Zita, Gita və 40 ilin ən böyük Şakası – FOTO
Onun oynadığı filmlər kişilərimiz həvəslə, qadınlarımız həsədlə, qocalarımız isə əllərində dəsmal göz yaşı axıda-axıda baxırdılar. Gözəl gözləri, inci kimi dişləri, məsum gülüşü ilə bütün Hindistanı ovsunlayan həm Zita, həm Gita, yəni Hema Malini... Onu "xəyalların qadını" adlandırırlar.
1948-ci ilin 16 oktyabrı Hindistanın cənubunda, Tamilandda doğulan qaraşın gözəl elə uşaqlıqdan aktrisa olmağı arzulayırdı. Böyüdükcə daha da gözəlləşən Hemanın kinoya gəlməyi heç də çətin olmadı. Elə rejissorların axtardığı da məhz bu qız idi. Sənətə gəldiyi ilk vaxtlardan bəxti gətirir. O, Rac Kapurun baş rol oynadığı "Xülyalar satıcısı" filmində digər tanınmış aktyorlarla tərəfdaş olur. Film ekranlara çıxandan sonra artıq bir çox rejissorlar Hemanı filmlərində görməyə can atırdı. Həmin dövrdə Hind kinosuna yeni gənc və istedadlı aktyorlar axın edirdi. Hemanın gələcək böyük məhəbbəti və həyat yoldaşı Dharmendra da həmin aktyorlardan biri idi.
Onlar elə ilk görüşdə bir-birilərinə aşiq oldular. 1969-cu ildə bir filmin premyerasında qarşılaşan Hema və Dharmendra elə həmin il dörd eyni filmdə çəkilmək üçün müqavilə imzaladı. Məhz bundan sonra onların böyük Bollivud sevgisi başladı.
"Zita və Gita" filmindən sonra Hema etiraf edirdi ki, o, özünü Dharmendranın yanında quş kimi azad və rahat hiss edir.
"Qisas və qanun" filmi ekranlara çıxandan sonra onların münasibətləri hamıya gün kimi aydın oldu. Çəkilişlər vaxtı Dharmendra rejissorun başının ətini yemişdi ki, aktrisa ilə qucaqlaşmaq səhnəsini bir neçə dəfə təkrarlasın. Tüstülənən sevginin qoxusu Hemanın atasına gedib çatanda o, bu münasibətə qarşı çıxdı. Həmin vaxtlarda məşhur aktyor Sandciv Kumar da Hemaya dəlicəsinə aşiq idi. Təbii ki, bu sevgilər Hemanı qətiyyən maraqlandırmırdı. Atası tez-tez qızına ərə getmək üçün namizədlərin şəklini göstərirdi. Ancaq Hema üçün bu şəkillərin heç bir əhəmiyyəti yox idi. Onun ürəyinin divarında yalnız bir şəkil asılmışdı.
Hema Malini evli bir kişini sevdiyi üçün vicdan əzabı çəkirdi. Ancaq bu sevgisiz yaşaya bilməyəcəyini də anlayırdı. Hema onun yanında xoşbəxt olduğunu, ürəkdən güldüyünü deyir, Dharmendranın ona qarşı olan münasibətini hətta ən müqəddəs varlığı hesab edirdi.
Ggünlərin bir günü Dharmendra Hemadan soruşur:
- Məni sevirsən?
Belə ani sual qarşısında aciz qalan Hema nə deyəcəyini bilmir. Sualdan yayınmağa çalışır.
- Mən ancaq ərə gedəcəyim adamı sevə bilərəm.
- Bu cavab deyil.
- Mənim başqa cavabım yoxdur.
Ancaq bu dialoqun ömrü uzun çəkmədi. Hema tezliklə onu sevdiyini etiraf etdi. Təbii ki, bu etirafdan ən çox əziyyət çəkən hər iki tərəfin ailəsi oldu. Bir tərəfdə ərini itirmək istəməyən qadın, digər tərəfdə isə qızın bu sevgisinin qarşısında aciz qalan ata.
Hema isə inadla deyirdi: "Mən çox çalışdım, Dharmendradan əl çəkim. İnsan qəsdən sevmir ki... Bu, sadəcə baş verir. Tale belə gətirir. Biz bir-birimizə söz vermədik, gələcəyimiz haqda arzular qurmadıq. Mən yalnız onu bilirdim ki, onun yanında xoşbəxtəm. Elə mən də xoşbəxt olmaqdan başqa heç nə istəmirdim".
Qızı haqda yaranan söz-söhbətləri ürəyi götürməyən ata 1978-ci ildə infarktdan ölür. Hemanın əli-qolu açılır. Dharmendra nə edəcəyini, necə qərar verəcəyini bilmirdi. O, arvadından ayrılmaq istəmir, amma Hemasız da yaşaya bilməyəcəyini anlayırdı. Lakin induizm qanunlarında görə çoxarvadlılıq yolverilməz hal idi. Dharmendra uzun-uzadı əziyyətdən sonra evlilik üçün brahmanın icazəsini alır. Nəhayət 1980-ci ildə Hema və Dharmendra rəsmi nikah bağladı. Toy yalnız bir neçə yaxın dost və qohumların əhatəsində gizli şəkildə keçirildi. Mətbuat bu nikah barədə toydan iki gün sonra xəbər tutdu.
"Mən heç vaxt şikayət etmədim, kədərlənmədim. Dharmendra hələ də mənə ilk günkü kimi böyük sevgi və hörmətlə baxır. Mən onun yanında özümü həmişə əvəzolunmaz kimi hiss edirəm."
Onlar evlənəndən sonra bir çox aktrisalar sevindi ki, Hemanın başı ailəyə qarışar və kinodan uzaqlaşar Lakin birinci qızı Eşa doğulandan sonra aktrisa məşhur "Raziyə sultan" filminə çəkildi. Bununla da qadın həmkarlarının xəyalları suya düşdü. Aradan bir müddət keçəndən sonra cütlüyün ikinci qızı Ahana doğuldu. Ancaq aktrisa karyerasını yenə də uğurla davam etdirdi. Üstəlik 2000-ci illərdən başlayaraq, əri ilə birgə hətta siyasətlə məşğul olmağa başladılar. Hazırda Hemanın "Hema Malini Cretainos" şirkəti fəaliyyət göstərir. Qızı Eşa və Dharmendranın birinci evliliyindən olan iki oğlu Bobbi Deol və Sanni Deol da Hindistanın məşhur aktyorları sırasındadırlar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş