Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalından asılı olan ölkələr üçün ciddi problemlər yaradır. Asiya ölkələri ilə yanaşı, Avropanın da böhrandan əhəmiyyətli dərəcədə təsirlənəcəyi gözlənilir. Mövcud vəziyyətin uzun müddət davam etməsi qlobal iqtisadiyyatda daha genişmiqyaslı böhran riskini artıra bilər. Bəs bu gərginliyin dünya iqtisadiyyatına təsiri nə qədər ciddi ola bilər və ən böyük zərər hansı ölkələrdə hiss olunacaq?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, belə bir böhran artıq səkkiz aya yaxındır davam edir:
"Neftin qiyməti də getdikcə yüksəlməkdədir. Belə ki, "Brent" markalı neftin bir barrelinin qiyməti artıq 110 dollara çatıb. Bu, İrana hərbi müdaxilədən əvvəlki qiymətin təxminən iki misli deməkdir. Enerji qiymətlərinin bu səviyyədə artması bütün sahələrdə məhsulların, ticarət mallarının, o cümlədən ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Çünki daşımaların hamısı enerji daşıyıcılarından asılıdır. Bundan əlavə, Hörmüz boğazının bağlanması neft tədarükü ilə yanaşı, qaz təchizatında da ciddi fasilələr yaradıb. Bu da qiymətlərin süni şəkildə artmasına gətirib çıxarır. Hələlik proses qismən də olsa idarəolunan xarakter daşıyır. Belə ki, İran Hörmüz boğazını tamamilə bağladığını iddia etsə də, hər gün ABŞ-nin nəzarəti altında on milyonlarla barrel neftin tankerlərlə Oman marşrutu vasitəsilə boğazdan keçirilməsinə davam edilir. Doğrudur, bu istiqamətdə də problemlər mövcuddur. İran sualtı qayıqlar vasitəsilə minalar yerləşdirir və gəmilər, tankerlər həmin minalara toxunaraq ciddi zərər görürlər. Bununla yanaşı, İran bəzən dronlar və raketlərlə hücumlar həyata keçirir ki, bu da ticarət gəmilərinin yanmasına, hətta batmasına səbəb olur. Ancaq bütün bunlara baxmayaraq, Hörmüz boğazı tamamilə bağlı deyil".
Müsahibimiz əlavə edib ki, ticarət dəhlizinin bağlanması tədarük zəncirlərində və ticarətdə ciddi problemlər yaradıb:
"Bu vəziyyət məhsulların, o cümlədən ticarət mallarının vaxtında çatdırılmasına mane olur və qiymətlərin artmasına gətirib çıxarır. Nəticədə isə hər bir ölkədə insanların cibinə zərər dəyir. Bu vəziyyət İranın özünə də təsir edir. Bu gün İran ticarət məhsullarını, demək olar ki, dünya bazarlarına çıxara bilmir. Çünki dənizdə ABŞ tərəfindən tətbiq olunan çox ciddi blokada mövcuddur. İran yalnız Xəzər dənizi vasitəsilə Rusiyanın yardımı ilə müəyyən həcmdə ticarət apara, eləcə də quru yolları ilə qismən ticarət edə bilir. Ancaq bütövlükdə, xüsusilə də İran büdcəsinin yarısından çoxunu təşkil edən enerji daşıyıcılarını, o cümlədən nefti sata bilmir. Göründüyü kimi, bu vəziyyət İranın özünə də ciddi zərbə vurur. Ancaq İranın "mən batıramsa, hər kəs batsın" prinsipi ilə çıxış etməsi iqtisadi böhranın davam etməsinə səbəb olur. Bu prosesdə əsas zərər görən ölkələrdən biri də həmin ticarət dəhlizindən istifadə edən dövlətlərdir. Buraya Asiya, xüsusilə də Cənub-Şərqi Asiya ölkələri daxildir. Digər tərəfdən, Qətərin və Körfəz ölkələrinin neft və qazının məhz bu boğaz vasitəsilə Avropaya daşınması da problemə çevrilib. Bu vəziyyət Avropa ölkələrinin büdcələrinə ciddi zərər vurur".
Politoloq vurğulayıb ki, süni qiymət artımları enerji daşıyıcılarının dəfələrlə baha qiymətə alınmasına şərait yaradır ki, bu da Avropa İttifaqının büdcəsini zəiflədir:
"Lakin ümumilikdə bu, bütün dünyaya təsir edəcək amildir. Heç bir ölkə bu vəziyyətdən sığortalanmayıb. Çünki tədarük və ticarət zəncirləri ciddi risk altındadır. Məhsulların daşınması zamanı daha uzun məsafələr qət olunur, eyni zamanda, onların təchizatında vaxt itkisi yaranır. Enerji qiymətlərinin yüksəlməsi daşınma xərclərini də artırır. Bütün bunlar isə ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Azərbaycanda da vəziyyət eynidir. Hər gün istənilən ərzaq və ya digər məhsulun növbəti gün daha baha qiymətə satıldığını müşahidə etmək mümkündür. Yəni bu prosesdən zərər görməyən dövlət mövcud deyil. Ona görə də qlobal güclər və ayrı-ayrı dövlətlər bir araya gələrək, ciddi siyasi iradə ortaya qoymalı və bu münaqişələrin həllini təmin etməlidirlər. Təəssüf ki, hələ də bir çox güc mərkəzləri prosesləri kənardan müşahidə etməklə kifayətlənirlər. Bunun səbəblərindən biri də həmin güc mərkəzlərinin bu vəziyyətdən özlərinin də mənfi mənada pay almasıdır. Vaxtında ciddi addımlar atılsaydı və çəkindirici tədbirlər görülsəydi, bu cür münaqişələrin uzun müddət davam etməsinin qarşısını almaq mümkün olardı. Beləliklə, heç bir ölkə bu prosesdən indiki qədər zərər görməzdi".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










