Ayaqda qolbaq: Azərbaycanda məhkumun hərəkətinə necə nəzarət edirlər? - ÖZƏL + VİDEO
Elektron qolbaqların necə və hansı şərtlərlə məhkumlara tətbiq edilməsi barədə çoxlarında hələ də düzgün təsəvvür yoxdur. Hətta bəzi jurnalistlər səhvən hesab edirlər ki, elektron qolbaqların tətbiqindən sonra məhkumun qaçma ehtimalı və ya yeni cinayət törətməsi mümkün olmur.
Hətta bu günlərdə belə bir gülməli uydurma eşidildi ki, məhkum qolbağı açaraq pişiyə bağlayıb, özü qaçaraq, heyvanı evdə saxlayıb. Bu uydurma xəbər sosial şəbəkələrdə dolaşır, çox qəribədir ki, buna inanan insanlar da tapılır.
BiG.AZ xəbər verir ki, bu mövzu ilə əlaqədar Oxu.Az saytının əməkdaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəhbərliyinə müraciət edərək, elektron qolbaq və onun işləmə qaydaları haqqında danışmağı və əyani nümayiş etdirməyi xahiş edib.
Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin rəisi, kiçik ədliyyə müşaviri Elmin Həsənov Monitorinq Mərkəzinin işi ilə tanış olmağımıza şərait yaratdı. Mərkəz ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir və elektron nəzarət sisteminə inteqrasiya edilir.
Daha öncə Oxu.Az olaraq elektron qolbaqların hansı hallarda məhkumlara tətbiq edilməsi ilə əlaqədar məlumat vermişdik. Xatırladaq ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qanunvericilikdə mühüm yenilik hesab edilir.
Bu prosesə, məhkumlara tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və tətbiqi qaydalarının 2018-ci ilin aprelindən qüvvəyə minməsi ilə əlaqədar start verilib.
Azərbaycanda 2000-dən çox məhkuma Probasiya Xidməti tərəfindən elektron qolbaq tətbiq edilib.
Elektron nəzarət vasitələri üç hissədən ibarətdir: elektron qolbaq, mobil nəzarət qurğusu (mobil telefona oxşayır) və ev-siqnal ötürücüsü. Elektron qolbaq səkkiz ayadək enerji saxlayır.
"Elektron qolbaq məhkumun ayağına, topuqdan yuxarı hissəyə elə bir şəkildə bərkidilir ki, onu heç bir halda çıxarmaq mümkün olmur. Yalnız zədələməklə elektron qolbaqdan azad olmaq mümkündür. Bu halda və ya hər hansı digər müdaxilə nəticəsində Monitorinq Mərkəzinə siqnal daxil olur. Probasiya Xidmətinin əməkdaşları problemin aradan qaldırılması üçün dərhal qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirirlər" - deyə Elmin Həsənov izah edir.
Məhkum edilmiş şəxs dəfələrlə (il ərzində üç dəfə) cəzanın icra qaydalarını pozarsa, ona töhmət elan edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən, məhkum il ərzində üç dəfə töhmət aldıqdan sonra, Probasiya Xidməti əməkdaşının təqdimatı əsasında məhkəmə cəzanı daha ağır - azadlıqdan məhrumetmə cəzası ilə əvəz edə bilər.
Eyni nəticə elektron nəzarət vasitələrini gəzdirməkdən imtina edən, onu qəsdən zədələyən və elektron nəzarət vasitələrini işlək vəziyyətdə saxlamaqdan imtina edən şəxsə də tətbiq olunur.
Qeyd etmək lazımdır ki, elektron qolbaq suya və zərbəyə davamlıdır. Yüksək və aşağı temperatur elektron cihazı sıradan çıxara bilməz. Beləliklə, məhkum rahat şəkildə duş qəbul edə bilər. Elektron qolbaq tam təhlükəsizdir və sağlamlığa zərər vurmur və bunu təsdiq edən müvafiq sertifikata malikdir.
Cəzanın icrası zamanı məhkum özü ilə bərabər mobil nəzarət qurğusunu da gəzdirməlidir. Bu vasitə ilə Monitorinq Mərkəzi ilə əlaqə təmin olunur. Cihazda quraşdırılan müvafiq proqram vasitəsilə Mərkəzin əməkdaşları xəbərdarlıq mesajı göndərə, onunla ünsiyyət yarada bilərlər. Lakin cihazdan mobil telefon kimi istifadə etmək olmaz. Mobil nəzarət qurğusunun əhatə dairəsi elektron qolbaqdan 20 metrədək təşkil edir.
Pozuntu baş verdiyi təqdirdə Mərkəzin əməkdaşları məhkumla əlaqə saxlayaraq, ona üzərinə qoyulmuş məhdudiyyətin pozulmasını bildirirlər. Əgər 75 dəqiqə ərzində pozuntu aradan qalxmazsa, Mərkəzin əməkdaşlarının məlumatı əsasında məhkumun qeydiyyatda olduğu yerli qurumun əməkdaşları məhkumun yaşayış yerinə gedir və pozuntunun aradan qaldırılması üçün tədbirlər görür.
Qolbağın əsas vəzifəsi - məhkumun azadlığın məhdudlaşdırılması cəzasının qaydalarına necə əməl etməsinə nəzarət etməkdir. Lakin qolbaq məhkəmə tərəfindən müəyyən edilmiş ərazidə və ya evdə olduğu müddətdə məhkumun məhdudiyyətləri pozmasına mane ola bilməz.
Sözügedən məhdudiyyətləri pozmaq üçün məhkum elektron qolbağın kəmərini kəsməli, yaxud mobil cihazı kənara atmalıdır. Lakin buna görə məhkuma daha sərt cəza tətbiq edilir", - deyə Probasiya Xidmətinin əməkdaşı bildirib.
"Qeyd etmək lazımdır ki, ev siqnal ötürücüsü məhkum yaşayış yerində olduqda fəaliyyət göstərir. Siqnal ötürücüsü mobil nəzarət qurğusuna qoşula bilmədikdə, məlumat dərhal Monitorinq Mərkəzinə ötürülür", - deyə Probasiya Xidmətindən qeyd etdilər.
Məhkuma tətbiq olunan məhdudiyyət məhkəmə hökmündə göstərilir. Məhkumun azadlığı ərazi və vaxt baxımından məhdudlaşdırılır (axşam və ya gecə vaxtı evdə olmalıdır). Məhkum məhkəmə tərəfindən təyin olunmuş ərazinin sərhədlərini icazəsiz tərk edə bilməz.
"Misal üçün, əgər məhkum bir yerdə yaşayıb, digər ərazidə işləyirsə, ərazi icazəsi iki rayonu əhatə edə bilər. Məhkum üzrlü səbəblərdən (xəstəlik, başqa yerə köçmək və s.) təyin olunmuş ərazini tərk etmək məcburiyyətində qalarsa, bununla bağlı əvvəlcədən Probasiya Xidmətinə məlumat verilir və məhkəmə tərəfindən müvafiq qərar qəbul edilir", - deyə Elmin Həsənov məlumat verdi.
Artıq qeyd olunduğu kimi, iki mindən çox məhkuma elektron qolbaq tətbiq edilib. Statistikaya görə, onların təxminən 70 nəfəri yeni cinayət törədib ki, bu da onların ümumi sayının 3 faizini təşkil edir. Cari ildə cəzanın icrasından mütəmadi və ya qərəzli boyun qaçıran 113 şəxsin cəzası dəyişdirilərək, azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Onlardan 24 nəfəri elektron qolbaq gəzdirməkdən imtina edən şəxslərdir.
Yekunda qeyd etmək lazımdır ki, elektron qolbaq məhkum edilmiş şəxsin cinayət törətməsinə mane olmur, lakin eyni zamanda, onun cəzanın icrasının pozulmasına görə məsuliyyətini anlamaq imkanlarını artırır. Bundan əlavə, məhkum olunmuş şəxs işləmək, ailəsi ilə birgə olmaq və cəmiyyətdən təcrid olunmamaq imkanı əldə edir.
Tərəfimizdən hazırlanan videosüjetdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə (dələduzluq) 18 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən Vüqar İsmayılov elektron nəzarət vasitəsinin ona verdiyi üstünlüklərdən danışıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










