Ombudsman: "Ermənistan əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmir" - MÜSAHİBƏ

Ombudsman: "Ermənistan əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmir" - MÜSAHİBƏ"Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq qurumlarla birgə hesabatların hazırlanması nəzərdə tutulub".

Bunu "Report"a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Ombudsmanın müsahibəsini təqdim edirik:

- Səbinə xanım, məlum olduğu kimi, 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan olunub. Bu münasibətlə Ombudsman təsisatı indiyədək hansı tədbirlər həyata keçirib?

- Cari il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində bir sıra silsilə tədbirlər keçirmişik və ilin sonuna kimi tədbirlərin təşkili davam etdiriləcək. Bu il bizim üçün də çox əhəmiyyətli və əlamətdardır. Çünki artıq 20 ildən çoxdur ki, müstəqil bir qurum olaraq fəaliyyət göstərən Ombudsman təsisatı bilavasitə Ulu Öndərin təşəbbüsü və xeyir-duası ilə yaradılmışdır. Hazırda biz möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunduğunu əsas tutaraq, tərtib etdiyimiz silsilə tədbirlərin təqvim planına uyğun olaraq ilin əvvəlindən etibarən həm Bakı şəhərində, həm də regionlarda müxtəlif aktual mövzular üzrə tədbirlərin keçirilməsinə start vermişik.

- Qeyd etdiyiniz tədbirlərlə yanaşı, Sizin tərəfinizdən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində də tədbirlər təşkil olunub. Bir ay ərzində bu istiqamətdə keçirilən tədbirlər barədə məlumat verməyinizi istərdik...

- Hər il 18 may – 18 iyun tarixlərinin "İnsan Hüquqları Aylığı" elan olunması artıq bir ənənəyə çevrilib, lakin bu, heç də o demək deyil ki, biz insan hüquqlarının müdafiəsini yalnız bir ayla məhdudlaşdırmalıyıq. Bu o deməkdir ki, biz dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini, həmkarlar ittifaqlarını, bütövlükdə geniş ictimaiyyəti insan hüquq və azadlıqlarının müdafiəsinə diqqəti daha da artırmağa çağırırıq. Həmçinin hər il 20 oktyabr - 20 noyabr tarixləri tərəfimizdən "Uşaq Hüquqları Aylığı" elan olunsa da, bu istiqamətdə də tədbirlər il ərzində davam edir. Yəni, bizim işimiz elan olunan həmin aylıqlarla yekunlaşmır. Bununla biz cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı naminə aidiyyəti qurumlarla birgə əməkdaşlıqda əhali arasında insan hüquqlarının geniş təbliğ olunmasını daha da gücləndiririk.

- Sizin çağırışınıza uyğun olaraq, bu aylıq çərçivəsində dövlət qurumlarının iştirakını necə qiymətləndirirsiniz?

- Sevindirici haldır ki, bizim bu müraciətimizə bütün dövlət qurumları hər zaman olduğu kimi böyük həssaslıqla yanaşdılar və bu aylıq çərçivəsində insan hüquq və azadlıqlarını təbliğ edən müxtəlif mövzular üzrə silsilə maarifləndirmə tədbirləri həyata keçirildi. Bir çox hallarda Ombudsman təsisatının nümayəndələri də həmin tədbirlərdə məruzəçi qismində iştirak etdilər.

Səbinə Əliyeva
Səbinə Əliyeva
- "İnsan Hüquqları Aylığı" çərçivəsində Ombudsman Aparatının Regional mərkəzləri tərəfindən keçirilən tədbirlərdə regionlarda fəaliyyət göstərən digər dövlət müəssisələri, idarə və təşkilatlar da iştirak etdimi?

- Qeyd etdiyim kimi, Ombudsman təsisatı tərəfindən ölkə üzrə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bütün növ tədbirlər il ərzində keçirilir. Bu kimi tədbirlər təkcə təsisatımız tərəfindən deyil, həm də digər dövlət qurumları ilə birlikdə reallaşdırılır. Bu məsələyə tərəfimizdən mütləq şəkildə çox həssas yanaşma mövcuddur. Bizim bu istiqamətdə tədbirlərimiz yalnız Bakı şəhəri ilə məhdudlaşdırılmamalıdır. Odur ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği üzrə davamlı tədbirlər regional mərkəzlərdə və Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Əlbəttə, bizim əsas hədəfimiz yerli dövlət orqanlarının nümayəndələrinin orada fəal iştirakıdır. Həmçinin regionlarımızda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin də bu prosesə aktiv şəkildə qoşulduqlarını sevindirici hal kimi qeyd etmək yerinə düşərdi.

- Bu aylıq çərçivəsində keçirilmiş hüquqi maarifləndirmə tədbirlərini necə dəyərləndirirsiniz?

- Ümumilikdə, əlbəttə ki, yüksək qiymətləndirirəm. Lakin hüquqi maarifləndirmə işi dünyada ombudsmanların fəaliyyətlərinin əsas istiqamətlərindən biridir. Yəni, bu, bir neçə günlə və ya elan olunan aylıqlarla məhdudlaşmalı deyil. Uzaq gələcəyə hədəflənən hüquqi maarifləndirmə işi əhalinin bütün təbəqələri, xüsusilə də uşaq və gənclər arasında insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə, əlbəttə ki, biz maarifləndirmə fəaliyyətinin daha da aktivləşdirilməsi və dövlət qurumları ilə bərabər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin də bu prosesdə daha fəal iştirakında maraqlıyıq.

- Səbinə xanım, dörd ilə yaxın müddətdir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsində fəaliyyət göstərirsiniz. Bu müddət ərzində qarşıya qoyulan hədəflərə çatmısınızmı və növbəti hədəflər nədən ibarətdir?

- Bəli, ötən müddət ərzində dövlətimizin ali məqsədinin təmini istiqamətində qarşıya qoyulan bir çox hədəflərə çatmağa nail olmuşuq və bu proses ardıcıl olaraq davam edir. Son dönəmdə təsisatımız vətəndaşlarımıza daha yaxın olmaq məqsədilə artıq bütün sosial platformalarda təmsil olunur. Bununla yanaşı, 24/7 rejimində fəaliyyət göstərən "916" Çağrı Mərkəzi yaradılıb və bir çox xarici tərəfdaşlarla apardığımız fikir mübadiləsinə əsasən deyə bilərəm ki, bu, ölkəmiz üçün çox mütərəqqi bir təcrübə kimi təqdir olunur. Təbii ki, bunlar vətəndaşlarımızın, ümumilikdə isə bizə müraciət edən hər bir şəxsin hüquqlarının təmini məqsədilə onların müraciətlərinə olduqca operativ, çevik baxılması üçün vacib amillərdən biridir. Bundan əlavə, təsisatımızda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üçün ayrıca bir sektor yaradılıb. Həmçinin uşaq hüquqlarının təmini fəaliyyətimiz də prioritet istiqamətlərdən biridir və çalışırıq ki, bu sahəyə çox böyük diqqət ayıraq. Odur ki, Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılması da son dövrdə həyata keçirilən yeniliklərdəndir və bu da hədəflərdən biri idi.

- İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsi üzrə yeni təkliflərin hazırlanması haqqında nə deyə bilərsiniz?

- Biz hər il bu prosesə diqqətlə və həssaslıqla yanaşırıq. Bilirsiniz ki, qanunvericiliyə əsasən, Ombudsman cari il bitdikdən sonra iki aydan gec olmayaraq dövlətimizin başçısına ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzə təqdim edir. Bu il də biz fevral ayının sonunda artıq məruzəni təqdim etmişik. Əməkdaşlarımız da daim öz bilik və bacarıqlarını artırırlar. Eyni zamanda, regional mərkəzlərin işinin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər aparılır. İllik məruzədə cəmiyyətimizi, əhalimizi narahat edən bir çox problemləri araşdırıb təhlil edərkən ümumiləşdirmə aparır və dövlətə, hökumətə təkliflər hazırlayırıq. Təkcə ötən il təqdim etdiyimiz illik məruzədə bu təkliflərin sayı yetmişdən çox idi. Amma növbəti illərdə daha çox təkliflər gözlənilir.

- Səbinə xanım, ötən dövrdə türkiyəli tərəfdaşınızla birlikdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində faktaraşdırıcı missiya həyata keçirdiniz. Azərbaycan həqiqətlərinin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətini nəzərə alsaq, növbəti belə missiyanın həyata keçirilməsi planlaşdırılırmı?

- Bəli, bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir. Növbəti il üçün də həm türk tərəfdaşlarımız, həm də digər beynəlxalq qurumlar tərəfindən dəvət olunmuş şəxslərlə birlikdə ayrı-ayrı əzəli tarixi torpaqlarımızda Ermənistan tərəfindən törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri əks etdirən hesabatların hazırlanması nəzərdə tutulub.

- Söhbət Ermənistandan düşmüşkən bir məsələni də soruşum. Cari ilin aprel ayında əlverişsiz hava şəraiti səbəbindən yolunu azaraq Ermənistana keçən və bu ölkədə ağır işgəncələrə məruz qaldıqdan sonra əsir saxlanılan Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun hüquqlarının bərpası və onların geri qaytarılması ilə bağlı hansı addımları atırsınız?

- Biz elə ilk gündən bu məsələni diqqətdə saxlayırıq. Mən həm onların ailə üzvləri ilə görüşmüşəm, həm də bununla bağlı mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin baş ofisinə müraciət etmişəm. Biz BQXK-nin Bakı ofisi ilə mütəmadi əlaqədəyik və tələb edirik ki, bizim Ermənistanda qeyri-qanuni saxlanılan və işgəncələrə məruz qalan hərbi qulluqçularımızın hüquqları təmin olunsun. Onlara qarşı qeyri-insani rəftar beynəlxalq hüquq normalarına ziddir. Hərbi qulluqçularımızın tibbi müayinədən keçməsi, tərcüməçi və vəkillə təmin olunması, beynəlxalq normalara uyğun saxlanması vacib şərtlərdəndir.

- Yəni, Ermənistan Azərbaycandan fərqli olaraq əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmir...

- Bəli, Ermənistan bu qaydalara riayət etmir. Amma biz Azərbaycanın sərhədini qanunsuz olaraq keçmiş və ölkəmizin ərazisində terror-təxribat törətməyə cəhd göstərərkən saxlanılan ermənilərə qarşı öhdəliyimizə götürdüyümüz bütün beynəlxalq normalara riayət edirik. Eyni zamanda, onlar həm mənim tərəfindən qəbul olunur, həm də Ombudsmanın Milli Preventiv Qrupuna daxil olan həkim, psixoloq, sosial işçi tərəfindən onların hüquqları tam təmin edilir. Biz bununla bağlı geniş ictimaiyyətə heç nədən çəkinmədən məlumatlar təqdim edirik. Lakin təəssüflər olsun ki, Ermənistan bu məlumatları təqdim edə bilmir. Bu da özü böyük bir göstəricidir.

- Bəs, bu istiqamətdə Sizin tərəfinizdən beynəlxalq təşkilatlarla hansı iş aparılır?

- Biz mütəmadi olaraq bu məsələni həm Dünya Ombudsmanlar Assosiasiyasına, həm də üzv olduğumuz bütün beynəlxalq və regional təşkilatların rəhbərlərinə çatdırırıq və onlardan bu məsələyə qəti etirazlarını bildirmələrini tələb edirik. Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar.

- Səbinə xanım, torpaqlarımız işğaldan azad edildikdən sonra indiyədək səkkiz kütləvi məzarlıq tapılıb, bunların da içərisində ümumilikdə dörd yüzdən artıq vətəndaşımıza aid insan qalıqları aşkarlanıb. Ombudsman olaraq, bununla bağlı beynəlxalq təşkilatlarla hansı işlər aparılır?

- Biz bu istiqamətdə çox geniş iş aparırıq. Bilirsiniz ki, bu məsələ çox ağrılı bir məsələdir. Biz itkin düşmüş şəxslərin ailə üzvləri və yaxınları ilə mütəmadi görüşlər keçiririk. Onlar haqqında bizim qısa bir filmimiz də lentə alınıb. Biz bütün beynəlxalq səviyyəli görüşlərimizdə bu məsələni qaldırırıq. Birinci Qarabağ müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə yaşlı insan olub. Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə, qeyri-insani formada basdırılıb. Dövlətimiz tərəfindən nə qədər müraciətlər olunsa da, Ermənistan kütləvi məzarlıqların xəritələrini verməkdən imtina edir. Biz də o insanların taleyi ilə bağlı indiyədək heç bir məlumat əldə edə bilməmişik. Təəssüflə qeyd etməliyəm ki, itkin düşmüş şəxslərin ailələri ilə görüşmək olduqca çətindir. Çünki onlar hər zəngi, hər qapı döyüntüsünü əzizlərindən yeni bir xəbər kimi gözləyirlər və buna ümid edirlər.

- Sizcə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu siyasətin məqsədi nədir?

- Əlbəttə ki, bu, Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət zəmində həyata keçirdiyi siyasətin nəticəsidir. Onlar bu məsələdə də öz çirkin nifrət siyasətləri ilə düşmənçilik niyyətlərini açıq aşkar ortaya qoyur və buna görə də bizə nə kütləvi məzarlıqların, nə də minaların xəritələri barədə heç bir məlumat vermir.

- Yeri gəlmişkən, bu yaxınlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair hesabat da hazırlamısınız. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Ermənistan tərəfindən Azərbaycana qarşı bir çox müharibə cinayətləri törədilib. Buraya ekoloji cinayətlər, flora və faunamızın məhv edilməsi, şəhərlərimizin yerlə-yeksan olunması, mina terrorunun həyata keçirilməsi və s. cinayətlər daxildir. Bu yaxınlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair hesabatımız işıq üzü görüb. Hesabat bizim tərəfimizdən bir neçə ay ərzində hazırlanıb. Burada biz çox geniş məlumatlar toplamışıq, bütün məlumatlar foto-videolarla sübut olunaraq təsdiq edilir. Biz bunu xarici tərəfdaşlarımıza təqdim etdiyimiz zaman bütün sözlərimizin arxasında sübutların olduğunu təsdiq edirik və əlbəttə ki, bu proses, ümumiyyətlə müharibə cinayətləri haqqında hesabatların hazırlanması prosesi mütəmadi olaraq bizim diqqətimizdədir.

- Hesabatda sübut kimi öz əksini tapmış fotolardakı erməni uşaqlarının üzləri gizlədilib...

- Bəli, hesabatda uşaq hüquqlarının qorunması baxımından onların üzləri gizlədilib. Yəni, biz bütün beynəlxalq hüquq normalarına hər zaman hörmətlə yanaşırıq, onlara riayət edirik. Ümumiyyətlə, bu, dövlətimizin və cənab Prezidentin həyata keçirdiyi siyasətdir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, biz bunu Azərbaycana qarşı müşahidə etmirik. Yəni, illər ərzində torpaqlarımız işğal altında olub, bir milyona yaxın soydaşımızın bütün fundamental hüquqları pozulub, və bu gün də onların təhlükəsiz yaşamaq hüququ tam təmin edilə bilmir.

- Təhlükəsiz yaşamaq hüququnun tam təmin olunmaması deyəndə nəyi nəzərdə tutursunuz?

- Onu nəzərdə tuturam ki, ərazilərimiz minalarla tamamən çirkləndirilib və 2020-ci il noyabr ayından indiyədək Ermənistan tərəfindən müxtəlif diversant qrupları dağlıq şəraitdən və qaranlıqdan istifadə edərək Azərbaycan ərazisinə keçirlər və bu gün də müəyyən ərazilərə minalar basdırmaq niyyətindədirlər. Həmçinin aşkarlanan bəzi minaların hətta 2021-ci ildə istehsal olunduğu müəyyən edilib.

- Yeri gəlmişkən, ermənilərin ölkəmizə qarşı törətdiyi mina terroru ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı səviyyədədir?

- Biz mütəmadi olaraq çalışırıq ki, hər zaman bütün regional və beynəlxalq platformalarda Azərbaycanın haqq səsini müraciətlərimiz, bəyanatlarımız və hesabatlarımız vasitəsilə beynəlxalq tərəfdaşlarımızın diqqətinə çatdıraq. Bu istiqamətdə mütəmadi olaraq iş aparır, beynəlxalq təşkilatları məlumatlandırır və öz tələblərimizi irəli sürürük. Düşünürəm ki, sonuncu hesabatımız (Ermənistan tərəfindən azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair hesabat - red.) da çox böyük əks səda yaratdı, maraqla qarşılandı və əminəm ki, öz effektini göstərəcəkdir.

- Səbinə xanım, artıq işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın qayıdışı başlayıb, bir neçə ərazidə köç həyata keçirilib və insanlar öz dədə-baba yurdlarına qayıdıblar. Belə olan halda Ombudsman Aparatının azad olunmuş ərazilərdə regional mərkəzlərinin yaradılması nəzərdə tutulurmu?

- Bizim uzun illər ərzində ev-eşiyindən, dədə-baba ocağından qovulmuş, yurd həsrəti ilə yaşayan insanlarımızın tez bir zamanda təhlükəsiz yaşamaları naminə öz torpaqlarına qayıtmaları üçün bütün şərait yaradılır. Amma hazırda ən böyük maneə mina problemidir. Ərazilərin minalardan təmizlənməsi prosesi tez bir zamanda yekunlaşdıqdan, onların həyat şəraitinin yaxşılaşdırılmasından sonra bu haqda danışmaq mümkün olacaq. Çünki hazırda orada sıx yaşayış mövcud deyil. Bununla yanaşı, bizim keçmiş məcburi köçkünlərimiz və qaçqınlarımız həm birbaşa, həm də regional mərkəzlər vasitəsilə bizə müraciət edə bilirlər. Biz də, əlbəttə ki, əziz və dəyərli soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində fəaliyyətimizi hər zaman olduğu kimi bundan sonra da uğurla davam edəcəyik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 228   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281