Mursi tərəfdarları ABŞ bayrağını yandırıblar (Video)
Misirin paytaxtı Qahirədən ölkədə yaşanan qarşıdurmalarla əlaqədər dramatik görüntülər gəlməkdə davam edir. Bir tərəfdə hərbi çevriliş nəticəsində devrilən hökumət tərəfdarları ilə əleyhidarları arasında dava-dalaş baş verdiyi halda, digər tərəfdə qarşıdurmalarda ölənlərin dəfn mərasimi keçirilir.
Qarşıdurmalar nisbətən səngisə də, etirazlar səngimək bilməyib. Ölkənin ikinci ən böyük şəhəri olan İsgəndəriyyə də bir qrup Mursi tərəfdarı Amerika Birləşmiş Ştatları konsulluğu qarşısında toplaşaraq Ağ Ev rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.
Etirazçı: "Bura gəlmişik bildirək ki, Misirdə baş verənlər hərbi çevriliş deyil, bu xalqın terrorizmə və Amerikaya qarşı iradəsidir. Biz ölkəmizin azad olmasını istəyirik. Heç bir xarici qüvvənin Misirə müdaxilə etməyə haqqı yoxdur".
Sosial şəbəkələrdə isə, bir qədər əvvəl ölkədə yaşanan qarşıdurmaların dəhşətli görüntüləri yayımlanıb. Videogörüntülərdə Məhəmməd Mursi tərəfdarları ilə ordu qüvvələri arasında yaşanan qarşıdurma zamanı iki gəncin binanın üzərindən yerə atılması öz əksini tapıb. Sinay yarımadasından isə, daha bir ölüm xəbəri gəlib. Yerli mediyanın verdiyi məlumata görə, xristian dini mənsəbli ölkə vətəndaşı güllələnərək öldürülüb. Lakin cinayətin siyasi böhranla əlaqədər olub-olmaması isə məlum deyil.
Bu arada, ölkənin müvəqqəti rəhbərliyi bir qədər əvvəl xarici mediyada Məhəmməd əl-Bəradeinin ölkənin baş naziri vəzifəsinə təyin edilməsi xəbərlərini təkzib edib. Rəsmilərin sözlərinə görə, hazırda bu barədə müzakirələr aparılır. Ümumiyətlə isə, Əl-Bəradei yeni hökumətin başçısı vəzifəsinə ən real namizəd hesab edilir.
Qeyd edək ki, Nobel mükafatı laureatı olan Əlbəradei uzun müddət Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti agentliyinin sədri olub. O, sabiq prezident Hüsnü Mübarək dönəmində müxalifətə rəhbərlik edib.
mənbə : anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş