Şəhid Səbuhi Əhmədovun qardaşı: "Yeddi zəngini eşitməmişəm, bəlkə də, cavab versəm..."

Şəhid Səbuhi Əhmədovun qardaşı: "Yeddi zəngini eşitməmişəm, bəlkə də, cavab versəm...""Başımızı sığallayan anamız yox idi, bir-birimizə sarılırdıq..."

"Uşaq evindən çıxandan sonra evsiz qaldıq. Küçədə yatanda səhərə kimi qardaşımın üzünü ovuşdururdum ki, donmasın..."

"İki dilim çörəklə, bəzən də təkcə su ilə günü başa vururduq..."

Bu sözləri oxuyanda belə, hər kəsin ürəyi dağlanır. Amma təəssüf ki, bu bir nağıl deyil, şəhidin və şəhid qardaşının yaşadığı həyatın təsviridir…

Valideynləri ölən iki körpəyə qohumları yaxın durmadıqları üçün uşaq evinə verilirlər. İki yaşlarından bir neçə uşaq evi dəyişən Səbuhi və Sənan Əhmədov qardaşları nəhayət SOS Uşaq kəndinə gətirilirlər.

Oxu.Az-ın əməkdaşı şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla həmsöhbət olub.

Sənan deyir ki, SOS uşaq kəndinə gələndə altı-yeddi yaşları olub.

Qardaşlar bir-birinə xəyallarından danışaraq böyüyüblər:

"İndi bilməzlər, o vaxt uşaq evlərində vəziyyət indiki kimi deyildi. Çarpayıların cırıltısından, siçanların ora-bura qaçmasından, soyuqdan rahat yuxu yatmaq olmurdu. Orada bütün uşaqlar bir-birimizə ailə olurduq. Amma ailə tamam başqa bir şeydir, onu da başa düşürdük. Ailə odur ki, gecə yuxun qaçar, oyanarsan, ana deyərsən, səsinə qaçan olar. Xəstələnərsən, başının üstündə səhərə qədər keşik çəkən adam olar. Amma bizdə elə deyildi. Qardaşımla bütün çətinliklərə dözürdük. Ac-susuz qalırdıq, amma qoymurduq bir-birimizi ruhdan düşməyə. Uşaq evindən çıxmaq vaxtı gələndə dərd çəkirdik ki, görəsən, hara gedəcəyik? Bütün yük çiyinlərimizdə olurdu.

Mən böyük uşaq idim, məsuliyyətli olmalı idim. Uşaq yaşlarından hər şeyi düşünməli olmuşam. Bir onu bilirdim ki, qardaşımdan uzaq qalmayım".

Səbuhi Sənan üçün daim özünü qabağa verərmiş. Kiçik qardaş olsa da, böyük ürəyi ilə hər zaman ona dəstək verərmiş.

Səbuhi bir gün tərcümeyi-hal yazarkən müəllim onun yazısını cırıb və sinifdən qovub.

Tərcümeyi-halda belə yazılıbmış: "Mən Səbuhi Əhmədov. Qardaşım Sənan Əhmədovu çox sevirəm. Mənim ondan başqa ailəm yoxdur".

Sənan deyir ki, qardaşının əsəbiləşdiyini eşidib arxasınca gedib:

"Qardaşım çox ağlamışdı. "Mən o vərəqə başqa yazacaq heç nə tapmadım", - dedi. Müəllim nə gözləyirdi, yetim yazmalıydıq? 2014-2016-cı illərdə SOS Uşaq evindən çıxdıq. O vaxt qardaşım işləyirdi. Mən əsgər gedəndə o tək qaldı. Heç bilmədim ki, əsgərlik necə gedir, fikrim qalmışdı onun yanında ki, təkdir, nə yeyir, nə içir, harada qalır? Bir il mənim yanıma heç kim gəlmədi.

Hamının anası, atası gəlirdi. Mən də Səbuhini gözləyirdim, amma bilirdim ki, gələ bilməz. Bir dəfə dedilər ki, Sənan Əhmədov, görüşə ailən gəlib. O cümlə məni o qədər sevindirdi, bir anlıq bilmədim, nə deyim. Çıxdım, gördüm, Səbuhi yanına da bir neçə nəfər götürüb gəlib ki, hamının içində mən tək qalmayım. Mən bax belə qardaşı itirdim".

Qardaşı deyir ki, Səbuhi hər zaman böyük, geniş ailəsi olmasını istəyib. "Bir-birimizdən başqa bacı-qardaşımız olmasa da, uşaqlarımız tək olmasınlar, onlar bizim kimi olmasın deyə ailəmizi genişləndirək…" deyirmiş.

Bu gün Səbuhinin 10 milyonluq ailəsi var, amma özü, heyif ki, yanımızda yoxdur…

"Çörəyin arasına qənd qoyub yeyirdik"

Sənan deyir ki, qardaşı hərbini seçəndə bir gözü ağlayırdı, bir gözü gülürdü:

"İndi bu hissləri keçirdiyim üçün çox utanıram. Amma qardaşım hərbini seçəndə ondan ayrı qalacam, həyatı daim təhlükədə olacaq deyə qorxurdum. Çox narahat idim. Amma bir tərəfdən də böyük qardaş kimi ona normal həyat qura bilmədiyim üçün sevinirdim ki, gələcəyini quracaq. Normal həyatı olacaq. Sabah mənə bir şey olsa, ayaq üstə qala biləcək.

Biz o qədər hər şeyə ac böyümüşdük ki, hər şeydə gözümüz var idi. Bu günə qədər Səbuhi elə nemətlər var ki, onun dadını bilmədi. Bundan sonra da mənim boğazımdan onsuz keçməz. Uşaq vaxtı çörəyin arasına qənd qoyub yeyirdik, şirin olurdu. Oyuncaqlarımız yox idi, ağacdan düşən qozalarla oynayırdıq. Ağacın budağını qırıb, əsgər düzəldirdik. O, hərbiyə düzələndə məzuniyyətə gəlirdi, görürdü, mən yemək yemirəm. Gedirdik, haradasa oturub, yemək yeyirdik. Mən fəhlə işləyirdim, müxtəlif işlərdə çalışırdım. Qardaşım məzuniyyətə gələndə dincəlmək yerinə, gəlib mənə kömək edərdi. Deyirdi ki, səni evləndirmək vaxtıdır, belə özünə yemək bişirib yeyən deyilsən. Səndən nigaranam".

Hələ o vaxt Vətən müharibəsi başlayanda irəli gedəcəklərini bilən Səbuhi qardaşına hiss etdirmir. Onu evləndirməyə çalışır ki, birdən şəhid olsa, Sənan tək qalmasın. Sənan isə bunu çox sonra başa düşür.

"Qardaşım, evlən ki, ailəmiz böyüsün, daha tək qalmayaq…"

Sənan deyir ki, nişanlanandan sonra bilib ki, Səbuhi Vətən müharibəsinə gedir:

"Mənə deyirdi ki, evlən, məzuniyyətə gələndə işləməkdən canım qurtarsın, hər dəfə evə gələndə qab yuyuram, ev silirəm. Biz belə şeylər danışıb-gülürdük. Qardaşım mənim elçiliyimi də edə bilmədi. Tək gedib sevdiyim qızı ailəsindən istədim. Avqustda mənim toyumu təyin etdi Səbuhi. Bilirdi ki, sentyabrda müharibə başlayacaq, tələsik məni evləndirdi. O bilirdi ki, ona bir şey olsa, mən evlənməyəcəyəm. Bizim uşaqlıqdan bir arzumuz olub ki, evimiz olsun. Qardaşım məzuniyyətə gələndə qalmaq üçün bir otağı olsun. Dekabra qədər səbir etmədi, həyat vəfa etmədi arzumuza çataq.

Mən hər zaman demişəm, mənim ailəm qardaşım idi. Anam, atam, varım-dövlətim Səbuhi idi. Heç kimim yoxdur. Mənə ev lazım deyil. Başımı qoyub yata biləcəyim hər şey mənə görə evdir. Uşaqlıqdan biz belə çətinliklərlə böyümüşük. O ev arzumuzu mən Səbuhi üçün reallaşdırmaq istəyirdim. Daha Səbuhi yoxdur, arzularımız da, xəyallarımız da onunla birlikdə indi torpaq altındadır".

Qardaşların ikisi də Bakı Qida Sənaye Kollecini bitirib:

"Səbuhi kolleci bitirib işləməyə başladı. Birlikdə ofisiant, fəhlə, bir çox işlərdə çalışırdıq. Sonra Səbuhi hərbini seçdi, MAXE kimi Vətənə xidmətə yollandı. Bunun səbəbi də arzumuzu gerçəkləşdirmək idi. Həmişə ona deyirdim ki, Səbuhi, özünü qoru. Mənim səndən başqa heç kimim yoxdur. Sənin tabutunu tək qaldıra bilmərəm, qardaş, tabutun bir ucundan mən tutsam, digər tərəflərindən tutan olmayacaq".

"Səbuhinin hesabına o qədər yazıblar ki, "cavab ver, komandir" deyə. Heç kim onun şəhid olduğuna inanmır"

Sənan deyir ki, qardaşı hərbidə olanda əsgərləri üçün hər şey edirdi:

"Bir dəfə bir əsgərinə kömək etmişdi. Atası şirinlik üçün pul göndərmişdi. Səbuhi onu götürməmişdi ki, biz ömür boyu Allaha yalvarırdıq ki, nəsə iş görəndə bizdən pul istəməsinlər. Çünki pulumuz olmayıb. Biz heç vaxt heç kimə pul qarşılığında nəsə etməmişik".

Sənanın balaca qızı Məryəmin adını da Səbuhi qoyub. Bu gün Səbuhinin yoxluğunu sanki o balaca da hiss edir. Bütün çəkiliş boyunca Məryəm hey ağlayır, sanki əmisinin yoxluğuna üsyan edir…

Səbuhidən gələn sonuncu yeddi cavabsız zəng…

Sənanın belini bükən, anası, atası, ailəsi olan Səbuhini əlindən alan həmin gün – sentyabrın 12-si… İşdə olduğu üçün telefonuna baxa bilməyib. Səbuhi isə onu ard-arda yeddi dəfə yığıb. Bu gün telefonda cavabsız qalan o yeddi zəng bundan belə hər görəndə yandıracaq…

Sənan deyir ki, telefonda zəngini görən kimi qardaşını yığıb, amma bir gün axşama kimi telefona baxan olmayıb:

"Fəhlə işləyirdim, yuxarı mərtəbəyə əşya daşıyırdım. Telefonun zəngini eşitməmişəm. Çıxdıqdan sonra dayanmadan yığdım, qardaşım cavab vermədi. Artıq qorxmağa başladım. Pis xəbər gözləyirdim, amma şəhid olması ağlıma da gəlməzdi. Nəhayət telefon açıldı, bir əsgər dedi ki, haqqını halal elə. Dedim, sən kimsən, qardaşımın telefonu niyə səndədir? Dedi ki, Səbuhi şəhid olub".

Qardaşının nəşini gətirmək üçün Gəncəyə yollanan Sənan bu dəfə cansız əşyaları deyil, öz canını kürəyinə alacaqdı.

"Qardaşımın bədənində 14 güllə yarası var idi"

Qardaşını ilk dəfə o gün bu qədər soyuq görən Sənan həyatda daşıya bilməyəcək yüklərin olduğunu anladığını deyir:

"Yolboyu yalvarırdım ki, qardaşım şəhid olmasın. Sonra da vicdanım sızıldayırdı ki, mənim qardaşım qardaşdır, başqaları yox? O olmasa, yerində başqasının əzizi olacaq. Ürəyim partlayırdı, bilmirdim, nə düşünüm, nə təhər edim. Gedib çatdım. Birdən səs gəldi ki, Səbuhi Əhmədovun qardaşı gəlsin… Orada insanların fəryadı məni məhv edirdi.

Otağa girəndə sağ tərəfə baxdım. Gördüm ki, Səbuhi deyil, gözümün yaşı bir neçə saniyəlik dayandı. Ürəkdən bir nəfəs almadan "sol tərəfə bax" dedilər… Elə başımı çevirən kimi sinəsində doğum ləkəsindən tanıdım. İnanmaq istəmədim. Sarıldım qardaşıma, öpdüm yaralarından, bir ümid, dedim, bəlkə, məni hiss edər, oyanar. Bu dünyada o qədər möcüzələr olur ki, biri də bizim üçün olsun deyə çox dua etdim. Amma qardaşım çox soyuq idi. Artıq bütün ümidlərim qırıldı. Nəşi ilə danışırdım ki, oyan, qardaş, tək qoyma məni. Amma səs gəlmədi".

Sənan deyir ki, bu yaşa qədər qardaşına güldən ağır söz deyən hər kəsin cavabını verib:

"İlk dəfə idi Səbuhini incidənlərə cavab verə bilməmişəm. Dəfndən sonra dərhal getdim könüllü yazdırdım adımı. Ağır artilleriya divizionunda tank mexaniki, sürücü olmuşam. Bizim üçün Vətən nəsə etmək istəyirsə, məni qoysunlar, gedim ön cəbhəyə. Qardaşımın qisasını alım. Başqa heç nə istəmirəm.

Şəhid atasının oğlunun nəşini götürməyə gedərkən ürəyinin dözmədiyini eşitdim, vəfat etdiyini eşitdim, yaşadığım üçün utandım. Bu zülmlə yaşamaq məni öldürür. Kaş mənim də ürəyim partlayardı, qardaşımın yanına gedərdim. Qardaşımın bədəni deşik-deşik olub, mən onun qisasını almaq istəyirəm. Yalnız o zaman özümü bağışlayaram ki, dövlət mənə qardaşım kimi döyüşməyə şans yarada".

"Şəhid qardaşı kimi mən qardaşımın yanında başıaşağıyam, başqa heç kimin..."

Sənan xahiş edir ki, qardaşının xatirəsinə hörmətlə yanaşılsın:

"Olan-olmayan sözlər yazırlar. Mən onların heç birinə fikir vermirəm, amma xahiş edirəm ki, Səbuhinin xatirəsinə hörmət etsinlər. Mən qardaşımdan halallıq ala bilmədim, onun son sözlərini eşidə bilmədim, vəsiyyətini bilmədim. Mənim dərdim bir deyil, iki deyil. Şərait yaratsınlar, qardaşımın yasını tutum.

Biri gəlir, aşağıda pul yığır ki, uşaq evində Səbuhinin adından süfrə açılacaq. Biri başqa söz deyir. İnanın ki, yorulmuşam. Etməyin belə şey. Qardaşım da, mən də heç kimə pislik etməmişik, biz sadəcə iki qardaş yaşamaq üçün mübarizə aparmışıq. İndi mənim hər şeyim bir anda yox oldu getdi. Yanımda olanlara təşəkkür edirəm, amma çox xahiş edirəm, Səbuhinin yas mərasimində söz-söhbət salıb hörmətsizlik etməsinlər".

Səbuhinin son zəngində qardaşına deyəcəkləri də əbədiyyən onunla birlikdə getdi… Bəlkə, bəlkə, bəlkə… Bu bəlkələr qardaşının ürəyini dağlasa da, əldən bir çarə yoxdur.

Əziz Səbuhi, bu gün sənin çox böyük ailən var… Bütün xalq sənin xatirəni yad edir.

Şəhid Səbuhi Əhmədovun qardaşı: "Yeddi zəngini eşitməmişəm, bəlkə də, cavab versəm..."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3954   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni ipoteka qaydaları mənzil bazarında nəyi dəyişəcək?

"Əgər əvvəllər müəyyən məbləğdə ipoteka krediti hesabına mənzil almaq mümkün idisə, yeni şərtlərdə daha yüksək ilkin ödəniş tələb olunacaq. Bu isə xüsusilə orta gəlirli və ilk dəfə mənzil almaq istəyən ailələrin ipotekaya çıxışını çətinləşdirəcək". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələlər

07.08.2026 360
.

Toyuq döşünü səhv bişirirsiniz: ətin şirəli və yumşaq olması üçün nə etməli

Toyuq döşü yüksək zülal tərkibi, tez bişməsi və müxtəlif qarnirlərlə uyğunluğu sayəsində ən çox istifadə olunan məhsullardan biridir. Ancaq bir çox insanın qarşılaşdığı ümumi problem var - bişdikdən sonra ətin quru və sərt olması. xarici mediaya istinadən xəbər verir ki, bunun qarşısını almaq düşündüyünüzdə

07.08.2026 315
.

Qazaxıstan futbolunda yeni səhifə: Niderlandlı mütəxəssislə razılıq əldə olundu

Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con van't Sxipi gətirməklə bağlı yekun razılıq əldə edib. xəbər verir ki, bu barədə KFF-nin rəsmi saytı məlumat yayıb. Mütəxəssisin bu vəzifəyə təyinatı qurumun nizamnaməsinə əsasən, KFF İcraiyyə Komitəsini

07.08.2026 309
.

Məhkəmədə Sənubər də dindirilib

Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib. Axşam.az xəbər verir ki, məhkəmə zamanı blogerin vəkillərinin təkrar ekspertiza təyin edilməsi istəyi təmin olunub. Məhkəmə qeyri-müəyyən vaxta təyin edilib. Məhkəmədə qəza zamanı avtomobildə olan Sənubə

07.08.2026 513
.

Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri

"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi

07.08.2026 372
.

2024-cü ildəki dəhşətli sunami: Bir neçə saat ərzində 230 mindən çox insan həlak oldu

2004-cü il dekabrın 26-da Hind okeanında baş verən dağıdıcı sunami müasir tarixin ən ölümcül təbii fəlakətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, fəlakət nəticəsində 14 ölkədə 230 mindən çox insan həyatını itirib. Tailand isə ən çox zərər çəkən ölkələrdən biri olub. Fəlakət necə başladı?

07.08.2026 329
.

Turistlərin ziyarət etdiyi "qədim" Roma teatrı saxta imiş

İtaliyada turistlərə eramızın 393-cü ilə aid qədim Roma abidəsi kimi təqdim edilən teatrın əslində müasir dövrdə inşa edilmiş saxta tikili olduğu müəyyən edilib. Məhkəmə bu obyektin yaradıcısı Franko Malossonu sənət əsərlərinin saxtalaşdırılması və qanunsuz tikinti işləri aparmaqda təqsirli bilib. Qaynarinf

07.08.2026 272
.

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən "Kəpəz" Hospitalda ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib. Bildirilib ki, Tulin Turp klinikada esteti

07.08.2026 410
.

"Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"

Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d

07.08.2026 457
.

TOP MP3