Yeni dünya necə olacaq?

Yeni dünya necə olacaq?1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış 91 yaşlı Henri Kissincerin xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələrinə bu gün də ABŞ prezidenti administrasiyasında diqqət yetirilir.

Bu yaxınlarda Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində Kissincer çoxlarını maraqlandıran geosiyasi məsələlər, eləcə də yeni qlobal nizamın formalaşması barədə düşüncələrini paylaşıb.

Qlobal nizamın yaranması həmrəylik tələb edir

Kissincerin fikrincə, kütləvi qırğın silahlarının və transsərhəd terrorizminin yayılması nəticəsində dünya xaos təhlükəsi ilə üzləşib. Hazırda "idarə olunmayan ərazilər" fenomeni mövcuddur və Liviya nümunəsindən də göründüyü kimi, "idarə olunmayan ərazi" dünyada qeyri-sabitliyə səbəb ola bilər. Üstəlik, dünyanın bir çox yerlərində dövlət bir təsisat olaraq hücum qarşısındadır. Keçmiş diplomatın fikrincə, bütün bunlara baxmayaraq, paradoksal olsa da, ilk dəfədir ki, dünya nizamından danışmaq mümkündür. Kissincer bu fikrini belə izah edir: "Son vaxtlara qədər tarix boyu əsasən dünya nizamı regional nizam olub. İlk dəfə olaraq indiki dövrdə dünyanın istənilən bölgəsi bir-biri ilə qarşılıqlı əlaqədə ola bilər. Bu, qloballaşan dünya üçün yeni nizamın olmasını zəruri edir. Lakin universal olaraq qəbul edilmiş qaydalar mövcud deyil. Çin, İslam, Qərb və müəyyən mənada rus yanaşmaları mövcuddur və onlar heç də hər zaman bir-biri ilə uzlaşmır".

Kissincer özünün "Dünya nizamı" adlı son kitabında olduğu kimi, dünya nizamının qurulması üçün 1648-ci ilin Vestfal sülh sazişini istinad sistemi kimi göstərir. O, fikrini bununla əsaslandırır ki, Mərkəzi Avropa əhalisinin demək olar ki, dörddə birinin müharibələr, xəstəliklər və aclıqdan ölməsindən sonra imzalanan Vestfal sazişi heç də ali mənəvi dəyərlərə yox, bir-biri ilə ortaq dil tapmaq zərurətinə əsaslanırdı. Bununla da, müstəqil dövlətlər digər dövlətlərin işlərinə qarışmamağı qərara aldılar və bu gün ehtiyac duyulan qüvvələr balansını yaratdılar.

Keçmiş diplomatın fikrincə, dünya yeni nizama doğru iki yolla – xaos və dərrakə yolu ilə gedə bilər. Nüvə silahlarının yayılması, iqlim dəyişikliyi və terrorizm təhlükələri qlobal miqyasda ortaq mövqe yaratmaq və bununla da xaosdan çəkinmək üçün kifayətdir. Dünya nizamının formalaşmasında ABŞ-ın roluna gəlincə, Kissincer hesab edir ki, öz gücü və dəyərləri sayəsində Birləşmiş Ştatlar bu prosesdə əsas rolu icra edəcək, lakin heç bir dövlət təkbaşına dünya nizamı yaratmaq üçün kifayət qədər güclü, yaxud müdrik deyil.

ABŞ və Avropanın xarici siyasəti arasında əsas fərq kimi Kissincer vurğulayır ki, Avropadan fərqli olaraq, ABŞ dünyanı sadəcə yumşaq güclə deyil, həm də həqiqi hərbi güclə dəyişə biləcəyinə inanır. Bununla belə, o, Avropada ən mühüm ölkə kimi Almaniyanın dünya nizamının formalaşdırılmasında daha fəal rol oynamalı olduğunu bildirib.

Qərb Ukrayna məsələsində səhvlərə yol verib

ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artması ilə müşayiət edilən Ukrayna hadisələri barədə danışan Kissincer Qərbin bu məsələdə kifayət qədər həssaslıq göstərmədiyini düşünür. "Əgər Qərb səmimidirsə, səhvlərini etiraf etməlidir. Krımın anneksiyası qlobal ağalıq naminə atılan addım deyildi. Bu, Hitlerin Çexoslovakiyaya hücumu deyildi", – deyən Kissincer 2014-cü ildə hadisələrin qəfil kəskinləşməsində Qərbin də rolunun olduğunu qeyd edib. Bildirib ki, Avropa və ABŞ Ukraynanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinə dair danışıqlardan başlayaraq Kiyevdəki nümayişlərlə kulminasiya nöqtəsinə çatan hadisələrə qədər proseslərin nəticəsini düzgün dəyərləndirə bilmədi. Bu hadisələr və onların nəticəsi Rusiya ilə dialoqun müzakirə mövzusu olmalı idi. Bununla belə, Rusiyanın proseslərə reaksiyası da düzgün deyildi.

Kissincerin fikrincə, Qərb ilə Rusiya arasında yenidən "Soyuq müharibə"nin başlaması təhlükəsi mövcuddur və bu, tarixi faciə olardı. Əgər mənəvi dəyərlər və təhlükəsizlik prinsipləri belə bir konfliktdən yayınmağa imkan verirsə, onda buna cəhd etmək lazımdır.

Krımın ilhaqının Qərb üçün qəbuledilməz olduğunu bildirən Kissincer Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə haqq qazandırsa da, onu qane etməyən məqamlar da var: "Əgər qlobal iqtisadiyyatdan danışırıqsa və qlobal iqtisadiyyatın daxilində sanksiyalar tətbiq olunursa, onda böyük dövlətlər öz gələcəklərini düşünərək özlərini mümkün təhlükələrdən qorumağa çalışacaqlar və bunu etdikcə onlar merkantilist qlobal iqtisadiyyat yaradacaqlar".

Kissincer ayrı-ayrı şəxslərə tətbiq olunan sanksiyalarla bağlı da razılaşmadığı məqamları ifadə edib. Onun fikrincə, müəyyən vaxtdan sonra "qara siyahı"ya adları salınan şəxslərin bir qismindən sanksiyalar ləğv olunub digərləri üzərində saxlanıldığı zaman bunun səbəbini izah etmək lazım gələcək. Ona görə də bir işə başlayanda onun nəticəsini qabaqcadan düşünmək lazımdır.

Kissincer etiraf edir ki, Rusiya beynəlxalq sistemin mühüm iştirakçısıdır və bu səbəbdən, məsələn, İranla, yaxud Suriya ilə bağlı nüvə silahının yayılmasının qarşısının alınması üzrə razılaşmada olduğu kimi, hər növ böhranın aradan qaldırılmasında faydalıdır. Onun fikrincə, bu cür vacib problemlər hər hansı spesifik məsələ ilə bağlı taktiki eskalasiyadan üstün tutulmalıdır. Digər tərəfdən, Ukraynanın müstəqil dövlət kimi mövcud olması da vacibdir, onun öz seçimi ilə iqtisadi və kommersiya ittifaqlarına daxil olmaq hüququ olmalıdır. "Lakin dövlətin NATO-ya daxil olmaq hüququ heç də təbiətin qanunu deyil", – deyən Kissincerə görə, NATO heç zaman Ukraynanın alyansa qəbul olunmasına yekdilliklə səs verməyəcək.

Müharibəyə başlamazdan əvvəl onun nəticəsini aydın dərk etmək lazımdır

Müsahibəsində Kissincer Yaxın Şərqdə gedən proseslər və terrorizm təhlükəsi barədə fikirlərini də bildirib. Maraqlıdır ki, o, Suriyadakı böhranın "amansız diktatorun köməksiz xalqa qarşı" dayanması və "diktatorun devriləcəyi təqdirdə əhalinin demokratikləşəcəyi" kimi başa düşülməsini düzgün hesab etmir. O, Suriyadakı müharibəni qismən multietnik münaqişə, qismən Yaxın Şərqin köhnə strukturuna qarşı üsyan, qismən də hökumətə qarşı qiyam kimi dəyərləndirib. Kissincer hərbi müdaxilənin nəticələrinə də diqqət yetirməyi vacib bilir. O, Liviyadakı vəziyyəti nümunə gətirərək, Qəddafinin devrilməsinin düzgün addım olduğunu bildirsə də, ondan sonra yaranan boşluğu doldurmaqda Qərbin maraq göstərmədiyini bildirib. Ona görə də bu gün ölkə hərbi qruplaşmaların bir-birinə qarşı savaş meydanına çevrilib. Bununla da "idarə olunmayan ərazi" və Afrika üçün "silah anbarı" meydana gəlib. Həyatı boyunca, əsasən, "fəal" xarici siyasətin tərəfdarı olduğunu bildirən Kissincer Suriyaya müdaxilə məsələsində ABŞ-ın etibarlı tərəfdaşlara ehtiyacının olduğunu, lakin hazırda belə bir tərəfdaş görmədiyini deyib. Bu səbəbdən də, müharibəyə qoşulmaq üçün onun nəticələrini qabaqcadan aydın dərk etmək lazımdır.

Digər tərəfdən, Kissincer hərbi müdaxilə yolu ilə ölkəyə demokratiya gətirilməsini qeyri-real hesab edir, bunun baş verməsi üçün müharibənin on illərlə davam etməsinin və müharibəni aparan ölkənin əhalisinin hökuməti davamlı olaraq dəstəkləməsinin vacib olduğunu düşünür. Lakin güman ki, heç bir ölkənin resursları sadalanan amillərin baş tutmasına imkan vermir.

Buna baxmayaraq, o, mülki əhalinin həyatına təhlükə törətsə belə, terrorçu hücumların təşkil edildiyi ərazilərdə hərbi əməliyyatların keçirilməsini, bununla da ABŞ-ın hazırda İraq və Suriyada İŞİD-ə qarşı havadan hücumlarını dolayı yolla dəstəkləyib. İŞİD-ə qarşı mübarizədə Bəşər Əsədlə əməkdaşlıq ideyasının Suriya prezidentinə qarşı illərlə görülən işin fonunda qəbuledilməz olduğunu deyən Kissincer bu məsələ ilə bağlı qabaqcadan Rusiya ilə dialoqun aparılmalı olduğunu, Əsədin getmə məsələsinin əvvəldən qoyulmasının yanlış olduğunu deyib.

Kissincerin fikrincə, İŞİD terrorçu təşkilatına qarşı hazırkı müharibəyə ABŞ-da geniş ictimai dəstək var. Lakin müharibə davam etdikcə nələrin baş verəcəyi bəlli deyil. Ona görə də müharibənin nəticəsi barədə aydın təsəvvürün olması vacibdir.

atv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 20 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 165
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

12:04 2629
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 285
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 107
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 189
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 232
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 112
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 206
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

05.05.2024 723