyaj edən" deyirdi. Atam təkcə filmdə obrazı səsləndirmirdi, o rolu yaşayırdı. Bəzən filmdə də, oxuduğu şeirlərdə də sözləri dəyişir, redaktələr edirdi".

Dünyasını dəyişəndə 51 yaşı vardı

Həsən Əbluc ömrünün sonuna yaxın "Ezop" tamaşasını və "Anamın kitabı"nı hazırlayırdı. "Atam bir aktyorla "Ezop" tamaşasını hazırlamışdı. Ezop rolunu da özü oynayacaqdı", - deyə qızı xatırlayır: "Bu tamaşa Heydər Əliyev Sarayında nümayiş olunacaqdı. Amma tamaşanı oynamaq qismət olmadı. Gənc Tamaşaçılar Teatrında sonuncu quruluş verdiyi "Anamın kitabı"nın premyerası da baş tutmadı. Premyeraya 20 gün qalmış atamın səhnədə ürəyi tutdu. Hadisə məşq prosesində oldu. Xəstəxanaya çatdırsalar da, atamı xilas etmək mümkün olmadı. Atam üzdən sakit görünürdü, amma çox emosional və əsəbi idi. Məşqləri də emosional aparırdı. Məni də bəzən özü ilə məşqlərə götürürdü. Onun əsəbiliyi ilə bağlı aktyorlar arasında narazılıqlar olduğunu eşidirdim. Mən bu barədə atama deyirdim. "Mən məşqdən sonra onlarla dostam, amma bu, mənim iş prinsipimdir", - deyə izah edirdi.

Həsən Əbluc dünyasını dəyişəndə 51 yaşı vardı. Ürəyində isə quruluş vermək istədiyi nə qədər tamaşalar və oynamaq istədiyi rolların arzusu... "Atam Şahmar Ələkbərov və Tariyel Qasımovla yaxın dost idi. Şahmar Ələkbərovla ailəvi yaxın idik. Şahmar əmi dünyasını dəyişəndə atam onun məzarı başında ağlayaraq: "Tezliklə görüşərik..." demişdi. İki il sonra atam rəhmətə getdi..."

Elnaz deyir ki, atası dünyasını dəyişəndən sonra onlar üçün asan olmayıb. Ailənin yükünü anası ilə özü çəkməli olub: "Atam vəfat edəndə mənim 16 yaşım vardı. Anam da bilmirdi ki, məsələn, çörək harada və neçəyə satılır. Bütün qayğılar atamın üzərində olmuşdu. "Mən olmasam siz nə edəcəksiniz?" - deyə həmişə narahatlığını ifadə edirdi. Son üç ayda isə ürəyinə dammış kimi bu sözləri daha tez-tez söyləyirdi..."

Elnaz atasının adının bir aktyor və rejissor kimi yaddaşlarda yaşamasından qürur duyur: "Yaxşı ki, atam insanların yaddaşında yaşayır. Atamın ifasında Bəxtiyar Vahabzadənin "Yaşdan gileyliyəm" şeirini "Youtube"da paylaşdım. O qədər xoş rəylər yazıldı ki... Hər il doğum və anım günləri haqqında verilişlər hazırlanır, xatirə gecələri keçirilir. Bu, bir övlad kimi məni çox sevindirir..."


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 908   Tarix: 20 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 343
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 615
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 334
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1656
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 403
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 492
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 507
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 347
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 559
.