Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirən bir gündür.
Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu hadisə rayon əhalisinin həyatında ağır və faciəli mərhələnin başlanğıcı olmuşdur. Minlərlə insan doğma evini, ata-baba yurdunu, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qalmışdır.
İşğal dövründə Qubadlının yaşayış məntəqələri, sosial infrastrukturu və mədəni irsi ciddi zərər görmüşdür. İnsanların doğma torpaqlarından didərgin düşməsi yalnız maddi itkilərlə məhdudlaşmadı, həmçinin, nəsillərin öz tarixi məkanından uzaq düşməsinə və böyük mənəvi sarsıntılara səbəb olmuşdur.
Azərbaycan dövləti və xalqı üçün işğal altındakı torpaqların azad edilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin olunması və ölkənin ərazi bütövlüyünün bərpası hər zaman əsas milli prioritetlərdən idi. Belə ki, 2020-ci il Azərbaycan tarixində böyük hərbi-siyasi qələbə ilə yadda qalan il oldu. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Müharibənin gedişində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirərək işğal altındakı əraziləri azad etdi. Nəhayət, oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bu əməliyyatların mühüm nəticələrindən biri oldu. Qubadlı şəhərinin azad edilməsi təkcə hərbi uğur deyil, həm də milli iradənin, tarixi ədalətin və dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi. Bu qələbə Azərbaycanın işğalla barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müdafiə potensialının gücləndirilməsi və dövlətin milli təhlükəsizlik strategiyasının həyata keçirilməsi qələbənin mühüm əsaslarını formalaşdırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi müəyyən edilmişdir. Bu qərar Qubadlı şəhərinin azad olunmasının tarixi əhəmiyyətinin dövlət səviyyəsində qeyd edilməsi, Vətən müharibəsində qazanılmış Zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri həyata keçirir. Bu tədbirlər yaşayış məntəqələrinin bərpasını, yol və nəqliyyat infrastrukturunun qurulmasını, elektrik enerjisi, su və digər kommunal xidmətlərin təmin edilməsini, sosial obyektlərin yaradılmasını və iqtisadi fəaliyyətin canlandırılmasını əhatə edir. Qubadlının gələcək inkişafı üçün müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və dayanıqlı iqtisadi modelin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qubadlı rayonu tarixən Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus yer tutmuşdur. Rayonun kəndləri, tarixi abidələri, yaşayış məskənləri və təbii gözəllikləri Azərbaycan xalqının zəngin irsinin mühüm tərkib hissəsidir. Yenidənqurmanın sürətinə görə bu ərazilərdə görülən işlər xüsusilə əhəmiyyətə malikdir. Şərqi Zəngəzurun iqtisadiyyatı 2020-ci ildən bəri 30 dəfədən çox böyüyərək Azərbaycanın digər iqtisadi rayonlarına ilə birgə inkişafı sürətləndmiş, bu isə işğaldan azad olunmuş ərazilərin iqtisadi drayverə çevrilməsindən xəbər verir. İndiyədək yenidənqurma və bərpa işlərinə 26 milyard manatdan çox vəsait ayrılıb. Bu ərazilərdə bu gün 100 minə yaxın insan yaşayır, işləyir, təhsil alır.
Qubadlı həm də mühüm nəqliyyat və coğrafi mövqeyə malik ərazidir. Onun Zəngilan və Laçın istiqamətləri ilə əlaqəsi rayonun regional kommunikasiya və təhlükəsizlik baxımından əhəmiyyətini artırır. Qubadlının nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi və regionlararası iqtisadi əlaqələrin gücləndirilməsi yerli məhsulların bazarlara çıxışını asanlaşdıra, yeni iş yerlərinin yaranmasına və investisiya imkanlarının genişlənməsinə kömək edə bilər. Rayonun gələcək inkişafında müasir texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi, enerji səmərəliliyi və ekoloji cəhətdən məsuliyyətli istehsal üsulları da mühüm rol oynaya bilər.
Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. Bu məqsədlə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın müasir inkişaf tarixində xüsusi yer tutur.
Qubadlı sakinlərinin öz evlərinə qayıtması ailə bağlarının möhkəmlənməsi, milli-mənəvi ənənələrin yaşadılması və yerli icmaların yenidən formalaşması deməkdir. Doğma torpağa qayıdış uzun illər həsrət çəkmiş insanların həyatında yeni bir səhifənin açılmasıdır. Bu proses həm də tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gələcək nəsillərin öz kökləri ilə daha sıx bağlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və hərbçilərimizin əzmi hesabına qazanılan bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








