Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağlı qrupların, ayrı-ayrı şəxslərin və media subyektlərinin manipulyativ məlumatlar yayması, açıq təhdid və təhqir ritorikasından istifadə etməsi iki ölkə arasında münasibətlərdə gərginlik yaratmışdı. Hətta bu kampaniya müəyyən mənada hələ də davam edir.
Azərbaycan tərəfinin Türkiyədən belə bir zəng gözləməsi və məsələyə aydınlıq gətirilməsini istəməsi başadüşüləndir. Təsadüfi deyil ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Rəsmi açıqlamada bu barədə məlumat verilməsə də, son hadisələrin liderlər arasında müzakirə olunduğu ehtimalı istisna edilmir. Telefon danışığının təfərrüatları məlum olmasa da, Ərdoğanın İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət etməsi iki məqamdan xəbər verə bilər.
Birincisi, mövcud vəziyyət daha geniş və əhatəli ikitərəfli müzakirələrə ehtiyac olduğunu göstərir.
İkincisi, Ankara-Bakı xəttində yaranan gərginlik yalnız iki ölkə ilə məhdudlaşmır, TDT daxilində də narahatlıq yarada bilər. Çünki təşkilatın strateji qərarlarının və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində Ankara ilə Bakının ortaq mövqeyi mühüm əhəmiyyət daşıyır.
Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə telefon zəngi, şübhəsiz ki, müsbət və əhəmiyyətli addımdır. Lakin bu danışıq son həftələrdə Türkiyədə Azərbaycana qarşı aparıldığı iddia edilən kampaniyanın yaratdığı narahatlığı aradan qaldırmır, eyni zamanda cavabsız suallara da aydınlıq gətirmir. Əksinə, dövlət başçıları münasibətlərin daha da inkişaf etdirilməsinə dair əminlik ifadə etsələr də, həmin münasibətlərə kölgə salan hadisələrin səbəbləri və onların qarşısının niyə vaxtında alınmadığı ilə bağlı suallar açıq qalır.
Məsələ ondadır ki, sentyabrın sonlarından etibarən Türkiyədə Azərbaycana qarşı genişlənən kampaniya çərçivəsində dövlətimizə, xalqımıza və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirilib. Ankarada və İstanbulda Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında altı aksiyanın keçirilməsi prosesin yalnız sosial şəbəkələrdəki mübahisələrlə məhdudlaşmadığını göstərib. Baş verənlər Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradıb.
Kampaniyanın AKP tərəfindən, yaxud partiyanın daxilində və ətrafında fəaliyyət göstərən bəzi qruplar tərəfindən təşkil edilməsi ehtimalı məsələnin siyasi əhəmiyyətini daha da artırır. Əgər hakim partiyanın və ya ona yaxın çevrələrin nümayəndələri Azərbaycan əleyhinə belə bir prosesdə iştirak ediblərsə, onların məqsədləri və bu fəaliyyətin hansı maraqlara xidmət etdiyi araşdırılmalıdır.
Xüsusilə kampaniyada adı hallanan Saralın və digər şəxslərin roluna aydınlıq gətirilməlidir. Kimlərin bu prosesdə iştirak etdiyi, hansı addımları atdığı və onların arxasında hansı niyyətlərin dayandığı müəyyənləşdirilməlidir.
Digər mühüm məsələ Türkiyə dövlətinin baş verənlərə niyə vaxtında müdaxilə etməməsidir. Kampaniyanın genişləndiyi, Azərbaycan rəhbərliyinə qarşı təhqirlərin artdığı və diplomatik nümayəndəliklərimizin qarşısında aksiyaların keçirildiyi bir vaxtda Ankara daha aydın mövqe ortaya qoya bilməzdimi? İki ölkə arasındakı münasibətlərə zərər vurulmasının qarşısını almaq üçün daha erkən addımlar atmaq mümkün deyildimi?
Bu suallar yaranı təzələmək və ya Ərdoğanın telefon zənginin əhəmiyyətini azaltmaq məqsədi daşımır. Əksinə, əgər iki ölkə strateji tərəfdaş, dost, qardaş və müttəfiqdirsə, bu suallara aydınlıq gətirilməlidir. Münasibətlərin yüksək səviyyədə olması böhran yarandıqda susmağın və ya gec reaksiya verməyin nəticəsiz qalacağı demək deyil. Bəzən vaxtında verilən siyasi mesaj sonradan münasibətləri bərpa etmək üçün göstərilən səylərdən daha təsirli olur.
Türkiyədə hər kəsin Azərbaycanla bağlı eyni mövqedə olmadığını da nəzərə almaq lazımdır. Qəbul edilən qərarların hamı tərəfindən birmənalı qarşılanması mümkün deyil. Siyasi tənqid və fikir ayrılığı istənilən cəmiyyət üçün təbii haldır. Lakin siyasi mübahisənin dövlətə, xalqa və ölkə rəhbərliyinə qarşı təhqirlərə çevrilməsi tamamilə başqa məsələdir.
Bu hadisələr fonunda bir şəxsin açıqlamaları və sərgilədiyi mövqe xüsusi diqqətimi çəkdi. Söhbət MHP sədri Dövlət Baxçalıdan gedir. Baxçalı məsələyə yaşına, təcrübəsinə və siyasi statusuna uyğun müdrikliklə yanaşaraq uzlaşdırıcı mövqe nümayiş etdirdi. O, baş verənlərin yalnız Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliklə məhdudlaşmayaraq TDT-yə də təsir göstərə biləcəyinə diqqət çəkdi.
Subyektiv qənaətim belədir ki, Ərdoğanın İlham Əliyevə telefon zənginin arxasında Baxçalının da müəyyən rolu ola bilər. Mövcud şəraitdə AKP-nin MHP ilə münasibətlərində ciddi fikir ayrılığının yaranmasında maraqlı olmayacağı ehtimalı da nəzərə alınmalıdır.
Baxçalının yanaşması, eyni zamanda, Türkiyədə sekulyar çevrələrin, millətçilərin və müxtəlif ictimai qrupların Azərbaycana qarşı aparılan kampaniyanı dəstəkləmədiyini, əksinə, ona qarşı çıxdığını göstərir.
Müşahidələrim əsasında belə qənaətə gəlirəm ki, qeyd etdiyim çevrələr Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin pozulmasından narahatdırlar.
Hesab edirəm ki, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyanın yaratdığı incikliyi yalnız bir telefon danışığı ilə aradan qaldırmaq mümkün deyil. Baş verənlərə aydın münasibət bildirilməli, səsləndirilən iddialar araşdırılmalı və gələcəkdə oxşar halların qarşısını almaq üçün siyasi iradə nümayiş etdirilməlidir. Əks halda, bu hadisələr iki ölkə arasında hər yeni gərginlik yarananda yenidən gündəmə gətiriləcək və münasibətlərə təsir göstərməkdə davam edəcək.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









