QMİ-dən İrana ETİRAZ: "Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi?"

QMİ-dən İrana ETİRAZ: "Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi?"Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş məram və əməli addımlar nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik meyilləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur. Azərbaycan dünyəvi hüquqi-demokratik dövlət olduğundan siyasi, iqtisadi məsələlərə dair mövqenin ifadə olunması dövlət rəsmilərinin vəzifə və məsuliyyətidir. İran müsəlman dövləti olduğundan teokratik İranın dini camesi, bir qayda olaraq, siyasi hadisələrə dair şərhlərlə çıxış edir. Azərbaycanın dini mərkəzi olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özümüzə borc bilirik.

İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır. Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir. Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşıyıb. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır. Uzun illər ərzində əsl qardaş və dost kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İran Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirib, üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və qətnamələrə məhəl qoymayıb. Bu, islamı birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan dindarları tərəfindən qəbul olunmur, heysiyyətlərinə toxunur.

Tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək İslamda haram buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman Azərbaycan qadın, qoca və uşaqlarını qətliam etdiyi, Xocalıda soyqırımı törətdiyi, milyona yaxın azərbaycanlını dədə-baba yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi, torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi. Halbuki, Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların qınanılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi Azərbaycan ərazilərində məscidlərimizi yerlə yeksan edən ermənilər dünyanın gözündə guya məscidlərə qayğı göstərən dövlət imici yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin və İrəvandakı Göy məscidin "bərpa" etdirərkən prosesi həyata keçirən İran şirkətləri məscidlərin azərbaycanlılara məxsusluq mənşəyini dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini malalayıblar.

Atalarımız gözəl deyib – uman yerdən küsərlər. Biz bütün bunlara rəğmən, İran ilə qonşuluq münasibətlərinin yüksək səviyyəsinin inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalmamışıq. Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub. İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir.

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli - Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, "şirin quyruğuna" dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində "Ya Hüseyn" yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər. Haqlı, ədalətli Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır.

Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: "Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir... Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir".

Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik. Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu, bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər.

Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

14.11.2026 313
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 182
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 201
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14.11.2026 275
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

14.11.2026 252
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 152
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 93
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 198
.