Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?

Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?BiG.AZ Kulis.az-a istinadən mərhum diktorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Həmin vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.

Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız.

Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar.
Onu da Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət ediblərmiş, ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak etməyib.

Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. "Çahargah" çaldığı yerdə tarın sarı simi qırılıb. Məktəbi qurtarandan sonra tarı atır, anası kimi hüquqşünas olmaq istəyir:

"Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaqdı sarı simlər, dəfələrlə təkrar olunacaqdı".

Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı kimi işə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.

Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da müsabiqədə iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycan dilində səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.

Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir, deyir, bu oğlanın gələcəyi var.

Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.

Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.

Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyir:

"Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz. Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatlarını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur".

İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar. 1984-cü ildə onların 18 yaşlı oğlu Rövşən amansızcasına qətlə yetirilib...

Cinayətkar onu öldürməklə kifayətlənməyib, meyitini doğrayaraq çamadana yığıb. Hadisə dəqiq necə olub, çamadanı hardan, kim tapıb, ata oğlunu bu vəziyyətdə necə görüb - bunlar sovet dövrünün arxivlərində qaldı.

Şayiələr çox idi: guya, uşağı Rafiq Hüseynovun oğulluğa götürdüyü adam qısqanclıqdan öldürüb, kimlərsə Roza Tağıyevanın əvvəlki evlilikdən olan oğlunu günahkar bilirdi... Amma məlum olan o idi ki, Azərbaycan Dövlət Universitetinin 18 yaşlı tələbəsini kimsə qisas zəminində öldürmüşdü. Amma nəyin, kimin qisası?

Bu fəlakət Rafiq Hüseynovla Roza xanımı birləşdirmədi, əksinə ayrıldılar. Hərə öz dərdini ayrılıqda çəkməyə üstünlük verdi.

Müsahibələrinin birində diktor deyir:

"Mənə bu haqda danışmaq olduca ağırdır. Oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq".

Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.

Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.

1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb. Həyat yoldaşı Səbinə xanım bu məsələ ilə bağlı deyir:

"Rafiqə televiziyada vəzifə də vermək istəmişdilər. Amma Rafiq əqidəsinin əksinə getmədi. Ondan kimlərsə öz mənafelərinə görə istifadə etmək, televiziyanın oyunlarına cəlb etmək istədilər, o isə bundan imtina etdi, prinsiplərinə xəyanət etmədi. Bu, təxminən 91-ci ilə təsadüf edirdi. 1990-cı il 20 Yanvar hadisələrində isə o, daha ağır təhlükəylə üzləşmişdi. O vaxt Rafiqi öldürmək istəyirdilər. Veriliş zamanı Moskvadan göndərilən komendant ona mətn verib demişdi ki, məndə olan məlumata görə sən ölkədə müəyyən nüfuza sahibsən və insanlara təsir gücün var, buna görə də bu mətni oxumalısan. Rafiq isə mətni oxumaqdan imtina etmişdi, demişdi, mən bunu oxumayacam".

2016-cı ildə diktorda ağciyər xərçəngi aşkar olunur. Müxtəlif ağır terapiyalardan keçib, müalicə alsa da, Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir.
2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir.
3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.

Həyat yoldaşı onun ölümündən sonra müsahibələrinin birində əfsanəvi diktoru belə xatırlayır:

"Bir gün evə gəldi, məni otağa çağırdı və dedi ki, Səbinə, məndə xərçəng xəstəliyi var, mən öləcəm. Mən ona dedim ki, niyə ölürsən, indi gör neçənci əsrdir, səhiyyə inkişaf edib. Mən heç vaxt ona bədbin şeylər yükləmirdim, çalışırdım, ümidli olsun. Amma ürəyimdə bilirdim ki, vəziyyəti yaxşı deyil. Çox çətindir o günləri xatırlamaq. Son gününə qədər biz demək olar ki, vuruşurduq. Türkiyədən onu Bakıya gətirəndə pis olmuşdum. Özü mənə dedi ki, Səbinə, məni apar evə, Bakıya getmək istəyirəm. Bakıya gələndən sonra onun gözünə işıq gəldi, rahatlandı. Burda dostları, yaxınları yanına gəlib gedirdi. O, həmişə insanların arasında olub deyə, son günlərini də elə keçirmək istəyirdi".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1318   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 492
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 391
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 364
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 361
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 508
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 374
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 374
.