Dil yarası
Atalarımız yaxşı deyib: "Dilim-dilim olasan, dilim".
Məşhur məsəlin məçhul qəhrəmanından demək olar ki, hamımızın xəbəri var ; Biri uzaqdan gələn dostunu evində qonaq saxlayır. Bir gün, iki gün, üç gün... Qonaq getmək bilmir ki, bilmir. Düz on beş gün dostunun evində qonaq qalır. On beşinci gün qonaq artıq getmək istədiyini bildirib, ev yiyəsini xəbərdar edir. Vidalaşdıqdan sonra elə atını mahmızalayıb yola düşmək istəyir ki, ev yiyəsi qonağın uzun müddət evində qalmasından narahat olsa da, iltifat göstərib, "Bir az da qalın, nə gözəl vaxt keçirirdik," deyir. Bu təklifdən xoşhal olan qonaq fürsəti əldən verməyib, "Lap yaxşı, bəs atı hara bağlayım," deyə soruşur. Dediyindən peşman olub əlacı kəsilən ev yiyəsi, "Ən yaxşısı, sən atını gətir mənim dilimə bağla" cavabını verir.
İki gün əvvəl dilimin düz ucundan bir yara çıxmışdı. Sanki dilim ağzıma sığmırdı. Su içən kimi ağrıyır, yemək yeyə bilmirdim, ağzımı açıb nəfəs alanda belə sızıldayırdı. Hətta danışanda çətinlik çəkirdim. Bu ağrılara dözə bilmir, biri ilə danışdıqda qısa konkret cümlələr qururdum. Nə yediyimdən dad ala bilirdim, nə də içdiyimdən. Yediyim, içdiyim mənə zəhər olmuşdu. Can sağlığının insan üçün nə qədər əvəzolunmaz nemət olduğunu dərindən hiss edir, yaşayır və dərk edirdim. Zahiri baxışda məsələ insana çox bəsit görünə bilər. Yəni adi kiçik bir yara. Lakin yara çox kiçikdir, amma çıxdığı yer çox həssas idi. Eyni böyüklükdə olan bir yara bədənimizin hər hansı bir yerində çıxmış olsa, o qədər də əhəmiyyət vermərik. Amma dildə olduğuna görə vəziyyət başqa idi. Verdiyi ağrı daha şiddətli və daha təsirli olur.
Dil beyin tərəfindən kamil formaya salınan fikirlərin əmələ gəlməsində iştirak etdiyi kimi, qəlbin hiss etdiyi duyğuları da ifadə edir. Belə olduğundan, insanlar arasında ünsiyyətin təməlini də dil təşkil edir. Dilimdən çıxan bu zahiri yara bir tərəfdən mənə acı hissi yaşadır, digər tərəfdən də məni mövzunun batininə çəkib aparırdı. Əslində, məni daxili aləmimə yönləndirib, özümlə hesablaşmağa vasitə oldu. Necə ki, yaralı bir dillə nemətlərin dadını almaq olmur, eynilə sağlam olmayan, mənən yaralı bir dillə müsbət ünsiyyət qurmaq da mümkün deyil. Hər bir yaralı dildən çıxan mənfi ifadələr, qarşımızdakı insanın qəlbinə toxunub, orada böyük yaralar aça bilər.
"Min düşün bir söylə", əsl yerinə düşən bir yanaşma tərzi deyilmi... Həssas ruhlu insanların, elə şüarı da budur. Taleh üzümüzə gülüb ki, bu qədər həssas bir mədəniyyətin sələfləriyik. Müsafirləri ən gözəl yeməklərə qonaq etdikdən sonra, diş kirası (yeməkdən sonra qonağı hədiyyələrlə yola salmaq) verəcək qədər incə ruha sahib olub bizim əcdadlarımız. Buna görə də, bizə nəzakət və zəriflikdən qeyrisi yaraşmadığı kimi, bu incə hislərdən yoxsulluq da, babalarımızın mirasına naxələflik etmək deyilmi? Günümüzdə bu həssaslığa fikir verməyən insanların çoxalması kədərləndirici haldır. Belə halda nə qədər gözəlliklərdən məhrum qalır, bir anda üstündən qara xətt çəkirik...
Hətta çox əhəmiyyəti olmayan məsələlərdə, dünyalara sığmayan dostluğumuzu belə necə də tez zədələyirik. Kim bilir, gün ərzində neçə-neçə insanın qəlbində yaralar açırıq... " Əgər bir könül yıxdınsa, bu qıldığın namaz deyil" söyləyən könül insanı Yunus Əmrənin dediyinin əksinə, arxamızda yıxılmış könüllər miras qoyuruq. Əcdadlarımızın onlara qarşı düşmən münasibət bəsləyən insanlarla necə mülayim və nəzakətlə rəftar etdiklərini, hər bir sözlərinə "filan bəy, filan bəyəfəndi" deyə başladıqlarını nə tez unuduruq?
Duyğu və düşüncələrimizin vurğunu olduğumuz qədər, üslubumuzun da ustası olmalı deyilikmi? Şirin sözün, ilanı belə yuvasından çıxardığını bilə-bilə, bizlər acı sözlərlə kimlərə xitab etməyə çalışırıq. Bəlkə, bizi dinləyənlərin məxluqatın əşrəfi olduğunu da bilmirik? Və yaxud əsəblərimizə, nəfsani duyğu və düşüncələrimizə məhkum olmuşuq. Əslində, Allah Rəsulu: "Əsl pəhləvan, güləşdə rəqibinə qalib gələn deyil, hirsləndikdə səbr edib, əsəblərini cilovlayandır," demirmi?
Bu kimi sualların sayını çoxaldıb, nəfsimizlə haqq-hesabı daha da dərinləşdirə bilərik. Qəlblərdə açılmış yaraları sarımağa, yenidən bir daha məsələnin əhəmiyyəti nisbətində əxlaq və dəyərlərimizə qarşı olan həssaslığımızı yeniləməyə sözünüz nədir?
Gəlin, gecikmədən bir daha söz verək ki, dilimizə hakim olub, nəzakətimizi yenidən cilalayacaq, səy və qeyrətimizi könüllər yaralamağa deyil, könüllər sevindirməyə sərf edəcəyik. Bir kərə daha dürr tökülsün dodaqlarımızdan. Hamımız bir yerdə çarə tapaq yaralarımıza. Çünki dil yarası başqa yaralara bənzəməz. Çətin sağalır dil yarası. Dilimizdən çıxan yaralar, bəlkə bir neçə günün içində sağalacaq. Bəs batini yaralar... Təəssüf ki, onlar asanlıqla sağalmır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










