"Gənclər Paytaxtı"
Azərbaycanın Gənclər Paytaxtının adı 2 fevral - Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmən elan ediləcək. Söhbət ölkəmizdə yeni start verilən gənclər layihəsindən gedir. Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva ANS PRESS-ə bildirdi ki, Azərbaycanda pioner olacaq bu ideya ilk dəfə 2009-cu ildə Avropa məkanında - Avropanın Gənclər Paytaxtının seçilməsi ilə başlayıb.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub.
Avropanın "Gənclər Paytaxtı"
Avropada isə Gənclər Paytaxtı 2009-cu ildə Rotterdam (Niderland), 2010-cu ildə Turin (İtaliya), 2011-ci ildə Antverpen (Belçika), 2012-ci ildə Braqa (Portuqaliya), 2013-cü ildə Maribor (Sloveniya) və 2014-cü ildə Ssaloniki (Yunanıstan) seçilib.
Məqsəd
İndira Hacıyevanın sözlərinə görə, "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir. İstər Avropada, istərsə də Azərbaycanda bu layihənin həyata keçirilməsində əsas məqsəd paytaxt olmayan şəhərlərdə gənclərə diqqətin artırılması, həmin yerin gənclər şəhərciyi kimi inkişaf etdirilməsi, orada gənclərlə bağlı yeniliyin olması, onun inkişafına təkan verilməsidir.
"Məlumdur ki, gənclər çox geniş bir sahədir. Burada gənclərin ictimai fəallığı var, onların dövlət, ərazinin idarə edilməsində iştirakı, onların təhsili, sağlamlığı, işlə təminatı, gənc ailələrin peoblemləri də nəzərə alınır", deyə İ. Hacıyeva qeyd etdi.
Seçim Qaydaları
"Gənclər Paytaxtı" təkcə şöhrət, ad olmayacaq. Bunun arxasında bundan əvvəl və sonra olan işlər durmalıdır. Bu paytaxt Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalarla seçilir. Bu il qaydalar belədir: Gənclər Paytaxtını əsasən gənclər, amma digər yaşdan olan şəxslər də seçə bilər. Həmçinin xaricdə yaşayan azərbaycanlılar da öz seçimlərini edə bilərlər. Bunun üçün www.genclerpaytaxti.az. saytı yaradılıb. Bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər. 2012-ci ilin Azərbaycanın Gənclər Paytaxtının seçilməsi 2012-ci ilin 1-30 yanvar tarixlərində keçiriləcək. 30 yanvar 2012-ci il tarixdə saat 23.59-dan sonra verilmiş səslər qeydə alınmayacaq. Hər ilin 2 fevral tarixində yeni gənclər paytaxtı elan ediləcək. Bu, hər hansı şəhər və ya rayona 1 illik verilən statusdur.
2012-ci ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan 51 şəhər və rayonlar daxil edilib. Onlar Azərbaycanın regionları üzrə göstərilib. Hər regionun daxilində şəhərlər (rayonlar) əlifba sırasına görə ardıcıllıqla düzlənib.
Bakı şəhəri paytaxt olduğundan səsvermədə iştirak etmir. Bundan başqa, əhalinin sayı 50 mindən aşağı olan rayon və şəhərlər bu seçimdə iştirak edə bilməyəcəklər, çünki həmin ərazilərdə belə tədbirlərin keçirilməsi ev sahibləri üçün çətin olacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, seçiləcək şəhərə 1 il ərzində keçiriləcək gənclər tədbirləri nöqteyi nəzərindən diqqət daha çox olacaq. Əgər seçiləcək yerin infrastrukturu imkan verəcəksə, orada nəinki respublika əhəmiyyətli, eləcə də beynəlxalq tədbirlər keçiriləcək. Bütün bunlar şəhərin imkanları, tutumu, potensialından asılı olacaq.
İndira Hacıyeva həmçinin deyir ki, səsvermə gözlənildiyindən də fəal gedir, hətta bir dəfə sayt sıradan çıxıb.
"Hələlik konkret nə isə demək düzgün deyil, çünki rəqəmlər kəskin dəyişir. Təkcə Azərbaycan deyil, eləcə də xaricdən səsverənlər var. İnformasiya agentliklərinə daxil olub bu məlumatı əldə edən gənclər, eləcə də əcnəbi dostlarını da bu səsverməyə cəlb edə bilirsə, bu onun liderlik bacarğına işarə edir".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş