Şeyx Nəsirəddin Tusi

Nəsirəddin Tusi 1201-ci il 18 fevralda Həmədan şəhərinde anadan olmuşdur.İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.Aldığıi hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır.Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir.30 yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur 'Əxlaqi Nasiri' əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən 'Ələmut' ('Qartal yuvası') qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ilde məşhur 'Şərhül-İşarat' (Əbu Əli ibn Sinanin 'İşarat' adlı fəlsəfi risaləsinə şərhlər) əsərini tamamlayır. 1253-cü ilde Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan 'elemut' qalasını da tutur, Nəsirəddini və digər alim məhbusları azad edirlər. Nəsirəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Elə ilk günlərdən Nəsirəddin Hülakü xanın bir çox vacib siyasi tədbirlərinin həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürür.Öz dövrünün bir çox alimləri kimi, Nəsirəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu.Bununla belə Nəsirəddinin yaradəcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Tusi rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülakü xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü 'Zici-ilxani' adlı əsərində bu barədə belə yazır: 'Hülakü xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Muüəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatını, Qəzvindən Nəcməddin Dəbiranini.' Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərinden Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları melum olur. Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Gorkemli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib-hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlısı burasında idi ki, rəsədxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistəer də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri 'ilxanilərin astronomik cədvəlləri' adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Nəsirəddin Tusi dünyasını 1274-cü ildə 25 iyunda Bağdadda dəyişmiş və orada Came məscidində torpağa tapşırılmışdır. Onun üç oğlu olub: Əsiləddin Həsən, Fəxrəddin Əhməd və Sədrəddin Əli. Nəsirəddin öldükdən sonra üçüncü oğlu uzun müddət rəsədxanaya rəhbərlik etmişdir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










