Arvadına boşanmaya razılıq verməsi üçün yalvardı... (Foto, Video)
1915-ci ilin 12 dekabrında italiyalı emiqrantların ailəsində gələcək ulduz dünyaya gəlir – Frenk Sinatra, tam adı Frensis Albert Sinatra, amerikalı aktyor və müğənni... Ulduz övladın hər iki valideyni əslən italiyalı idi - anası Genuyadan, atası isə Siciliyadan...
Siciliyadan söz düşmüşkən, Frenk Sinatranın italyan mafiyası ilə sıx əlaqədə olması barədə daim mülahizələr irəli sürülür və Mario Pyuzonun məşhur "Xaç Atası"nda müğənni Conni obrazının əslində Frenkin prototipi olduğu iddia olunur.
Frenk heç də sakit uşaq deyildi, bu səbəbdən məktəb onun "dəcəlliklərinə dözmür"və o, məktəbdən xaric olunur. Anası Frenki qəzetlərin birinə kuryer düzəldir, lakin sözə baxmayan oğul bu dəfə də ananın üzünü qara edir, işdən qovulur. Frenkin yeganə qovulmadığı aləm musiqi olur... Burada onu yalnız uğur gözləyirdi.
Gənc italiyalı 13 yaşında ikən artıq müxtəlif klub və barlarda ifa edir, 1939-cu ildən isə Tommi Dorsinin orkestrində çalışmağa başlayır.
Bu zaman ərzində Frenkin kifayət qədər pərəstişkar ordusu yaranmışdı, nəzərə alsaq ki, Sinatra qadınları sevirdi, özü də çox...
Buna görə o, Djersi-Sitinin sakini gözəl Nensi Barbatoya aşiq olmaya bilməzdi, bu namizəd Frenkin anasının ürəyindən olur – utancaq, tərbiyəli, həm də gözəl qız italiyalı ananın fikrincə oğlu Frenk üçün gözəl namizəd olardı... Ananın səyləri nəticəsində Sinatra 18 yaşlı Nensi ilə 1939-cu ildə evlənirlər. Artıq bir ildən sonra qızları Sandra doğulur.
Bu ərəfədə Frens Sinatranın yaradıcılıq uğurları durmadan artırdı. 1941-ci ildə Frenk Sinatra ilin ən yaxşı müğənnisi seçilir. 1944-cü ildə ABŞ prezidenti Ruzvelt müğənnini çaya qonaq edir. Bu arada Frenk ailəsi ilə Kaliforniyada yerləşən malikanəyə köçür.
Lakin müğənni ailəsinin dağılması üçün əlindən gələni əsirgəmirdi, bunun üçün isə çox şey lazım deyildi, kişi gözü dağınıqlığı yetərdi, bu xüsusiyyətdən isə Sinatra əziyyət çəkmirdi. Merilin Monro ilə eşq macərasından xəbər tutan Nensi abort etmək və əri ilə münasibətlərə son qoymaq istəsə də, barışıq baş tutur, lakin bu barışıq Frenk kimi ərlə müvəqqəti ola bilərdi yalnız...
Üçuşaqlı ailə müğənninin sonsuz eşq macəraları ucbatından 1950-ci ildə dağılır.
Ancaq bu dəfə, deyəsən, səbəb təkcə qadın düşkünlüyü deyildi, Frenk, həqiqətən, aşiq olmuşdu, gözəl aktrisa Ava Qardnerə.
Sinatra həyat yoldaşı Nensinin qarşısında diz çökür, Avaya aşiq olduğunu və ona boşanmaya razılıq verməsi üçün yalvarır... Nəhayət, əhalinin, pressanın bütün narazılıqlarına baxmayaraq, Ava ilə Sinatra 1951-ci ildə evlənirlər...
Ancaq dəridən, qabıqdan çıxıb evlənən cütlüyün evlilik həyatı buna dəymədi... Avanın məşhurluğu yanında Frenk cılız idi, bunu da Ava Frenkə aşıq-aşkar hiss etdirirdi. Həm də bu aralar müğənninin səsində problemlər yaranmışdı. Ava bu çətin məqamda yoldaşının yanında olmur, səbəb isə, yəqin, bəllidir - o, Frenki kifayət qədər sevmirdi, demək...
1953-cü ildə cütlüyün nikahı sona çatır. Bu ayrılığı Frenk Sinatra ağır keçirir və hətta 1966-cı ildə üçüncü həyat yoldaşı gözəlçə Mia Ferrou ilə evlənəndə belə, Avanı düşünürdü... 50 yaşlı Frenk Sinatra ilə 20 yaşlı Mianın ailə həyatı uzun sürmür.
1976-cı ildə Frenk Sinatra dördüncü və sonuncu dəfə ailə həyatı qurur. Özündən 14 yaş cavan Barbara Marks sonuncu missis Sinatra olur.
Sinatra özünü kinoda da sınayır: "Qızıl əlli insan" (1955-ci il), "Ouşenin 11 dostu" (1960-ci il), "Dedektiv" (1968-ci il) filmlərində çəkilir.
1994-cü ildə Frenk Sinatra 78 yaşında sonuncu dəfə səhnəyə çıxır. 14 may 1998-ci ildə 82 yaşlı məşhur ürək tutmasından vəfat edir.
Səs-küylü həyat yaşayan müğənni musiqi sevərlərin idolu idi... Onun ifasında "My way", "New York", "Straingers in the night", "Summer wind" mahnıları melomanların ürəyində daim yaşayıb, yaşayacaq...
mənbə: publika.az



















BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










